Fevralın
25-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi
Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü
ildönümünə həsr olunmuş sərgi keçirildi.
Universitetin rektoru Elxan Hüseynov Azərbaycanın XX əsr
tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı
soyqırımını özündə əks etdirən tablolara baxış zamanı o
müdhiş gecəni ürək ağrısı ilə xatırladı. Rektor o
faciəni unutmamaq üçün bu cür tədbirlərin keçirilməsinin
əhəmiyyətini vurğuladı və qeyd etdi ki,
universitetimizin saytında ermənilər tərəfindən tarix
boyu azərbaycanlıların başına gətirilən faciələri,
soyqırımları əks etdirən xüsusi bölmə ayrılmışdır.
Universitetin kimya və biologiya fakültəsinin II kurs
tələbəsi Rusif Səfərlinin sərgidə nümayiş olunan əsəri
sərgini izləyənlərin böyük marağına səbəb olub.
Rektor çıxışında Azərbaycan dövləti və hökuməti, Heydər
Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları,
diaspor qurumlarının Xocalı faciəsi ilə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada
çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması
istiqamətində davamlı olaraq addımlar atdığını bildirdi.
Vurğulandı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya
ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma
kampaniyası dünya ictimaiyyətinə bu soyqırımına
siyasi-hüquqi qiymət verilməsinin vacibliyini isbat
etmişdir.
Tələbə Elmi Cəmiyyətinin sədri, dosent İslam Paşayev
sərgidə nümayiş olunan rəsm əsərləri barədə ətraflı
məlumat verdi. Bildirdi ki, sərgini keçirməyimizdə
məqsədimiz gənclər və yeniyetmələr arasında
vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların
dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına
xidmət etməkdir.
Tədbir universitetin böyük akt zalında davam etdirildi.
Tələbələrin ifasında "Xocalı" ədəbi-bədii kompozisiyası
nümayiş olundu.
Mətbuat xidməti |