Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta
məktəbdə Xocalı soyqırımının 23-cü ildönümünə həsr
olunmuş tədbir keçirildi. Azərbaycanın milli
müstəqilliyi uğrunda qurban gedən şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin
direktoru Səkinə Məmmədova 1992-ci il fevralın 25-dən
26-na keçən gecə XX əsrin ən ağır cinayətlərindən biri
- vəhşi ermənilərin Xocalıda törətdikləri qırğını,
xocalılara tutulan divanı tarixdə analoqu olmayan faciə
kimi xatırlatdı. Bildirdi ki, həmin gecə erməni
quldurları tərəfindən heç bir günahı olmayan insanları,
qocaları və körpələri qanına qəltan etdilər. Erməni
vəhşiləri bu faciəni 366-cı alaya məxsus çoxsaylı ağır
texnikanın köməyi ilə həyata keçirdilər və şəhər
tamamilə darmadağın edildi. Xalqımız öz dövlətinin
suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə sıx
birləşdi və qəhrəmanlıq nümayiş etdirdi.
Sonra aparıcılar Ramin Babayev və Nəzakət Nəsirova
Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər,
tarixdə misli-bərabəri olmayan vəhşilikdən söz açdılar.
Tədbirdə "Ana fəryadı" kompozisiyası nümayiş olundu.
"Xocalının milli qəhrəmanları", "Dəfn edin məni", "Layla,
Xocalım, layla", "Şəhid qardaşım", "Qalx ayağa
Azərbaycan" və s. vətənpərvərlik mövzusunda bayatılar,
şeirlər söylədilər, mahnılar səsləndirdilər.
Məktəbin direktor müavini Bəsti Ağayeva çıxışında
Xocalı soyqırımının xalqımızın qan yaddaşında sağalmaz
bir yara olaraq qalacağını, xalqımız tərəfindən heç vaxt
unudulmayacağını söylədi. Bildirildi ki, ümummilli lider
Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladıqdan sonra
Xocalı faciəsinə siyasi qiymət verildi. Bu faciənin
dünya ictimaiyyəti tərəfindən soyqırım kimi tanınması
üçün bir sıra mühüm addımlar atıldı və hazırda ölkə
rəhbəri İlham Əliyev həmin siyasəti uğurla davam
etdirir.
Sonda Xocalı soyqırımı, ermənilərin törətdikləri
vəhşilikləri əks etdirən videogörüntülər nümayiş olundu.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |