Elə hadisələr var ki, insanın yadına hər gün düşür,
unudulmur. Bu məhəbbət və yaxud nifrətlə dolu olan
düşüncələr səni tez-tez silkələyir, o zaman rahat ola
bilməzsən. Sizin də, mənim də, yaddaşımızdan və tarixdən
heç vaxt silə bilməyəcəyimiz bir dərdimiz var - Xocalı
faciəsi...
Elə bilirəm, tanıdığım bütün insanlar dərddaşlarımdır -
biz hamımız Xocalıdanıq.
Əgər bizim yarandığımız, var və yox olduğumuzda ehtiyac
duyduğumuz, bu gün üstündə dayandığımız bu torpaq
birdirsə, onda mən də Xocalı torpağındanam.
Həm analar, həm atalar öz övladına "Xocalıda ağlasığmaz
canlı faciədə sən də, mən də, ola bilərdim, ölə bilərdim
- desə" oğul və qızlarımız ekranda, şəkillərdə gördüyü
vəhşiliyi özgənin başına gələn müsibət yox, öz məhşəri
bilər.
Məhşər-cəhənnəm əzabı, odda diri yanmaq, hayına-harayına
heç kəsin gəlməməsi, heç bir çıxış yolu olmayan fəlakət
deməkdir. Xocalıda bizə bu günü yaşadan, dünyanın heç
bir yerində torpağı olmayan, vətənsiz ermənilərdir. Əlli
milyonluq xalqım 26 fevral tarixini düşmənimizdən qisas
günü kimi yaddaşlardan silməyəcəkdir.
Xocalı elə bir dərddir ki, onu nə sözlə, nə ağıyla, nə
musiqi ilə ifadə etmək mümkündür.
Bu xalqın dərddən qarlı qışın sərt ayında meşələrə,
güllə yağışı yağan çöllərə qaçmaqla qədərsiz- saysız
qəza-qədərə rast gəlsə də, özünü toplaya bilmək əzmi
varmış. Bu əzmi gələcəkdə Xocalıda öz köhnə evinin
yerində (Belarusun Xatın kəndində olduğu kimi)
heykəlləşən, vəhşi erməniyə üsyan hayqıran abidələrdə
görəcəyik.
Qadınlarımızın Xocalı qız-gəlinlərinin sirdaşı olduğunu
hesab etsələr, kişilər də yəqin ki, zərif cinsə əl
qaldırmaz, xəyanət etməkdən qorxarlar.
Qoy, düşmən sevinməsin! Ermənilər bilsin ki, soyqırım
sözünü onlar yaratmışlar. Onlar Xocalı soyqırımı edən
bir xalq kimi ağır günahla damğalanmışlar.
"Ermənilər dünyanın bir gün hökmən oxuyacağı soyqırım
sənədini qanla yazmışlar. Ermənilərin ruslarla olan iş
birliyinə son vermək məqsədilə türk təhlükəsizlik
qüvvələri bir gün əslində 2345 ermənini tutub saxladı.
1915-ci il aprelin 25-də olan bu hadisə zamanı heç bir
soyqırım tətbiq edilməsə də, kimi maliyyə yardımı
müqabilində, kimi siyasi sifariş əsasında, kimi isə
təhrif olunmuş tarixi faktlara aldadılaraq erməni
soyqırımını dünyaya qəbul etdirmək kampaniyasına qoşuldu.
Biz isə Xocalı soyqırımının nəticələrini dünyaya lazımi
səviyyədə çatdıra bilmədik. Ermənilər isə Xocalıda olan
hadisəni az qala avtomobil qəzası (15 nəfərin öldüyünü,
10 nəfərin yaralandığını) kimi təqdim edirlər. Müəllifi
olduğum kitabda Xocalı faciəsinin anatomiyası geniş
verilmişdir" (Həsənbala Sadıqov, "Azərbaycanın erməni
məsələsi; mənbələri, meydana çıxması və müasir
vəziyyəti").
İndi bütün Yer kürəsinin əhalisi Xocalı adlı bir
məmləkəti tanıyır. Dünya siyasət meydanında Xocalı
faciəsini bilənlər də günahsız, silahsız insanları qəfil
qətlə yetirən bir vəhşi xalqa lazım olan cəzanı vermədi.
Bu günə qədər düşmənlərimizin cəzasız qalması yeni dünya
tarixinin bağışlanılmaz səhvidir.
Hanı dünyanın haqq Allahı - Femidası?!.
...Bu suala cavab tapmayan bir müəllimim vardır - Rafil
müəllim. Bütün şagirdləri kimi mən də çətinə düşəndə
onun məsləhətlərinə ehtiyac duyardım. Riyaziyyatın ən
ağır məsələlərini o həll edərdi. Bu fənn üzrə test
proqramının respublikamızda ilk tərtibçisi idi. Bakı
şəhərinin Xətai rayonunda "Gələcək zəkalar" məktəbini
yaratmışdı. Azərbaycanın əməkdar müəllimi kimi şərəfli
bir ad daşıyırdı. Məktəb, təhsil, elm deyə-deyə keçən il
sentyabrın birində dünyasını dəyişdi.
Onun "hər şeyə təhsildən başlamaq" məqsədli həyatında
dözülməz bircə dərdi vardı - Xocalı müsibəti. Dünənki
kimi yadımdadır, Xocalı soyqırımı günü heç kəslə
danışmaq istəmirdi. Hətta həmin gün asi olmuşdu.
"Kiçicik körpələrin günahı nə idi" - deyib fəryad
qoparırdı. Hələ müharibə dövründə onun azyaşlı beş
övladı (dörd qız, bir oğlan) olsa da, o, Qarabağ
müharibəsinə getməyə qərar vermişdi. Lakin dostlarından
biri buna razı olmayıb. "Sən burda daha çox lazımsan,
şagirdlərinə bu elmi də, vətən sevgisini də öyrədirsən,
mən sənin yerinə vuruşaram" - dedi, getdi və cəbhədə
şəhid oldu.
Rafil müəllim vətənpərvərlik timsalı idi.
Gəncəbasarda-Goranboyda doğulub boya-başa çatmışdı.
Bütöv Azərbaycansız yaşaya bilmirdi. "Xocalı dərdinə
dözmürəm"- deyirdi. Çünki Xocalıda onun qürurunu
düşmən darmadağın etmişdi.
Şair olsaydı, Xocalı haqqında şeirlər, poemalar
yazardı. Bu mövzuda çox əsərlər yazılmalıdır. Təəssüf
ki, hələ Azərbaycan teatrlarının səhnəsində Xocalı
faciəsi tamaşası yoxdur. Bir neçə kinofilmlə
kifayətlənmək olmaz. Bu böyük haqsızlığa ədəbiyyat və
incəsənət sahəsində üsyan edən müəlliflərin sayı
gündən-günə çoxalmalıdır.
Minlərlə şagirdin məhəbbətini qazanmağın çox sirləri var.
Onlardan biri də əsl vətəndaş olmaq və vətəndaş tərbiyə
etməkdir.
İndi dünyanın müxtəlif tanınmış universitetlərində
Rafil müəllimdən vaxtilə dərs almış tələbələr oxuyur.
Onlar yaşadıqları qitələrdə Azərbaycanın bir parçasını
- Xocalını təmsil edirlər.
Yanvarın iyirmisində Şəhidlər xiyabanını ziyarət edəndən
sonra onun şagirdləri Bakının Hövsan qəsəbəsindəki
məzarlıqda torpağa tapşırılmış müəllimin əbədi məkanına
çiçək dəstələri qoydular.
İnanıram ki, həmişə belə olacaqdır. Xocalı faciəsi günü
də Rafil müəllimin ardıcılları onun məzarının önündə bu
qisası qiyamətə qoymayacaqlarına and içəcəklər.
Tamella HƏMİDQIZI,
Odlar Yurdu Universitetinin müəllimi |