Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunda Xocalı
soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə soyqırımı zamanı həlak olanların əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə
institutun direktoru Qulu Novruzov məkrli ermənilərin
törətdiyi Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki,
ermənilər Xocalı faciəsini törətməklə nəinki
Azərbaycana, bütövlükdə türk dünyasına, bəşəriyyətə
qarşı qəddar və amansız mövqelərini nümayiş etdiriblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq
Qarabağda erməni quldur birləşmələri keçmiş sovet
ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə
birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc
əhalini, xüsusilə də uşaqları, qadınları, qocaları
ağlasığmaz vəhşiliklə öldürüblər. Ermənilərin soyqırımı
siyasəti hələ XX əsrin əvvəllərindən başlayıb və
zaman-zaman günahsız insanlar ağır işgəncələrlə qətlə
yetiriliblər. Q.Novruzov qeyd edib ki, Xocalı soyqırımı
adlı yara Azərbaycan xalqının qəlbindən heç vaxt
silinməyəcək və xalqımız artıq neçə ildir ki, bu dərdlə
yaşayır. İnstitutun direktoru deyib ki, ümummilli lider
Heydər Əliyev ölkəmizdə ikinci dəfə hakimiyyətə
gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə,
parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması
istiqamətində mühüm işlər görüb.
Qulu Novruzov çıxışında onu da vurğulayıb ki, bu gün
həmin siyasət möhtərəm Prezident İlham Əliyev və Heydər
Əliyev Fondu tərəfindən davamlı olaraq həyata keçirilir.
Direktor bu baxımdan, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
keçirilən "Xocalıya ədalət!" kampaniyasının və bir çox
görülmüş fəaliyyətlərin əhəmiyyətini də qeyd edib.
İnstitutun direktor müavini Rəfiq Qəndilov, şöbə
müdirləri Piralı Əliyev, İntiqam Cəbrayılov Xocalı
soyqırımı barədə danışıblar.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi |