Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun Elektron akt zalında Xocalı
soyqırımının 23-cü ildönümünə həsr olunan anım mərasimi
keçirilib.
Ədəbiyyat İnstitutunun və AMEA-da yaradılmış
"Azərbaycanlılara qarşı soyqırımların tədqiqatları"
Komissiyasının birgə keçirdiyi tədbirdə əvvəlcə Xocalı
soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa
Həbibbəyli Xocalı soyqırımını təkcə Azərbaycan xalqına
deyil, bütünlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət
kimi səciyyələndirib. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin Xocalı soyqırımına ilk dəfə
tarixi-siyasi qiymət verdiyini xatırladan akademik bu
gün də dövlət rəhbərliyi səviyyəsində soyqırımı
qurbanlarının xatirəsinin daima əziz tutulduğunu
bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması
istiqamətindəki səylərini qeyd edən İsa Həbibbəyli
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi
və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə dünyanın 100-dən çox ölkəsində silsilə tədbirlərin
keçirildiyini diqqətə çatdırıb.
AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli
qərarı ilə yaradılmış "Azərbaycanlılara qarşı
soyqırımların tədqiqi" Komissiyasının fəaliyyətindən
danışan akademik İsa Həbibbəyli soyqırımı tədqiqatları
ilə bağlı görülən işlər haqqında da ətraflı məlumat
verib.
Sonra institutun "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı" şöbəsinin müdiri, filologiya üzrə elmlər
doktoru Elçin Mehrəliyevin "Həyatda və ədəbiyyatda
Xocalı harayı" mövzusunda məruzəsi dinlənilib.
Tədbir çərçivəsində Nurəngiz Günün "Xocalı simfoniyası"
əsəri əsasında çəkilmiş sənədli film də nümayiş
etdirilib. |