Sahildən 32 km məsafədə yerləşən Çilov adasına
səyahət
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
n.rahimov@muallim.edu.az
Çilov adası
Bakının Pirallahı rayonunun
ərazisində, Xəzər sahillərindən 32 kilometr
məsafədə yerləşir. Əhalisi 1694 nəfər, ərazisi
11.4 kv kilometrdir. Sakinlərin əksəriyyəti neft
və qazçıxarma idarəsində çalışanlardır. Yaşayış
məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə
statusu verilib. Qəsəbədə 1 məktəb, 1 uşaq
bağçası, 1 tibbi stasionar məntəqə fəaliyyət
göstərir. Son bir neçə ildə adada ciddi abadlıq
və yaşıllaşdırma işləri aparılıb. 35 min ağac,
500 qızılgül kolu əkilib.
Xəzər dənizində yerləşən Çilov adası
haqqında qısa məlumatım olsa da, bu adanı
görmək, orada davam edən qızğın həyatı müşahidə
etmək çoxdankı arzum idi. Məni bu adada ən çox
maraqlandıran isə Xəzərin ortasında, həmin bu
adada yerləşən məktəb və orada təhsilin
vəziyyəti idi. "Niyyətin hara, mənzilin ora"-
deyib, adaya getməyi, burada yerləşən məktəb
haqqında gördüklərimizi oxucularla paylaşmağı
qərara aldım. Adaya getmək üçün Pirallahı
rayonunda yerləşən "Damba" limanına gəldik. "28
May" Neft və Qaz Çıxarma İdarəsinə məxsus gəmi
ilə Çilov adasına yollandıq. 2 saat yarım yol
getdikdən sonra adaya çatdıq. Limanda bizi adada
yerləşən 131 nömrəli tam orta məktəbin direktoru
Rafail Musayev qarşıladı. Onunla qısa söhbət
etdikdən sonra ada sakinlərinə pulsuz xidmət
edən avtobusla məktəbə yollandıq. Avtobusda ikən
ada haqqında bizdə ilk təəssürat yarandı.
Səliqəli küçələr, taxtadan tikilmiş evlər göz
oxşayırdı. Bununla yanaşı, adada geniş abadlıq
işlərinin aparılması, yaşıllıqlar salınması da
nəzərimizdən qaçmadı. Günorta saatları
olduğundan sakitlik hökm sürürdü. Qeyd edim ki,
burada yaşayanların əksəriyyəti neft sənayesində
işləyir. Bu baxımdan demək olar ki, adada gündüz
vaxtı çox az adama rast gəlinirdi. Nəhayət,
məktəbə çatdıq. Qarşımızda paytaxtımızın
sayılıb-seçilən təhsil ocaqlarından heç də
geridə qalmayan bir məktəb var idi. Düzü, el
dili ilə desək, gözdən, könüldən uzaq,
gediş-gəlişi o qədər də asan olmayan bu ərazidə
belə bir yüksək səviyyəli tədris ocağının
olmasını təsəvvür etmirdim. Məktəbin müəllimləri
ilə görüşdükdən sonra tədris ocağının direktoru,
müəllim və şagirdlərlə söhbətə başladıq.
Oxucularımıza onların fikirlərini təqdim edirik.
|
|
"Pedaqoji kollektivimiz vicdanla çalışır"
Rafail
Musayev, məktəbin direktoru
Məktəbimiz 1951-ci ildən fəaliyyət göstərir.
Azərbaycanın Milli Qəhrəmanı Rasim
İbrahimovun adını daşıyır. Rasim İbrahimov 131
nömrəli tam orta məktəbin məzunu olub. İxtisaslı
hərbiçi olan Rasim hərbi komissarlıqda xidmət
edib. Qarabağ uğrunda gedən müharibədə
qəhrəmancasına həlak olub. Bundan başqa məktəbin
digər məzunu Dmitri Ksilyov da Qarabağ uğrunda
gedən döyüşlərdə şəhid olub.
Çilov adasında əvvəllər 3 məktəb (qiyabi, axşam
və tam orta) mövcud olub. Sonralar qiyabi və
axşam məktəbləri bağlanıb. Adada rus
hərbiçilərin və ailələrin olduğuna görə təhsil
ocağında təlim dili uzun müddət rus dili olub.
1988-ci ildə isə azərbaycanlı müəllimlərin səyi
nəticəsində Azərbaycan bölməsi açılıb. Hazırda
məktəb ikinövbəlidir və təlim dili Azərbaycan
dilidir. Təhsil müəssisəsi ikimərtəbəli binadan
ibarətdir. Məktəbdə 10 sinif, 1 kompüter otağı,
laboratoriya, kitabxana, idman zalı mövcuddur.
Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün 2
elektron löhvə, 21 kompüter, 4 noutbuk var.
Məktəb mərkəzləşdirilmiş şəkildə istilik sistemi
ilə təchiz olunub. 2007-ci ildə Azərbaycan
Dövlət Neft Şirkətinin "28 May" Neft və Qaz
Çıxarma İdarəsi (NQÇİ) tərəfindən əsaslı təmir
olunub, müasir avadanlıqlarla təchiz edilib.
Hazırda 122 şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.
Respublikanın müxtəlif bölgələrindən olan
neftçilərin övladlarına yüksək səviyyədə təhsil
vermək pedaqoji kollektivin qarşısında duran
əsas vəzifədir. Müəllimlərimiz həftənin 3-4
gününü adada keçirirlər. Qalan günləri isə öz
evlərində. Onların burada yaşaması üçün hər cür
şərait var. "28 May" NQÇİ tərəfindən müəllimlərə
xüsusi yataqxana ayrılıb. Məktəbimizdə demək
olar ki, hər şey qaydalara uyğun aparılır.
Uşaqların davamiyyəti yüksəkdir. Uğurlarımız da
az deyil. Məktəbi bitirən məzunlar TQDK-nın
keçirdiyi qəbul imtahanlarında yüksək nəticələr
əldə edirlər. Təkcə 2014-cü ildə məktəbi bitirən
11 şagirddən 7-si respublikamızın, 2-si isə
Türkiyənin universitetlərinə daxil olublar.
Şagirdlərimizi milli vətənpərvərlik ruhunda
tərbiyə etmək məqsədilə vaxtaşırı tədbirlər
keçiririk. Məktəbimizin tədbirlərində "28 May"
NQÇİ rəhbərliyi və əməkdaşları yaxından iştirak
edir. Ümumiyyətlə, bu müəssisə məktəbimizə daim
diqqət göstərir. Yaranan problemlərin aradan
qaldırılmasında məktəbə yardımçı olur. Məktəbin
məzunlarının da bir çoxu məhz bu idarədə işlə
təmin olunur. Onların arasında mühəndis, texniki
işçilər və fəhlələr var. Ümumiyyətlə, məktəbin
məzunlarından respublikamızda yüksək
vəzifələrdə, mühüm dövlət strukturlarında
çalışanlar çoxdur.
Məktəbimiz adada yerləşdiyi üçün bir çox
problemlərlə rastlaşırıq. Bu problemlərin
əksəriyyəti ada və iqlimlə bağlıdır. Məsələn,
elə olur ki, dənizdə hava şəraiti yaxşı olmur və
müəllimlər 2-3 gün əlavə olaraq adada qalmaq
məcburiyyətində qalırlar. Bu da müəyyən
problemlər yaradır. Axı müəllimlərin də ailəsi
var. Onların məktəbdən əlavə müxtəlif
problemləri, ailə qayğıları mövcuddur. Bundan
başqa, şagirdlərimiz fənn olimpiadalarında,
müxtəlif müsabiqə və yarışlarda mütəmadi iştirak
edə bilmirlər. Onları kütləvi şəkildə tədbirlərə
aparmaq mümkün deyil. Hətta TQDK ilk illərdə
buraxılış imtahanlarının keçirilməsini
məktəbimizə həvalə etmişdi. Biz ümumi sualları
bağlı zərfdə gətirib imtahanları burda
keçirirdik. Bu imtahanlarda şagirdlər yüksək
nəticə əldə edirdilər. Lakin sonra TQDK
nümayəndələri özləri bura gəldi. TQDK
nümayəndəsinin iştirakı ilə keçirilən
imtahanların nəticələri hətta əvvəlki illərdən
də yüksək oldu. Uzaqda olmağımıza baxmayaraq
pedaqoji kollektivimiz vicdanla çalışır. Dərs
bitdikdən sonra müəllimlərimiz şagirdlərə əlavə
məşğələlər keçir. Şagirdlərin yüksək səviyyədə
bilik alması üçün var gücləri ilə çalışırlar.
|
|
"Bu Çilov adasıdır"
Faiq
Həsənov, məktəbin fizika müəllimi
40 ilə yaxındır ki, bu məktəbdə çalışıram.
Məktəbi öz evim kimi bilirəm. Ömrümüzü bu adaya,
məktəbə həsr eləmişik. Əvvəllər burada müxtəlif
xalqların nümayəndələri yaşayırdı. Tədris rus
dilində aparılırdı. Lakin buna baxmayaraq
azərbaycanlı övladları da burada təhsil
alırdılar. Onların əksəriyyəti sonradan məktəbə
gəldikləri üçün dil problemi yaşayırdılar.
1988-ci ildə biz azərbaycanlı müəllimlər qərara
gəldik ki, məktəbdə Azərbaycan bölməsi də
açılsın. Biz buna nail olduq. Düzdür, həmin
dövrdə müxtəlif problemlərlə rastlaşdıq.
Məsələn, mən özüm fizika müəllimi olsam da
müəllim çatışmazlığından ibtidai siniflərdə dərs
demişəm. Biz bu çətinliklərə sinə gərərək
məktəbimizi qoruyub, bu günlərə çatdırmışıq.
Bizim çox intellektli, savadlı şagirdlərimiz
olub. Bir dəfə Rusiyanın Ostankino kanalında
Yakuboviçin məşhur "Pole çudes" verilişi gedirdi.
Həmin verilişi həmişə maraqla izləyirdim.
Svetlana adında bir iştirakçı sualları
cavablandırırdı. Yarışmanın ən çətin
mərhələsində Yakuboviç iştirakçılara belə bir
sual ünvanladı: " O hansı adadır ki, orada
sərnişin daşıyan marşrut pulsuzdur?". Svetlana
heç düşünmədən cavab verdi: "Bu Çilov adasıdır".
Yakuboviç sualı düzgün cavablandırdığı üçün
Svetlanaya təəccübünü bildirdi. Axı Çilov nəinki
Rusiyada, hətta Azərbaycanda da bir o qədər
tanınan yer deyil. Svetlana həmin adada
yaşadığını və bizim məktəbdə təhsil aldığını
bildirdi. Həmin verilişə baxarkən çox
qəhərlənmişdim. O qız axı bizim şagirdimiz idi.
|
|
"Yay tətili günlərində adadan ötrü darıxıram"
Xuraman
Əliyeva, məktəbin fizika-informatika müəllimi
Artıq 16 ildir ki, bu məktəbdə çalışıram. Digər
məktəblərdə olduğu kimi, burada da tədris normal
şəkildə davam edir. Kurikulum və İKT ilə bağlı
təlimlərdən keçmişik. Müasir dərsin tələblərinə
uyğun dərslərimiz davam edir. Bu cür təlim
dərsin keyfiyyətini artırır.
Öz evimiz şəhərdədir. Amma yoldaşım da neftçi
olduğu üçün uşaqlarla birlikdə həftənin 5 gününü
burada oluruq. Həftə sonu-cümə günü şəhərə
gedirik, bazar günü isə adaya qayıdırıq. Hava
şəraitinə uyğun olaraq bəzi vaxt dərsə çata
bilmirik. Bu baxımdan, demək olar hər ixtisas
üzrə iki müəllim var. Belə olan təqdirdə
müəllimlər digərlərini əvəz edir. Yerli şəraitə
uyğun olaraq bizim əməkhaqqımız digər
müəllimlərdən çoxdur. Lakin nəzərə alaq ki, biz
burada ərzaq məhsullarını da şəhərdəki qiymətdən
fərqli alırıq. Düzdür, müxtəlif çətinliklərimiz
olur. Lakin biz bura çox bağlanmışıq. Yay tətili
günlərində məktəbdən və adadan ötrü darıxıram.
|
|
"Məktəbi bitirdikdən sonra bu adada işləmək
istəyirəm"
Fidan
Əliyeva, məktəbin VII sinif şagirdi
Biz bura Naxçıvandan gəlmişik. Atam "28 May"
NQÇİ-nin təhlükəsizlik bölməsində, anam isə
hidrometeoroloji stansiyada çalışır. I sinifdən
bu məktəbdə oxuyuram. Burada həyat qeyri-adidir.
Maraqlı məqamlarla yanaşı çətinliklər də
mövcuddur. Lakin mən buranı çox sevirəm. Çünki
mənim uşaqlığım, məktəb illərim bu ada ilə
bağlıdır. Məktəbi bitirdikdən sonra uşaq həkimi
olaraq bu adada işləmək istəyirəm. Bunun üçün
var gücümlə çalışacağam. Məktəbimizdə hər cür
şərait var. Müəllimlərimiz bizə yaxşı dərs
keçirlər. Biz də bu imkandan yararlanmalıyıq.
Nəhayət, birgünlük ada səyahətimiz
sona çatdı. Bəlkə də yaşayış üçün adi, lakin
əsrarəngiz görünən Çilov adasındakı həyatı, onun
çətinliklərini gördüyümüz kimi təsəvvür edə
bilmədik. Bu kiçik, lakin möcüzələrlə dolu adada
neftçisindən tutmuş müəlliminə qədər hər bir
insanın nə qədər fədakar olduğu, doğrusu, bizi
təəccübləndirdi. Bu baxımdan burada çalışan hər
bir şəxsə dərin minnətdarlığımızı bildirir,
onlara bu çətin və şərəfli işlərində uğurlar
arzulayırıq.
|
Fotolar Rəşad RAMAZANOĞLU |