Bakı
şəhəri 258 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin
23-cü ildönümü ilə bağlı fevralın 24-də tədbir keçirildi.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının
təşəbbüsü ilə baş tutan ədəbi-bədii tədbirdə şuranın
sədri Məhəbbət İbrahimova, onun müavini, "Tərəqqi"
texniki-humanitar liseyinin direktoru, əməkdar müəllim
Məhbubə Məmmədova, Nərimanov Rayon İcra Hakimiyyəti
başçısının müavini İradə Mahmudova, iş adamları,
məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbərləri
iştirak edirdilər.
Tədbiri 258 nömrəli tam orta məktəbin direktoru Sədaqət
Hüseynova açaraq qonaqları salamladı, tədbiri məhz
onların məktəblərində keçirdikləri üçün təşkilatçılara
minnətdarlıq etdi. Xocalı faciəsinin qurbanlarının,
eləcə də vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü
uğrunda mübarizədə şəhid olmuş oğul və qızlarımızın əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə YAP Nərimanov rayon təşkilatı Qadınlar
Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək Xocalı
faciəsini törədən erməni-rus hərbi birləşmələrinin
vəhşiliklərindən danışdı, hadisənin kədərli
statistikasını diqqətə çatdırdı. M.İbrahimova çıxışında
Xocalı faciəsinə siyasi və hüquqi qiymət verilməsində
ulu öndər Heydər Əliyevin mühüm rolu olduğunu vurğuladı.
Tədbir bədii hissə ilə davam etdirildi. Xocalı
faciəsindən bəhs edən slaydlar nümayiş olundu, şagirdlər
hazırladıqları təsirli kompozisiyaları təqdim etdilər.
Vətən haqqında, Xocalı hadisələrinə həsr olunmuş
şeirlər, mahnılar ifa olundu. "Ana harayı", "Xocalım, ay
Xocalım" şeirlərinin ifası tədbir iştirakçılarına hüznlü
anlar yaşatdı.
Tədbirin sonunda söz alan YAP Nərimanov rayon təşkilatı
Qadınlar Şurasının sədr müavini, əməkdar müəllim Məhbubə
Məmmədova Xocalı faciəsinin tarixdə misli bərabəri
olmayan soyqırım aktı olduğunu, düşmənin qəddarlığı
nəticəsində 7 min əhalisi olan şəhərin bir gecədə məhv
edildiyini söylədi, Xocalı faciəsinin dünyaya soyqırımı
aktı kimi tanıdılmasında ölkə rəhbərliyinin, Heydər
Əliyev Fondunun, xüsusən də Fondun vitse-prezidenti
Leyla Əliyevanın xidmətlərindən bəhs etdi.
Çıxışının sonunda xalqımızın başına gətirilmiş bu
faciənin heç zaman unudulmayacağını vurğulayan
M.Məmmədova tədbiri yüksək səviyyədə təşkil etdiklərinə
görə 258 nömrəli tam orta məktəbin rəhbərliyinə, onu
məharətli çıxışları ilə daha təsirli edən məktəblilərə
minnətdarlığını bildirdi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |