Naxçıvan
Dövlət Universitetində Xocalı faciəsinə həsr olunmuş
internet-aksiya keçirilib.
Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə keçirilən
aksiyada rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov
çıxış edərək XX yüzilliyin ən müdhiş faciəsi, Qarabağın
ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş
soyqırımının tələbə gənclər tərəfindən elektron
informasiya mübadiləsi, virtual əməkdaşlıq yolu ilə
dünyaya çatdırılmasını yüksək qiymətləndirib.
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının
sədri, ATGTİ-nin sədr müavini, doktorant Arzu Abdullayev
internet-aksiyanın məqsəd və vəzifələri barədə məlumat
verdikdən sonra aksiya iştirakçıları xarici
universitetlərin elektron poçt ünvanlarına Xocalı
faciəsi barədə məlumatlar göndəriblər. Növbəti
internet-aksiya zamanı 100-dən çox ölkənin 300-ə yaxın
elektron poçt ünvanına Azərbaycan həqiqətləri 6 dildə
çatdırılıb. İnternet-aksiyada universitetdə təhsil alan
xarici ölkə vətəndaşları da fəal iştirak edib.
Sonra yekun konfrans keçirilib. Rektor Saleh Məhərrəmov
giriş sözündə Xocalı faciəsini XX əsrin ən dəhşətli və
qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə
müqayisə edib.
Konfransda arxiv işi və muzeyşünaslıq kafedrasının
müdiri, dosent Məmməd Əliyev "Xocalı soyqırımı
zəmanəmizin ən dəhşətli faciəsidir", beynəlxalq
münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə
fəlsəfə doktoru Şamxal Məmmədov "Xocalı soyqırımı
beynəlxalq hüquq prizmasında", tarix-filologiya
fakültəsinin tarix müəllimliyi ixtisası üzrə II kurs
tələbəsi Əfsanə Hüseynzadə "Xocalı soyqırımı -
tariximizin ibrət dərsi" mövzularında məruzə ediblər.
Sonda Xocalı soyqırımına həsr edilmiş film nümayiş
etdirilib, Tələbə Teatr Studiyasının hazırladığı
ədəbi-bədii kompozisiya təqdim olunub.
Mehriban SULTAN |