Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr
olunmuş "Yaddaşların Xocalı ağrısı" mövzusunda
elmi-praktik konfrans keçirildi. Əvvəlcə tədbir
iştirakçıları anım gününə həsr olunmuş fotosərgi ilə
tanış oldular. Sonra faciə qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.
İnstitutun professor-müəllim heyətinin, Gənclər
Təşkilatının, ictimaiyyət nümayəndələrinin, tələbələrin,
həmçinin KİV nümayəndələrinin də iştirak etdikləri
tədbiri rektor, professor Asəf Zamanov açaraq bildirdi
ki, Xocalı soyqırımı nəinki xalqımıza və dövlətimizə,
ümumilikdə bəşəriyyətə qarşı misli görünməmiş bir
cinayətdir.
Asəf Zamanov onu da qeyd etdi ki, Xocalı soyqırımı kimi
dünyanı lərzəyə salan hərbi aksiyanın müəllifləri hələ
də öz layiqli cəzalarını almayıblar. Yalnız ulu öndər
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra
Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi. Hazırda
ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün bütün
imkanlar səfərbər edilir. Həm Azərbaycanda, həm də
dünyanın aparıcı ölkələrində "Xocalıya ədalət!"
kampaniyası çərçivəsində bir çox tədbirlər həyata
keçirilir və erməni vəhşiliyi bütün dünyaya çatdırılır.
İnanırıq ki, dünya ictimaiyyəti haqq səsimizi eşidəcək
və əsl cinayətkarlar öz cəzasını alacaqlar.
Tədbirdə çıxış edənlər erməni faşistlərinin rus
qoşunlarının hərbi yardımı ilə xalqımıza qarşı
törətdikləri müsibətlərdən, dəhşətlərdən danışdılar.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş sənədli
film nümayiş etdirildi.
Sevinc QULİYEVA,
Mətbuat katibi |