Fevralın
20-də Gəncə Dövlət Universitetində Xocalı faciəsinin
23-cü ildönümünə həsr edilmiş "Əsrin faciəsi" mövzusunda
konfrans keçirilib. GDU-nun rektoru, professor Yusif
Yusibov konfransı açandan sonra Xocalı faciəsinin
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra faciəni əks etdirən videoçarx nümayiş olunub.
Professor Yusif Yusibov qeyd edib ki, 1992-ci il
fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min
əhalisi olan Xocalı şəhərində genosid həyata keçiriblər.
Rektor ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı
haqqında söylədiyi fikirləri konfrans iştirakçılarının
diqqətinə çatdırıb. "Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir
vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün
bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Konfransda Azərbaycan tarixi kafedrasının dosent əvəzi,
tarix elmləri üzrə fəlsəfə doktoru Cavid Bağırzadə
"Xocalı soyqırımı-əsrin dəhşətli faciəsi kimi", ümumi
tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov
"Xocalı soyqırımı - beynəlxalq cinayətdir" mövzularında
məruzə ediblər.
Konfransda dosent Hüseyn Budaqov, universitetin elm və
innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, sosial
fənlər kafedrasının müdiri, dosent Cavad Tağıyev və
başqaları öz çıxışlarında Xocalı qurbanlarının heç vaxt
unudulmayacağını bildiriblər.
***
Fevralın 21-də isə Gəncə Dövlət Universiteti Tələbə
Gənclər Təşkilatının təşkilatçılığı ilə "Xocalı faciəsi
gənclərin gözü ilə" adlı inşa yazı müsabiqəsi keçirilib,
Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş
müsabiqədə 8 fakültədən 90-dan artıq tələbə iştirak
edib.
Müsabiqədə 1, 2, 3-cü yerləri tutan tələbələr fəxri
fərmanla mükafatlandırılıblar.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |