Fevralın
26-da Bakı Slavyan Universiteti və Almaniyanın Auqsburq
Universiteti arasında əməkdaşlıq haqqında müqavilə
imzalanıb. Mərasimdə BSU-nun rektoru, professor Asif
Hacıyev müqavilənin mahiyyəti və universitetdə yeni
fəaliyyətə başlamış Germanşünaslıq İnstitutu barədə
danışıb. Rektor BSU-da alman filologiyası üzrə kadr
hazırlığı, universitetdə yeni açılan multikulturalizm
kafedrası, habelə Almaniyada, o cümlədən Azərbaycanda
keçirilən elmi seminarlar haqqında məlumat verib.
BSU-nun fəxri professoru Zieglinde Hartmann öz çıxışında
uzun illərdən bəri əməkdaşlıq etdiyi Bakı Slavyan
Universiteti barədə xoş təəssüratlarını mərasim
iştirakçıları ilə bölüşüb. Xanım Hartmann Azərbaycana
ezam olunduğu üçün Alman Akademik Mübadilə Xidmətinə (DAAD)
dərin minnətdarlığını bildirərək deyib: "Almaniya ilə
Azərbaycan arasında elm sahəsindəki əlaqələr günü-gündən
möhkəmlənir. Düşünürəm ki, elmin yüksək səviyyədə
inkişafı məhz qloballaşmadadır".
Tədbirdə Almaniyanın Azərbaycandakı səfirinin birinci
müavini və mədəniyyət işləri üzrə attaşesi cənab
Volfqanq Mössinger, Auqsburq Universitetinin professoru
Klaus Volf Almaniya və Azərbaycanın siyasi, iqtisadi,
mədəni əlaqələrindən danışıblar. Qonaqlar Bakı və
Auqsburq şəhərlərinin tarixini, həmçinin elmi aspektdən
müqayisə edərək hər iki şəhərin təhsil sahəsində
inkişafını yüksək qiymətləndiriblər.
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev BSU-nun Almaniya ilə
yeddi il ərzində davam etdirdiyi əməkdaşlığın
əhəmiyyətindən bəhs edib. Dövlət müşaviri çıxışında "Nibelunqlar
nəğməsi" və "Kitabi-Dədə Qorqud" dastanının müştərək
tədqiqi ilə bağlı danışıb, alman xalqı ilə Azərbaycan
xalqının multikulturalizminin ortaq yöndə olduğunu
vurğulayıb. Kamal Abdullayev, eyni zamanda Xocalı
faciəsini bir daha yad edib, almaniyalı qonaqlara
soyqırımda ermənilərin azərbaycanlılara qarşı törətdiyi
vəhşiliklərdən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin rəhbəri,
professor Azad Məmmədov xarici universitetlərdə
multikulturalizmin ayrıca fənn kimi tədrisi barədə
almaniyalı qonaqlara məlumat verib. O, eyni zamanda qeyd
edib ki, BSU ilə Auqsburq Universiteti arasında
yaradılan əməkdaşlıq multikulturalizmin Auqsburq
Universitetində tədrisinə şərait yaradacaqdır.
Qeyd edək ki, BSU-nun fəxri professoru Zieglinde
Hartmann rektor müşaviri vəzifəsinə təyin edilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |