Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

"Azərbaycan müəllimi" qəzetinin redaksiyasında dərsliklərin müzakirəsi

 

Böyütmək üçün seçin"Tarix" dərslikləri ilə bağlı müəllimlərin irad və təklifləri 

Ədibə Abbasova,
"Elitar" gimnaziyanın tarix müəllimi:

- Kurikulum üzrə hazırlanan dərsliklər yaxşıdır. VII sinif dərsliklərində isə mövzular yarımçıqdır. Azərbaycan tarixinə xüsusi diqqət verilməlidir. Ancaq Azərbaycan tarixi  sanki hərb tarixidir. Müharibələrdən çox söhbət gedir. Dövlətlərin sosial-iqtisadi inkişafına, mədəniyyətinə az yer verilir.

X sinif "Azərbaycan tarixi" dərsliyində mədəniyyət mövzusu 17 paraqrafdır. Bu, çox yüklüdür.

VIII sinif  "Azərbaycan tarixi" dərsliyində Moğol İmperiyası kimi böyük bir mövzu bir abzasla əhatə olunub.

IX sinif "Ümumi tarix" dərsliyində "Fransa" mövzusu həddindən artıq ağır dildə, qarışıq yazılıb.

XI sinif "Azərbaycan tarixi"nin informasiyaları həddindən artıq yüklüdür.


 

Səadət Cahandarova,
Bakı Avropa Liseyinin tarix müəllimi:

- V və VI sinif dərslikləri yaxşıdır. Sadə yazılıb. Mövzular əhatəlidir.

VII sinif "Azərbaycan tarixi" dərsliyində isə bəzi çatışmazlıqlar var. Bir çox mövzular bir paraqrafda cəmləşib. Məsələn, monqolların Azərbaycana yürüşləri, Hülakilər dövləti, Qızıl Orda dövlətinin parçalanması bir mövzu kimi verilib. Bunlar əhəmiyyətli mövzulardır. Albaniya dövlətinin paytaxtı təkcə Bərdə göstərilir. Qəbələ haqqında heç nə deyilmir. Bundan başqa, mövzunun motivasiya hissəsi daha effektiv olmalıdır. Yuxarı sinif dərsliyində mövzular çox qarışıqdır.


Pərvanə Xəlilova,
132-134 nömrəli təhsil kompleksinin tarix müəllimi:

-Yeni kurikuluma  uyğun hazırlanmış dərsliklər standartlara tam cavab verir. Lakin bu dərsliklərlə bağlı müəyyən nüansları qeyd etmək istərdim:

V sinif "Tarix" dərsliyində bəzi  mövzular o qədər genişdir ki,  bu, ibtidai sinifdən gələn şagird üçün çətinlik yaradır. Dərslik yazan müəlliflər mövzular seçərkən mütləq şagirdin yaş xüsusiyyətlərini nəzərə almalıdırlar.

IX, X, XI siniflərin tarix dərsliklərində tarixi baxımdan materialların, tarixi faktların həddindən artıq çox verilməsi şagirdlərin yaddaşında bir növ statistik  məlumat kimi qalır. Nəticədə bu, beyni yorur. Həmin dərsliklərdə mövzuların həcminin böyüklüyü də onların şagirdlər tərəfindən mənimsənilməsini çətinləşdirən faktorlardan biridir.

Gələcəkdə X, XI siniflər üçün yazılacaq  tarix dərsliklərində Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın müstəqillik qazandıqdan sonrakı dövrü ilə bağlı daha geniş məlumatların verilməsini istərdik.  


Elmin İmanov,
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin tarix müəllimi:

- Kurikuluma  uyğun hazırlanmış dərsliklərin müəlliflərinin işini yüksək qiymətləndirirəm, onlarda elə bir nəzərəçarpacaq problem yoxdur. 

VII sinif  "Ümumi tarix" dərsliyində müəyyən çatışmazlıqlar var. Bəzi əhəmiyyətli mövzulara daha çox yer verməli olduğu halda, onlar əksinə,  olduqca qısadır. Məsələn, Türk dünyasının tarixində Osmanlı imperatorluğu Avropanın, bütün dünyanın  hər zaman qəbul etdiyi dövlətdir. Eyni zamanda Türk dünyasının fəxri bir dövlətidir. Amma dərslikdə 6 əsr Avropada və dünyada söz sahibi olan bu  dövlət  haqqında məlumat çox qısa verilib. Mövzunun sərlövhəsi də belə qoyulub: "Konstantinopol necə İstanbul oldu?". Adın belə qoyulmasını mən doğru hesab etmirəm. Mövzu çox yığcamlaşdırılıb. Ancaq bunun əksinə olaraq bəzi mövzular var ki, heç bir əhəmiyyət kəsb etməsə də onlara  geniş yer verilib. Məsələn, Hindistanda "Qupta imperatorluğu" haqqında məlumat şagirdin nəyinə lazımdır? 

Bəzi mövzular həddindən artıq  çox qısaldılıb və  bunlarla bağlı  məlumatları bir paraqrafa yığıblar. Həmin mövzularla  əlaqədar məlumatları qısaltdıqca sanki mövzu öz əhəmiyyətini itirib.

VIII sinif "Azərbaycan tarixi" dərsliyində  yer alan bəzi mövzularda  həddindən artıq insan, şəhər, yer adları, illər var. Bir mövzuda o qədər illər var ki,  yadda saxlamaq qeyri-mümkündür. O hissələr çıxarılsa, yaxşı  olar. Elə mövzular var, onlar o qədər də tarixi əhəmiyyət kəsb etmir, amma bu dərslikdə öz əksini tapıb. Məsələn, "Çobanilər dövləti. Hülakilər dövləti".  Bu mövzularda verilən tarixi hadisələrdə o qədər yorucu ifadələr var ki, şagird həmin hissəni oxuduqda  artıq yorulur. Bu mövzu kitabdan çıxarılsa  daha yaxşı olar. Həmin dərslikdə  belə tip mövzuların sayının azaldılması, məncə, daha məqsədəuyğundur. 

Təklif edərdim ki, şagirdlərin daha çox  yüklənməməsi üçün dərsliklərdə mümkün olduğu qədər insan, yer, şəhər adlarından az istifadə olunsun.

VIII sinif "Orta əsrlər tarixi" dərsliyi qaneedicidir. 

IX sinif "Yeni tarix" dərsliyi yenidən işlənilməlidir.  Dərslikdə verilən mətnlər o qədər ağırdır ki, şagird onları yalnız müəllimin dönə-dönə izahından sonra başa düşür. Dili çətin və  həmin sinifdə oxuyan şagirdin yaş xüsusiyyətləri nəzərə alınmayan bu dərslik yenidən işlənilməlidir. Tamamilə dəyişilsə lap yaxşı olar.

X və XI sinif tarix dərslikləri ilə bağlı heç bir narazılığım yoxdur. Bu kitablar xeyli təkmilləşib. 


Hafiz Cabbarov,
"Tarix" dərsliklərinin müəllifi

Əvvəla, "Azərbaycan müəllimi" qəzetinin kollektivinə belə bir vacib məsələni gündəmə gətirdiyi, sağlam müzakirəyə şərait yaratdığı üçün təşəkkür edirəm. Mən davamlı olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin monitorinq qrupu ilə birgə həm müəllif, həm də ekspert olaraq istər Bakıda, istərsə də bölgələrdə təşkil olunan müzakirələrdə iştirak edirəm. Bu müzakirələr zamanı  dərsliklərlə bağlı bir sıra iradlar, rəylər və təkliflər bildirilir. İradları çox normal şəkildə qəbul edirəm. Bu müzakirələrin ümumi işin xeyrinə olduğuna, gələcək işlərimizə səmərəli fayda verəcəyinə inanıram.

Sizin əməkdaşların fikirlərini öyrəndiyiniz müəllimlərin irad və təklifləri ilə də tanış oldum. İradların obyektiv və subyektiv tərəfləri var. Təbii ki, müəllimlərin fikirləri də müxtəlifdir. Məsələn, 4 müəllimin 3-ü V sinif "Azərbaycan tarixi"dərsliyi haqqında yüksək fikirdədir. Müəllimlərdən birinin kiçik bir iradı var. Bildirir ki, bəzi mövzuların həddən artıq geniş olması ibtidai sinifdən gələn şagirdlər üçün çətinlik yaradır. Yaxşı olardı ki, müəllim konkret mövzunu göstərərdi. Düzdür, mən istisna etmirəm, elə mövzular var ki, həcmi böyükdür. Bu mövzular əsasən ulu öndər Heydər Əliyevlə bağlı olan mövzulardır. Bu baxımdan, şagirdlərin ümummilli lider haqqında daha dərin biliklərə malik olması və onun irsinin öyrənilməsi  müəlliflər tərəfindən vacib hesab edilir.

VI-VII siniflər üçün yeni kurikulumlar əsasında  yazılan dərsliklərlə bağlı müsbət fikirlərlə yanaşı  müəyyən iradlar da mövcuddur. Müəllimlər nəzərə almalıdırlar ki, yeni dərsliklər kurikulumun tələblərinə uyğun olaraq yazılır. Məlum olduğu kimi,  tarixin tədrisində çox böyük dəyişikliklər yaranıb. Əvvəllər tarix xətti prinsip əsasında tədris olunurdusa və dərslik buna görə yazılırdısa, indi artıq konsentrik prinsip əsasında yazılır. Belə ki, IX sinfin sonunda bütün tarix proqramı əhatə olunub bitməlidir. Ona görə də zaman müddəti qısaldığı üçün bəzi mövzuların həcmi azaldılır. Bildirmək istərdim ki, yeni kurikulumlarla əlaqədar X və XI siniflərdə "Azərbaycan tarixi" və "Ümumi tarix" fənləri ibtidai icma quruluşundan başlayaraq müasir dövrə qədər yenidən tədris olunacaq. Bununla əlaqədar həmin siniflər üçün yazılacaq dərsliklərdə ayrı-ayrı tarixi hadisə, proses və təzahürlər,  tarixi inkişaf mərhələləri dərinləşmiş şəkildə təqdim olunacaq.

Vaxtilə müəllimlər dərsliklərdə mövzuların həcminin böyüklüyündən şikayətlənirdilər. İndi isə mövzuların azlığı ilə bağlı iradlar bildirirlər. Bəzən bizim müəllimlər belə düşünürlər ki, dərslikdəki materialı şagirdlər bütünlüklə əzbərləmək yolu ilə mənimsəməlidirlər. Müasir pedaqoji yanaşmalara əsasən şagirdlərdə bir çox informasiyalar içərisində lazım olan informasiyanı seçmək qabiliyyəti formalaşdırılmalıdır. Şagird təhliletmə qabiliyyətinə malik olmalı, nəticələr çıxarmalıdır. Burada isə artıq bacarıqların formalaşdırılması əsas rol oynayır. O bacarıq ki, bu gün müasir təhsilin prioritet istiqamətlərindən birini təşkil edir. Bildirmək istərdim ki, dərslik təkcə məlumat mənbəyi deyil, həm də şagirdlərdə  məlumatları təhlil etmək bacarığı formalaşdırmalıdır. Mən hesab edirəm ki, tənqidlərin çoxu bundan qaynaqlanır.

X sinif dərsliyində mədəniyyət, elm, təhsil mövzusuna çox yer ayrıldığı irad tutulur. Digər bir tərəfdən isə hərb tarixinə geniş yer ayrıldığı fikirləri səsləndirilir. Görürsünüzmü, müəllimlərin fikirləri arasında da müxtəlifliklər var. Amma unutmayaq ki, tarix keçmişi öyrənir, keçmişdən gələcəyə ötürülən ən başlıca miras isə maddi və mənəvi mədəniyyət nümunələridir. Mütəfəkkirlərdən biri demişdir: "Tarix yalnız mühüm hadisələrin baş verdiyi, məşhur şəxsiyyətlərin uğurlarının əks olunduğu səhnə deyil, cəmiyyətdə baş vermiş hadisə və proseslərin qanunauyğunluğudur". Biz çalışırıq ki, yeni nəsil dərsliklərdə mövzular üzrə balans gözlənilsin. Yəni, dərsliklərdə təkcə siyasi tarix deyil, iqtisadiyyat və mədəniyyət tarixi də öz əksini tapsın.

Digər bir məsələ, müəllimlər bir sıra dövlətlərin tarixindən çox qısa verildiyini və hətta bəziləri haqqında məlumat olmadığını bildirirlər. Bizdə bir ənənə formalaşıb ki, biz gərək bütün ölkələrin tarixləri haqqında çox məlumatlı olaq. Bu nə dərəcədə düzdür? Düşünürəm ki, biz tarixdə əsas, vacib, dünya tarixinə təsir edən məsələlərə üstünlük verməliyik. Hər hansı bir xırda dövlət haqqında məlumat verməklə şagirdlərimizi yükləməməliyik. Məsələn, qısa bir nümunə gətirim. Qonşu Rusiyada tarix dərsliklərində Azərbaycanın Səfəvilər kimi böyük, qüdrətli dövləti haqqında çox qısa məlumat verilib.  Orda dərsliklər belədir. Vacib məlumat, yəni bu mətnin mütləq öyrənilməsi  məcburi olan və əlavə oxu. Əlavə oxu da dərsliyin içərisində fərqli şriftlə verilir. Təsəvvür edin, Səfəvilər dövləti əlavə oxu kimi, həm də İran dövləti adı ilə verilir.  Yəni şagird istəsə öyrənər, istəməsə öyrənməz.   Yaxud, başqa bir məsələ. Müəllimlərin fikirlərində VII sinif "Azərbaycan tarixi" dərsliyində Albaniyanın paytaxtının Bərdə olduğu, Qəbələnin adının isə çəkilmədiyi qeyd edilir. Nəzərə çatdırım ki, V və VI sinif dərsliklərində bu barədə məlumat verilib. Lakin iradın haqlı tərəfi də var. Əgər Albaniyanın paytaxtının Qəbələdən Bərdəyə köçürülmə tarixi və səbəbləri qeyd olunsa, dərsliyin məzmunca təkmilləşməsinə xidmət edilmiş olardı. Eyni zamanda qeyri-müəyyənlik aradan qalxardı.

Bundan başqa, IX, X, XI siniflərdə mövzuların həcminin böyük olduğu deyilir. Qeyd edim ki, bu dərsliklərdə informasiya yükü çox olsa da mövzuların həcmi azaldılıb. X, XI sinif dərsliklərində bəzi lüzumsuz informasiyaların olduğu fikri ilə də razıyam. Bu kimi məsələlər gələcək nəşrlərdə nəzərə alınacaq. 

XI sinif dərsliyində Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik illərimizdən sonrakı tariximiz haqqında daha geniş məlumatların verilməsi təklif edilir. Qeyd edim ki, həmin siniflər üçün dərsliklərdə mövzular kifayət qədər genişdir. Kurikulum üzrə yeni dərsliklər yazılarkən bu mövzulara yenə də xüsusi önəm veriləcək.

Osmanlı imperiyası ilə bağlı az məlumatın verilməsi və mövzunun adı ilə bağlı iradla  qismən razıyam. Lakin nəzərə almaq lazımdır ki, Osmanlı dövləti ilə bağlı mövzular 8 və 9-cu siniflər üçün dərsliklərdə də yazılacaq. Dəyərli həmkarımın fikirlərinə hörmətlə yanaşsam da bir müqayisə aparmaq istəyirəm. 7-ci siniflər üçün "Ümumi tarix" dərsliyində Osmanlı dövləti ilə bağlı 4 səhifəlik xüsusi mövzu var. Qardaş Türkiyə dərsliyində isə Azərbaycan xalqının fəxri olan Səfəvilər dövləti ilə bağlı cəmi iki abzas məlumat verilmişdir. Bu məlumatlar isə Sultan Səlimin Çaldıran döyüşündə qələbəsini mədh etmək və Səfəvilər dövlətinin tənqidi üzərində qurulmuşdur. Məsələn, Türkiyənin 10-cu sinif  "Tarix" dərsliyində (səh.73) belə məlumat verilmişdir: "Sultan Süleyman İran üzərinə 4 böyük səfər təşkil edərək Bağdad, Qarabağ, İrəvan və Naxçıvanı ələ keçirdi. İran barış istəmək məcburiyyətində qaldı". 

Sual yaranır: Qarabağ, İrəvan və Naxçıvan nə vaxtdan İran ərazisi hesab olunur?  Qardaş Türkiyə müəllifləri Səfəviləri niyə İran dövləti  hesab edir? Səfəvilər dövləti ilə bağlı bir neçə mənfi cümlə, ermənilər ilə bağlı 1 səhifə (səh.66-67) müsbət məlumat vermək hansı məntiqlə izah oluna bilər?

Mövzunun ad seçimi, məzmunla bağlı mənim də iradlarım olsa da Qupta imperiyasının geniş verilməsi ilə bağlı fikirlə razılaşmıram. Çünki 7-ci siniflər üçün "Ümumi tarix" dərsliyində  bu dövlətlə bağlı cəmi bir abzas məlumat verilmişdir. Dünyanın qədim sivilizasiya mərkəzlərindən biri də Hindistandır. Ona görə də bu ölkənin tarixi ilə bağlı məlumatların olması təbiidir.

Yaxın gələcəkdə IX sinif dərslikləri yeni kurikulumla  hazırlanacaq. Burada müxtəlif nüanslara xüsusi diqqət yetiriləcək. Müəllimlərdən bəziləri bu dərsliklərin tamamilə yenidən hazırlanmasını arzu edirlər. Düşünürəm ki, köhnə dərsliklərin üzərində təkmilləşdirmə aparmaq daha uyğun variant olardı.

 Biz müəlliflər öz işimizə tənqidi  yanaşmalıyıq. Belə olan təqdirdə uğur əldə etmək olar. İradların obyektiv olanları, işin səmərəliliyinə xidmət edənləri təbii ki, nəzərə alınacaq. Əlbəttə ki, ideal iş yoxdur. Hər bir işdə qüsurlar olur. O qüsurları tamamilə aradan qaldırmaq mümkün deyil. Necə ki, dünyanın ən inkişaf etmiş ölkələrinin dərsliklərində belə, müəyyən qüsurlar var. Baxmayaraq ki, həmin ölkələrin dərsliklərlə bağlı təcrübəsi uzun illərdir. Bizim ölkəmizin dərsliklərlə bağlı təcrübəsi isə müstəqillik illərindən başlayır.

Son olaraq dərsliklərlə bağlı bütün irad və təkliflərə görə həmkarlarıma, həmçinin bu müzakirənin təşkilinə görə "Azərbaycan müəllimi" qəzetinin kollektivinə bir daha təşəkkürlərimi bildirmək istəyirəm. Hesab edirəm ki, bütün bu müzakirələr dərsliklərin təkmilləşməsinə kömək edəcək. 

Hazırladılar:  Yusif Əliyev, Niyazi Rəhimov, Samirə Kərimova,
foto: Rəşad ZİYADOVUNDUR, "Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov