Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Bölgə xəbərləri

 

Ağcabədidə "Xocalı həftəsi" aksiyasına minlərlə gənc qoşulub 

Böyütmək üçün seçinAğcabədi Rayon Təhsil Şöbəsindən  verilən məlumata görə,  fevralın 20-dən başlayan "Xocalı həftəsi" aksiyasına minlərlə gənc qoşulub. Keçirilən aksiya çərçivəsində gənc nəslə Xocalı soyqırımı haqqında dolğun məlumatlar verilir, sənədli filmlər nümayiş etdirilir, təbliğat xarakterli materiallar paylanır.

Rayonun Şərəfxanlı kənd tam orta məktəbində keçirilən növbəti tədbirdə çıxış edənlər XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı, dinc əhaliyə qarşı törədilən genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı bəhs edib, gəncləri düşmənə qarşı mübarizəyə səfərbər olmağa çağırıblar. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda tədbir iştirakçıları Xocalı şəhidlərinin kənd ərazisindəki məzarlığını ziyarət ediblər.


Bərdədə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib 

Bərdə  Rayon Təhsil Şöbəsindən  bildirilir ki,  rayon ictimaiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin, təhsil işçilərinin, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbirdə əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub.

Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov və başqaları çıxış edərək narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin gələcək nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, buna qarşı aparılan mübarizə tədbirlərindən ətraflı söhbət açıblar. Bildirilib ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən olan narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə profilaktik tədbirlərə geniş yer verilməli, bu bəlaya qarşı hamılıqla mübarizə aparılmalıdır. Belə tədbirlərin keçirilməsinin də əsas məqsədi bu istiqamətdə gəncləri maarifləndirmək, onlar arasında kütləvi izahat işlərini gücləndirməkdir.

Sonda narkomaniya ilə bağlı məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Yeniyetmə və gənclər maarifləndirilir 

Kürdəmir rayonunun  E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində   rayon icra hakimiyyəti,  polis  və təhsil şöbələrinin birgə təşkilatçılığı ilə "Erkən nikah və narkomaniyaya yox deyək"  mövzusunda  tədbir keçirilib.  Rayon təhsil şöbəsindən aldığımız məlumatda  bildirilir ki, tədbirdə  Qarasu və Z.Əhmədov adına Şilyan kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər. Maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkən nikah və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Çıxış edənlər erkən nikahın yaratdığı problemlər, narkomaniya və psixotrop maddələrin fəsadlarından danışıblar. Bildirilib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.

Qeyd olunub ki, uşaq və yeniyetmələrlə iş ailədən başlanmalı, təhsillə davam etdirilməlidir. Gənc nəsildə vətənpərvərlik hissləri və digər müsbət meyillər uşaq yaşlarından aşılanmalıdır. Gənclərlə belə mövzularda maarifləndirici tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər daha tez təsir altına düşürlər. Ona görə də gəncləri mənfi təsirlərdən qorumaq, onları düzgün yola istiqamətləndirmək lazımdır.           


Məktəblərin maddi-texniki bazası gücləndirilir 

Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli  tam orta məktəbin fizika müəllimi, 5-ci "Elektron təhsil" müsabiqəsinin  qalibi Aliyə Əhmədova tərəfindən redaksiyamıza göndərilən məktubda  bildirilir ki, XXI əsr texnologiya əsridir və bu dövrdə texnoloji yeniliklərdən uzaq durmaq mümkün deyildir. Qloballaşma prosesində  dünya ölkələrinin birində  baş verən ixtiyari elmi-texnoloji innovasiyalar tezliklə bütün dünya insanlarına xidmət etmək üçün təqdim olunur. Bu baxımdan Edumedia-Azərbaycan Təşkilatı beynəlxalq səviyyədə təcrübədən keçmiş yeni elmi - texnoloji avadanlıqların Azərbaycan tədris sistemində tətbiq edilməsində böyük rol oynayan şirkətdir.  Məhz bu şirkət  Promethean Aktiv Lövhə markasını Azərbaycana gətirib və geniş müəllim heyətinə təlimlər təşkil etməklə lövhələrin tədris prosesində aktiv istifadəsinə  nail ola bilmişdir. Şirkət Təhsil Nazirliyi tərəfindən də dəstəklənən  yeni layihəsinə start verib. Bu layihəyə əsasən dünyada elm fənləri kimi bilinən  fizika, kimya və biologiya  sahələri üçün nəzərdə tutulan,  şagird və müəllimlərə elmi təcrübələri sadə bir cihazın və proqram təminatının köməkliyi ilə əyani şəkildə müşahidə  və tədqiq etməyə imkan verən,  Globisens şirkətinin məhsulu olan Labdisc cihazı Azərbaycan məktəblərinin istifadəsinə veriləcək.

BioChem və PhysioGuide adlandırılan cihazların köməkliyi ilə 11 illik tədris sistemində şagirdlər müəllimlər tərəfindən əldə etdiyi nəzəri bilikləri bu cihazların bir neçə sensor düymələrinin köməkliyi ilə real müşahidəyə çevirmək fürsəti əldə edəcəklər. Cihazın və proqram təminatının müəllim və şagirdlər üçün bir çox istifadə rahatlığı, vaxta qənaət, təcrübələri heç bir israf olmadan təkrarən aparılma kimi mühüm üstünlükləri var. Edumedia-Azərbaycan Təşkilatı bu cihazlardan ən yüksək səviyyədə istifadəni təmin etmək üçün Globisens şirkətinin təlimçilərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 3 günlük  təlim təşkil edib. 

Təlimlərdə müəllimlər həm Labdisc cihazının funksiyaları, həm də proqram təminatı ilə tanış olub, onlardan istifadə qaydalarını mənimsəyiblər. Təlim keçmiş müəllimlərin 3 aylıq  onlayn sınaq müddətinin sonunda  Labdisc cihazları tədrislə məşğul olduqları təhsil müəssisələrində istifadə etmək məqsədilə müəllimlərə təqdim olunacaq və əlavə olaraq da proqram təminatı yüklənmiş  planşet veriləcək.


Məktəblilər ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər 

Böyütmək üçün seçinÜmummilli liderin zəngin irsinin öyrənilməsi məqsədilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün fevralın 23-də keçirilən növbəti "açıq dərs" "Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi" mövzusuna həsr olunub.

Zaqatala Rayon Təhsil Şöbəsindən göndərilən məlumata görə, tarix müəllimi Könül Əliyevanın tədris etdiyi dərsdə rayonun Qımır və Yengian kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

"Açıq dərs"də bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin demokratik dövlət quruculuğu prosesindəki rolu və xidmətlərindən ətraflı bəhs olunub.

Tədris prosesində şagirdlərə 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, Konstitusiyada bəşəri və milli-mənəvi dəyərlərin, demokratik prinsiplərin öz əksini tapması, demokratik seçki sistemi və onun həyata keçirilməsi ənənələrinin əsasının qoyulması kimi dolğun məlumatlar  verilib.

***

Beynəlxalq Ana dili günü münasibətilə Zaqatala rayonunun təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

Rayonun Suvagil kəndindəki 1 nömrəli tam orta məktəbdə keçirilən "Ana dilimizi sevək və öyrənək" mövzusunda tədbirdə dilimizin keçdiyi inkişaf mərhələsindən bəhs olunub, ana dilinin hər bir xalqın varlığını təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Gəncə məktəbliləri soyqırım qurbanlarının xatirəsini anıblar 

Böyütmək üçün seçinGəncə  Şəhər Təhsil İdarəsindən   verilən məlumata  görə, Xocalı faciəsinin 23-cü ildönümü şəhər məktəblərində silsilə tədbirlərlə qeyd edilib.

Şəhərdəki 37 nömrəli tam orta məktəbdə keçirilən anım tədbirində çıxış edənlər 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıda törətdikləri vəhşiliklərdən danışıblar. Bildirilib ki, yer üzündə Xocalı soyqırımından dəhşətli faciə olmayıb. Hətta körpə uşaqlara belə rəhm etməyən ermənilər bir gecədə 63 körpə və yeniyetmənin həyatına son qoyublar.

Tədbirdə şagirdlərin ifasında Xocalı soyqırımının dəhşətlərindən bəhs edən səhnəciklər göstərilib, şeirlər səsləndirilib.


Ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb 

Azərbaycan Dövlət Aqrar Universitetindən aldığımız məlumata görə, təhsil ocağında Xocalı soyqırımı   qurbanlarının  xatirəsi anılıb. Tədbir iştirakçıları əvvəlcə universitetdə keçirilən  rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Sonra müsabiqə qaliblərinə pul mükafatları təqdim olunub, universitet müəllimlərinin hazırladıqları "Xocalı soyqırımı" adlı kitabın təqdimatı keçirilib.

ADAU-nun rektoru İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif  Həmzəyev   və başqaları çıxış edərək Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və Xocalı soyqırımından danışıblar.

Sonda universitet tələbələrinin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilib.


"Nə?, Harada?, Nə zaman?" breyn-rinq yarışları keçirilib 

Şəmkir Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə,    rayondakı  "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rayon məktəblilərinin "Nə?, Harada?, Nə zaman?" breyn-rinq yarışları keçirilib. Yarışda Şəmkirin şəhər və kənd məktəbliləri ilə yanaşı müstəqil klubları təmsil edən 28 komanda iştirak edib. Maraqlı və gərgin şəraitdə keçən bilik yarışmasında birinci yerə "Kamillər", ikinci yerə "Düyərli", üçüncü yerə isə "Perect" komandaları çıxıb. Qaliblərə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, ilk üç yeri tutan komandalar region birinciliyinə vəsiqə qazanıblar.


Şagirdlər bədii kompozisiya  nümayiş etdiriblər 

Lerik Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı  geniş tədbir keçirilib.  Şöbənin müdiri Balaşirin Nəsirov  çıxış edərək  bildirib ki,  Xocalı faciəsi  Soyqırım aktı kimi insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub.

Tədbirdə təhsil şöbəsinin metodisti   Qafur Xosiyev  Xocalıda baş vermiş dəhşətli qətliamla bağlı çıxış edib. Sonra  şəhər 3 nömrəli  tam orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya  nümayiş etdiriblər, Xocalı şəhidlərinə həsr olunmuş şeirlər söyləyiblər.


Yuxarı sinif şagirdlərinin iştirakı ilə görüş 

Gədəbəy Rayon Təhsil Şöbəsindən bildirilir ki, rayonun orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə  "Gəncliyimizi qoruyaq!" mövzusunda keçirilən görüşdə narkomaniyanın və digər zərərli vərdişlərin fəsadlarından danışılıb, cəmiyyəti narahat edən bir sıra problemlərə toxunulub.  Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin insan həyatına mənfi təsirindən, eləcə də erkən nikahların yaratdığı problemlərdən bəhs edilib.

Bildirilib ki, Gədəbəy rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır. Nəticədə ötən il bu sahədə cəmi iki fakt qeydə alınıb. Məktəblilər arasında keçirilən "Narkomaniya əsrin bəlasıdır" mövzusunda  inşa yazı müsabiqəsinin, eləcə də müxtəlif idman və bilik yarışlarının zərərli vərdişlərlə mübarizədə böyük səmərə verdiyi bildirilib.


Beynəlxalq Ana Dili Günü qeyd olunub 

İsmayıllı rayonunda Beynəlxalq Ana Dili Günü münasibətilə  tədbir keçirilib. Rayon təhsil şöbəsinin metodisti Rəna Mirzəliyevanın redaksiyamıza  göndərdiyi məktubda bildirilir ki, əvvəlcə "Dilimizi sevək və sevdirək" mahnısı oxunub. Aparıcılar UNESCO təşkilatı  tərəfindən ana dilinin beynəlxalq  səviyyədə qeyd edilməsini nəzərdə tutan günün təsis edilməsini çox böyük sevgi ilə vurğulayıblar. Sonra  Azərbaycan dilinin   inkişafında  ümummilli lider  Heydər Əliyevin  misilsiz  xidmətləri  slaydlar vasitəsi ilə izlənilib. Uzaq-uzaq  əsrlərin dərin qatlarından abi-həyat kimi süzülüb gələn, ulularımızın qəhrəmanlığı, adət-ənənələri əks olunan elimizin gur çeşməsi, zülmətləri işıqlandıran nur qaynağı, ulu "Dədə Qorqud" dastanlarında, həm xalq, həm də ustad sənətkarlarımızın yaradıcılığında öz gözəlliyi, şeiriyyəti, yeni məna çalarları  və ahəngdarlığı ilə üzə çıxan dilimizin  inkişaf tarixi rəngarəng vasitələrlə çatdırılıb. Şagirdlərin  söylədikləri maraqlı və məzmunlu şeirlər, oxuduqları rəngarəng mahnılar tədbir  iştirakçıları  tərəfindən    maraqla  qarşılanıb. Şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiya  dilimizin qədim tarixə malik olmasından  və zənginliyindən  xəbər verirdi.   


Müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr verilib 

Tərtər Rayon Təhsil Şöbəsi tərəfindən verilən məlumata görə  rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında "Xocalı soyqırımı qan yaddaşımızdır" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə şəhər 2 nömrəli məktəb-liseydə keçirilib. 44 ümumtəhsil məktəbindən 50 şagirdin iştirak etdiyi yekun mərhələnin nəticəsinə görə şəhər 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Nərmin İbrahimli birinci, Hacıqərvənd kənd tam orta məktəbinin IX sinif şagirdi Sona Məmmədli ikinci, şəhər 1 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Maya Abdullazadə üçüncü yerə layiq görülüblər.

Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr verilib.

 Səhifəni hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov