Fevralın
25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
Tələbə Gənclər Təşkilatının (TGT) və universtitetdə
təhsil alan Türkiyəli Tələbələrin İdarə Heyətinin
təşəbbüsü ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə
əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimini giriş sözü ilə açan universitetin
rektoru, professor Yusif Məmmədov bildirib ki, Xocalı
faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı
törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm
də Azərbaycanın ərazi bütövlüyünə və dövlət
müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin
tərkib hissəsidir.
Rektor diqqətə çatdırıb ki, ümummilli lider Heydər
Əliyev respublikamızda yenidən hakimiyyətə qayıtdıqdan
sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildi. Son
illər Xocalı faciəsinin beynəlxalq miqyasda tanınması
istiqamətində bir sıra uğurlu addımlar atıldığını xüsusi
qeyd edən rektor bildirdi ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 2012-ci il yanvar ayının
17-də Xocalı soyqırımının iyirminci ildönümü haqqında
sərəncam imzaladı və həmin sərəncama uyğun olaraq Xocalı
soyqırımı ilə bağlı ölkəmizdə dövlət səviyyəsində
tədbirlər keçirildi. Həmin il fevralın 26-da xalqımız
dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə
Bakıda Xocalı faciəsinin iyirminci ildönümü ilə əlaqədar
möhtəşəm bir yürüş keçirdi ki, bu da dünya
ictimaiyyətinin diqqətini yenidən Xocalı soyqırımına
yönəltdi.
Sonra rektor Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində ölkənin birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
səmərəli əməli fəaliyyət göstərdiyini, Fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
artıq yeddi ildir ki, beynəlxalq miqyasda "Xocalıya
ədalət!" kampaniyasının həyata keçirildiyini söylədi.
Bildirdi ki, hazırda Xocalı faciəsinin mənəvi və
siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu
kampaniya dünyanın bir çox ölkələrində uğurla
gerçəkləşdirilir.
Anım mərasimində çıxış edən Səbail Rayon İcra
Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Türkiyə
Respublikasının Azərbaycandakı təhsil müşaviri cənab
Abdulqafar Böyükfırat, Pakistan Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab
Xalid Usman Qaiser, Sudan Respublikasının Azərbaycandakı
səfirliyinin səlahiyyətli naziri cənab Məhəmməd
Əl-Balla çıxış edərək Xocalı faciəsini bütövlükdə
bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən qəddar
cinayətlərdən biri kimi səciyyələndirib, dünya
ictimaiyyətini bu faciəni soyqırımı kimi tanımağa
çağırmışlar.
Anım mərasimində Xocalı soyqırımını əks etdirən
videoçarx nümayiş olunmuş, azərbaycanlı və türkiyəli
tələbələr şeirlər söyləmiş, xalq mahnımız olan "Sarı
gəlin" ifa edilmişdir.
Mənsur İBRAHİMLİ,
ADPU-nun Mətbuat və informasiya şöbəsinin müdiri |