"Mənim universitetim" layihəsinin budəfəki hədəfi
Azərbaycan Dillər Universitetidir
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Azərbaycan SSR Xalq Komissarları
Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan
Pedaqoji İnstitutunda xarici dillər fakültəsinin təşkil
edilməsi haqqında" qərar qəbul edib. Azərbaycan SSR
XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali
və orta məktəblərində alman, fransız və ingilis
dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında
V.İ.Lenin adına APİ-nin xarici dillər fakültəsi
1941/1942-ci tədris ilindən Pedaqoji Xarici Dillər
İnstitutuna çevrilib.
1959-cu ildə Azərbaycan KP MK və
Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan SSR-də ali
məktəblər şəbəkəsini nizama salmaq" barədə qərar qəbul
edib. Respublika Maarif Nazirliyinin həmin qərarların
icrası ilə əlaqədar olaraq 14 may 1959-cu il tarixli
əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu
M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə
birləşdirilib. Ümummilli lider Heydər Əliyevin 13 iyun
2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər
İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan
Dillər Universitetinə çevrilib. Hazırda ali təhsil
ocağında təhsilin bütün pillələri üzrə tədris aparılır.
Universitetdə 5 fakültə üzrə 3479 ödənişli, 2509 nəfər
isə dövlət sifarişi ilə təhsil alır. 2014-cü ildə
məzunların sayı 1107 nəfər olub. 2014-2015-ci tədris
ilində universitetə qəbul olan tələbələrin sayı 1630
nəfərdir. Onlardan 150 nəfəri magistratura pilləsində
təhsil alır. 2014-cü ildə universitetin məzunlarından
magistr adını qazananların sayı isə 45 nəfərdir. 92
nəfər 600-dən yuxarı bal toplayıb, 2 nəfər Prezident
təqaüdü alır. Universitetdə 53 nəfərə "Gələcəyin
müəllimi" təqaüdü verilir ki, onlardan 15 nəfəri
filologiya və jurnalistika, 38 nəfəri isə pedaqoji
fakültənin payına düşür. Universitetdə 739 nəfər
müəllim-professor heyəti çalışır. Onlardan 32 nəfəri
elmlər doktoru, 178 nəfəri fəlsəfə doktoru, 26 nəfəri
professor, 100 nəfəri dosentdir. Ötən il universitet
əməkdaşlarının xarici jurnallarda 56 məqaləsi dərc
olunub. Ali təhsil ocağına 2000-ci ildən professor Səməd
Seyidov rəhbərlik edir.
Maddi-texniki baza və İKT
Azərbaycan
Dillər Universiteti üç tədris binası və iki yataqxanadan
ibarətdir. Ötən il ali təhsil ocağının 15-ə yaxın
auditoriyası proyektorlarla, tərcümə otaqları bütün
lazımi avadanlıqlarla təmin edilib. Yeni kompüter
avadanlıqları alınıb. Korpuslar arasında Fibel optik
xətt ilə intranet şəbəkəsi mövcuddur. Daxili
infrastrukturun idarə olunması serverlər vasitəsilə
həyata keçirilir. Müasir avadanlıqlarla (kompüter,
proyektor) təchiz olunmuş auditoriyalar və konfrans
zalları tələbə və müəllimlərin ixtiyarına verilib.
ADU-nun akt zalında yerləşən, eyni zamanda 6 dilə
tərcümə edə bilən "Bosch" simsiz sinxron tərcümə sistemi
mövcuddur. Bundan başqa, ali təhsil ocağında birbaşa
videokonfransların, onlayn tədbirlərin, məsafədən
təhsilin keçirilməsi üçün 3 ədəd DVC (Digital Video
Conference system) avadanlıqları (1 ədəd Tandberg, 2
ədəd Polycom) var. Bu tədris ilinin əvvəlində
universitetdə TV studiya yaradılıb. Burada əsasən
jurnalistika fakültəsinin tələbələri ixtisaslarının
praktik tərəflərini öyrənəcəklər. İnformasiya Resurs
Kompleksində yerləşən və TVADU adı ilə fəaliyyət
göstərən studiyada müxtəlif verilişlər, müsahibələr və
tədbirlər hazırlanır və onlar http://tvadu.az
portalı ilə bütün dünyaya yayımlanır. Yaxın zamanda TV
studiyadan təkcə əsas korpusda yox, həm də digər
korpuslarda olan tələbələr də yararlanacaq. Həmçinin TV
studiya vasitəsilə distant təhsil həyata keçiriləcək.
2015-ci ildə ADU-da "Elektron universitet" yaradılması
nəzərdə tutulur. Bütün universitetin daxili idarəetməsi
və tədris prosesi "Elektron universitet" vəsitəsilə
həyata keçiriləcək (tələbələrin qiymətləri, təhsil
haqlarının onlayn ödənişi, arayışlar, mühasibatlıq, HR
və s.)
Hazırda
yataqxanada qalan tələbələr üçün internet xətti
çəkiləcək.
İmtahan sessiyası
ADU-da imtahan prosesi bütün fakültələrdə yazılı
aparılır. Bütün bu prosesləri kurikulum və keyfiyyətə
nəzarət departamenti həyata keçirir. Bu ildən şəffaflığı
daha yaxşı təmin etmək üçün bütün yoxlama zallarına
kamera qoyulub. İmtahanların nəticəsi tələbənin növbəti
imtahan gününə qədər elan olunur. Nəticələrindən narazı
qalan hər bir tələbənin haqqı var ki, apelyasiyaya
müraciət etsin. "Bakı-2015" birinci Avropa Oyunları ilə
əlaqədar olaraq imtahan sessiyalarının vaxtı azaldılıb.
Buna görə ADU-da qış semestrinin əvvəlindən başlayaraq
artıq yaz imtahan sessiyasına da hazırlıq gedir. Qeyd
edək ki, universitetin 1200-ə yaxın tələbəsi artıq bu
oyunların təşkilində könüllü olaraq iştirak etməyə cəlb
olunub.
ASAN kart
2014-cü
ilin fevral ayında ADU və ASAN xidmət arasında
memorandum imzalanıb. ASAN xidmətlə əməkdaşlıq
nəticəsində tələbə biletləri və ADU-nun əməkdaşlarının
iş vəsiqələri hazırlanır. Bu tədris ilindən başlayaraq
həmin proses həyata keçirilir. Artıq I kursda təhsil
alan 1700-dən çox bakalavr və magistr tələbəyə, həmçinin
1000-ə yaxın işçiyə ASAN xidmət vasitəsi ilə kartlar
verilib. Universitet korpuslarının girişində xüsusi
aparatlar quraşdırılıb. Tələbələr və işçilər
universitetə gələndə və gedəndə kartı yaxınlaşdırıb
giriş və çıxışlarını göstərəcəklər. Sistem yaxın zamanda
işə salınacaq. Bu kartın üstünlüyü ondadır ki, onun
daxilində xüsusi çip var. Yaxın gələcəkdə bu kartla
yeraltı və yerüstü nəqliyyatdan istifadə edilməsi
planlaşdırılır. Əgər razılıq əldə edilərsə tələbələr
təqaüdlərini də bu kart vasitəsilə alacaqlar. Təqaüd
almayan tələbələr karta pul ödəmələri edə biləcəklər.
Tələbə yeməkxanasında ödənişləri nəğd yox, kartlar
vasitəsilə həyata keçirilməsi də planlara daxildir. Eyni
zamanda kart vasitəsi ilə universitet kitabxanalarına
giriş-çıxış mümkün olacaq. Hətta M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası ilə danışıqlar gedir ki,
onların kartı əvəzinə tələbələr bu kart vasitəsilə
kitabxananın xidmətlərindən istifadə etsinlər.
Kitabxana
Kitabxana
1948-ci ildə APİ-nin kitabxanasından köçürülən 7000-ə
qədər kitab və 4 işçi ilə fəaliyyətə başlayıb. Hazırda
kitabxanada 518715 nüsxə kitab var. Kitabxananın
modernləşdirilməsində 2006-ci ildə EKSON Mobil Əməliyyat
Şirkəti tərəfindən keçirilən müsabiqənin qalibi kimi
ayrılan 14 min ABŞ dolları müəyyən rol oynayıb. Həmin
vəsait hesabına Azərbaycanın bir çox ali məktəb
kitabxanalarında tətbiq olunan AİY (avtomatlaşdırılmış
işçi yeri) İRBİS-64 sistemi alınıb. Kitabxanadakı
kataloqların elektron variantını hazırlamaq prosesi
üzərində ciddi iş aparılır və 2006-cı ilin ikinci
yarısından kitabxanaya alınan kitabların hamısı,
fonddakı retro kitablar isə tədricən İRBİS-64 sistemi
əsasında işlənməyə başlanıb. Bununla yanaşı universitet
müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli
məlumat bazaları yaradılması sahəsində də iş aparılır.
İRBİS-64 sisteminin tətbiqini daha da sürətləndirmək
məqsədilə kitabxananın bütün şöbələrində
avtomatlaşdırılmış işçi yerləri (AİY) təşkil, onların
hamısı kompüterlərlə təmin edilib.
Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə
elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq
xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərin
"Biblioqrafiya"sı hər il kitab şəklində çap edilir.
Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan
Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr
olunmuş əsərlərinin biblioqrafiyası Azərbaycan və rus
dillərində 2 cilddən ibarət hazırlanıb nəşriyyata təqdim
edilib.
Kitabxana İnformasiya Mərkəzi (KİM)
KİM
kitabxananın nəzdində fəaliyyət göstərir. Onun məqsədi
maariflənməni dəstəkləmək, təlim və tədqiqatda üstün
olmaqdır. Universitetin informasiya ehtiyaclarını
qarşılamaq, tələbələrin, tədqiqatçıların informasiya və
axtarışlarına kömək etmək üçün müasir informasiya
texnologiyaları sahəsində liderliyini saxlamaqdır.
Təhsil və tədqiqat, eyni zamanda sosial-intellektual
əlaqələr üçün münasib görüş yeri kimi kitabxana
imkanlarını genişləndirməkdir. Kitabxana İnformasiya
Mərkəzi bir çox beynəlxalaq konfrans və sərgilərdə
iştirak edib. Bunlara 2012-ci ildə Azərbaycan fondunun
elektron kataloqa köçürülməsinin başa çatdırılması,
2013-ci ildə Kitabxana İnformasiya Mərkəzinin yeni
strukturda fəaliyyəti, ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq
kitab sərgi yarmarkasında, 2014-ci ildə "ADA"
Universitetində kitabxana-informasiya sahəsində əldə
edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi
mövzusunda I beynəlxalq elmi konfransda və keçirilən IV
Bakı Beynəlxalq Humanitar Forumda iştirakını nümunə
göstərmək olar.
KİM oxucularına bir çox xidmətlər də göstərir. Belə ki,
onların müxtəlif sorğularını tez və dolğun ödəməyə
çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək
edir, fondun qorunmasının qayğısına qalır. Oxucuların
kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə
xidməti həyata keçirir. Fondların
komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata
dair oxucu sorğularını yerinə yetirir. Şöbədə işin bütün
mərhələləri 2006-cı ildən İRBİS-64 sistemi əsasında
aparılır. Kitabxana fondunu Azərbaycan və xarici
dillərdə zəruri çap məhsulları ilə təmin edir. Bölmədə
oxucu sorğusu əsasında ən çox istifadə olunan
kitabların, dövri mətbuatın, dissertasiyaların elektron
versiyaları yaradılır və surəti çıxarılır.
Kitabxananın
bir neçə zalı var.
Dövriyyə zalında ensiklopediyalar, lüğətlər, məlumat
sorğu kitabları, dərsliklər və s. ədəbiyyat növləri açıq
rəf üsulu ilə yerləşdirilib. Eyni zamanda yeni alınan
ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair
kitab və dövri mətbuat sərgiləri təşkil edilir .
Kompüter zalında elektron resurslardan, lokal şəbəkədən
istifadə təşkil olunur. Onun yaradılması nəticəsində
istifadəçinin kitabxananın lokal şəbəkəsində elektron
resurslardan istifadə imkanları artıb. Burada EBSCO,
BİONE, JSTOR, EMERALD, ELSEVİER kimi məlumat
bazalarından istifadə olunur.
Bundan başqa, 2015-ci ildə kitabxanda bir çox işlərin
görülməsi nəzərdə tutulub. Kitabxanalarda ümummilli
lider Heydər Əliyev irsinin elektron resursların köməyi
ilə təbliği, kitabxanaya qeydiyyat işinin təşkili və
yeni gələn oxuculara kitabxana, soraq-biblioqrafiya
aparatından istifadə qaydaları haqqında tövsiyələrin
verilməsi, kitabxanalarda elektron mühitin yaradılması
və elektron resurslardan istifadə, kitabxanaların
avtomatlaşdırılması əsas inkişaf istiqamətlərdir.
Dil Xidmətləri Mərkəzi
Azərbaycan Dillər Universitetinin nəzdində Dil
Xidmətləri Mərkəzi ötən il yaradılıb. Azərbaycanda ilk
dəfə olaraq 20 əcnəbi dilin tədrisi, bütün növ şifahi
və yazılı tərcümə, xaricdə təhsil və səyahət xidmətlər
sırasındadır. Universitetdə çalışan, uzun illər ölkədə
və bir çox xarici ölkələrdə təcrübə qazanmış
professor-müəllim heyəti ən son innovativ tədris
üsullarından istifadə edərək tədris prosesini təşkil
edir. Kursları uğurla bitirənlər sertifikatla təltif
olunurlar.
Mərkəzdə tədris olunan dillər bunlardır: yerli və xarici
vətəndaşlar üçün Azərbaycan dili, ümumi ingilis dili,
biznes yönümlü ingilis dili, IELTS, TOEFL, ingilis
dilində akademik yazı və oxu dərsləri, rus dili, alman
dili, fransız dili, italyan dili, ispan dili, Norveç
dili, yapon dili, Çin dili, Koreya dili, hind dili, ərəb
dili, ivrit dili, İndoneziya dili, Qafqaz dili.
Həmçinin mərkəzdə nüfuzlu universitet və kolleclərdə
bakalavriat və magistratura pillələrinə qəbul və
sənədləşmə işi ilə bağlı konsultasiyalar keçirilir, hər
şənbə IELTS sınaq imtahanları və əcnəbi müəllimlərlə
danışıq klubları təşkil olunur.
ADU-nun təhsil və nəşr sahəsində dünyaca məşhur Pearson
şirkəti ilə əməkdaşlığının nəticəsi olaraq yalnız bu
mərkəzdə EDI Cert TEFL - "İngilis dili müəllimləri üçün
beynəlxalq sertifikat" layihəsinə start verilib.
Təlimlərin sonunda müəllimlər 100-dən çox ölkədə tanınan
və həmin ölkələrdə asanlıqla yüksək səviyyəli işlərlə
təmin oluna biləcəkləri beynəlxalq dərəcəli sertifikat
əldə edəcəklər.
Dil Xidmətləri Mərkəzi müxtəlif Avropa ölkələrində
fəaliyyət göstərən yay və qış məktəblərinə tələbə və
əməkdaşların göndərilməsini təşkil edir. Buraya ötən yay
Londonda və Avstriyanın Vyana şəhərində təşkil olunan
dil kursları (alman, ingilis və fransız dilləri üzrə) da
daxildir.
Mərkəzdə həmçinin viza dəstəyi, aviabiletlərin təşkili
və yaşayış yeri ilə təmin olunma üzrə fəaliyyət göstərən
turizm bölməsi də var.
Dil Xidmətləri Mərkəzində ADU-da dərs deyən müəllimlər
qeydiyyatdan keçiblər. Sifariş olarsa bank sistemindən
istifadə edilərək həmin müəllimlər mərkəzə işçi kimi
dəvət olunur. Əməkhaqqı da müqavilə ilə tənzimlənir.
SABAH qrupları
Hazırda ADU-nun SABAH qruplarında 55 tələbə təhsil
alır. Bu qruplar üçün ayrılan 5 auditoriyanın
hamısı ən son texnologiyalarla təmin olunub.
Tələbələr üçün mütəmadi olaraq müxtəlif seminarlar,
tədbirlər, rəsmi şəxslərlə görüşlər təşkil olunur.
Bölgələrdən gələn və maddi imkanı zəif olan tələbələr
SABAHın yataqxanasında yerləşdiriliblər.
Tələbələrə stimul olaraq əlavə "SABAH təqaüdü" də
verilir. Qeyd edək ki, həm ödənişsiz, həm də ödənişli
əsaslarla təhsil alan tələbələrin təqaüd almaq hüququ
var.
Hazırda SABAH qruplarında 13 müəllim fəaliyyət göstərir.
Onların əksəriyyəti ADU-nun müxtəlif kafedralarının
əməkdaşlarıdır. SABAH qruplarında dərslər yeni
metodlarla təşkil olunur.
Elmi tədqiqat işləri
ADU-da 14 müxtəlif istiqamətdə elmi tədqiqat işi
aparılır. Bu işlərə həm müəllimlər, həm də tələbələr
cəlb olunur. Ayrı-ayrı kafedralarda araşdırılan elmi
tədqiqat işlərinin nəticələri respublikamızın müvafiq
ali məktəblərində və fakültələrində tədris prosesinə
tətbiq olunur, eyni zamanda universitetin müvafiq
fakültələrində həm bakalavriat, həm də magistratura
pillələrində geniş işlədilməklə, müxtəlif istiqamətli
dissertasiya işlərinin yazılmasına zəmin yaradır.
ADU-nun Böyük Elmi Şurası yeganə qurumdur ki, ona 4
indeks (ixtisas) verilib. Dissertasiya Şurasında 18
tədqiqatçı işini müdafiə edib ki, onlardan da 2-si
elmlər doktoru proqramı üzrə tədqiqat işini yerinə
yetirəndir.
Tələbələr Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi
tədqiqat işləri götürürlər. Universitetdə təhsil alan
850 nəfərdən çox tələbə TEC-ə üzvdür. Hər il elmi
tədqiqat işi aparan tələbələrin 150-dən çoxuna fəxri
fərman verilir. Elmi tədqiqat işlərində tələbələr 24
müxtəlif bölmə üzrə çalışırlar. Hər bölmə üzrə bir super
tələbə seçilir. Bunda məqsəd universitetdən beynəlxalq
konfranslara tələbə göndərməkdir. Aprel ayında TEC-in
böyük konfransı keçiriləcək.
2014-cü ilin oktyabr ayında Bakı Beynəlxalq Humanitar
Forumu çərçivəsində "Postmodern dövründə təməl dəyər
kimi" adlı bölməsinin təşkili, xarici qonaqların dəvət
olunması, forumun həyata keçirilməsi məsələləri
universitet kollektivinin iştirakı ilə baş tutub. Bundan
başqa, "Xarici dillərin tədrisinin aktual problemləri",
"XXI əsr mədəni paradiqması multimədəni aspektdə"
respublika elmi-praktik konfransları keçirilib.
Universitetin 16 tələbəsi dünyanın müxtəlif ölkələrində
keçirilən tələbə elmi cəmiyyətlərinin konfranslarında (Rusiyada,
İspaniyada, Gürcüstanda, Makedoniyada) müxtəlif səpgili
elmi tədqiqat işləri ilə çıxış edib.
2015-ci ildə universitetdə struktur dəyişiklikləri davam
etdirilərək "Magistratura və Doktorantura Departamenti"nin
təşkil edilməsi nəzərdə tutulur. Magistratura və
doktoranturanın bir departamentdə fəaliyyət göstərməsi
onların tədris prosesinin yaxşılaşdırılması, nəzarətin
asanlaşmasına, keyfiyyətin yüksəlməsinə və mobilliyin
həyata keçirilməsinə əsaslı imkan yaradacaq. Həmçinin
gələcəkdə planlaşdırılır ki, bütün kafedralardan xarici
jurnallarda elmi məqalələr dərc olunsun.
Beynəlxalq əlaqələr
Hazırda ADU-da fəaliyyət göstərən 20-yə yaxın mərkəz
universitetin müxtəlif ölkələrlə əlaqələrinin
qurulmasında Beynəlxalq Əlaqələr Ofisinə kömək edir.
Universitet dünyanın 15-dən çox ölkəsinin 23 müxtəlif
ali məktəbi ilə ikitərəfli əlaqələr qurub. 2010-cu ildə
ADU Azərbaycanda ilk dəfə olaraq TEMPUS layihəsinin
koordinatoru olub. Bu layihə başa çatdıqdan sonra daha
bir TEMPUS layihəsinin (FLEPP) koordinatoru seçilib. Bu
layihələrin nəticələrindən SABAH qruplarının tədris
proqramlarından istifadə olunur. Bundan başqa, ABŞ-ın
Dövlət Departamenti və Amerika Təhsil Şurası ilə
əməkdaşlıq da Azərbaycan dilinin əcnəbilərə
öyrədilməsində yeni təcrübənin əsasını qoyub. Bu proqram
çərçivəsində yay semestri ərzində ABŞ-dan gələn
vətəndaşlar Azərbaycan dilini və mədəniyyətini intensiv
şəkildə öyrənirlər.
ADU bakalavr səviyyəsində Avropa universitetləri ilə
ikili diplom layihəsinin əsasını qoyub. Böyük
Britaniyanın Esseks Universiteti ilə həyata keçirilən
ikili diplom (2+2) layihəsi ikinci kursu razılaşdırılmış
kriteriyalara cavab verərək bitirən tələbələrə bu ali
təhsil ocağında təhsillərini birbaşa davam etdirmək
imkanı açıb.
Bu təcrübə magistr pilləsi üzrə də həyata keçirilir.
ADU koordinatoru olduğu TEMPUS (RITSA) layihəsi
çərçivəsində Strasburq Universitetinin Tərcümə və
Beynəlxalq Əlaqələr İnstitutunun sinxron tərcümə
sahəsində magistr diplomunun delokalizasiyası proqramını
həyata keçirməyə başlayıb. Bu layihənin nəticəsində
tələbələr magistr pilləsinin iki ilini ADU-da
tamamlayaraq İTİRİ-nin diplomuna sahib olurlar. Daha
uğurlu nəticə göstərən tələbələr isə təhsillərinin
ikinci ilini İTİRİ-də davam etdirərək magistr dərəcəsini
əldə etmək imkanı qazanırlar.
Bundan başqa, İtaliyanın Perucia Universiteti və
Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində
2007-ci ildən bu günə qədər ADU-nun 3 müəllimi və 31
tələbəsi italyan dili, peşə hazırlığı və s. kurslarda
iştirak ediblər.
Koreya Hankuk Universiteti (HUFS) ilə bağlanan
ikitərəfli əməkdaşlıq müqaviləsi nəticəsində 2007-ci
ildən bu günə qədər HUFS-dan ADU-ya 5, ADU-dan HUFS-a 15
tələbə təhsil almağa göndərilib.
Universitetdə 2013-cü ildən fəaliyyət göstərən Çin
mərkəzi Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq
edir. Bu əməkdaşlıq çərçivəsində 2014-2015-ci tədris
ilində universitetin 3 əməkdaşı staj keçmək üçün Çinə
göndərilib.
ADU, həmçinin, Norveçin Oslo və Aqder universitetləri
ilə mütəxəssis hazırlığı, bu ölkədə təşkil edilən yay
məktəblərində müəllimlərin ixtisasartırma və tələbələrin
yay kurslarında iştirakı məqsədi ilə sazişlər imzalayıb.
Bu sazişlər çərçivəsində universitetin 4 tələbəsi
Norveçdə təhsil alaraq Norveç dili və Norveçşünaslıq
ixtisasları üzrə məzun olub. Hazırda isə 6 tələbə Oslo
və Aqder universitetlərində magistr pilləsi üzrə
təhsillərini davam etdirir. Bundan başqa, ADU-nun
doktorantları da elmi staj keçmək üçün Norveçə səfər
edirlər. 2008-ci ildən bu günədək 64 tələbə və 19
müəllim yay məktəbi kurslarında iştirak edib.
ADU-nun tələbələri Polşa, Böyük Britaniya, Hindistan,
İndoneziya, Malayziya, İsrail və s. kimi dövlətlərin
universitetlərində də təhsillərini davam etdirirlər.
Universitet həm də beynəlxalq proqramlarda mobilliyi ilə
seçilir. Hazırda universitet ERASMUS-un 4
layihəsinin-ALRAKİS II, BACKİS, EMBER və HERMES-in
iştirakçısıdır.
2013-2014-cü tədris ilində ALARKİS II proqramı
çərçivəsində 9 bakalavr tələbə Avstriya, Almaniya,
İtaliya, Çexiya, Hollandiya, 1 magistr, 1 doktorant
tələbə isə Belçikaya göndərilib.
BACKİS proqramı çərçivəsində 2013-2014-cü tədris ilində
4 bakalavr, 1 magistr tələbə və 1 universitet əməkdaşı
Belçika, Hollandiya, Çexiya və Estoniyaya göndərilib.
2014-2015-ci tədris ilində 8 bakalavr və 3 magistr
tələbə Polşa, Estoniya və İspaniya universitetlərinə
daxil olub. Həmçinin 7 bakalavr, 2 magistr və 1
doktorant tələbə Almaniya, İsveç, Estoniya və İspaniyaya,
2 bakalavr tələbə isə Bolqarıstan və Yunanıstana
göndərilib.
Bundan başqa, ECDL (European Computer Driving Licence -
Beynəlxalq Kompüter Səviyyə ölçmə sertifikatı)
sertifikatlarını almaq üçün ADU-da ECDL kurslarından
qeydiyyatdan keçib, təlimlərdə iştirak edib və imtahan
vermək lazımdır. Qeyd edək ki, ECDL Sertifikatları
bütün Avropada tanınır.
İKT Mərkəzi COMOLTE (Consortiumfor Modern
LanguageTeacherEducation) layihəsində bir çox Avropa
universitetləri ilə bir yerdə işləyir və onlara texniki
dəstək göstərir. TEMPUS-un proqramlarından olan COMOLTE
məsafədən təhsil üçün nəzərdə tutulan layihədir.
Tələbə Gənclər Təşkilatı
ADU-nun Tələbə Gənclər Təşkilatı 2005-ci ildən
fəaliyyət göstərir. Onun tərkibində "Diplomat", "Debat",
"İncəsənət", "Vətənpərvərlər", "Kitab" klubları var. Bu
yaxınlarda bir tələbənin təklifi ilə "Şahmat" klubu
yaradılması istiqamətində işlərə başlanılıb. TGT-nin
təxminən 2000-dən çox üzvü var. Yeni tədris ilində "Debat"
klubu Bakı Debat Forumunun rus bölməsi üzrə qalibi olub.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən
"Mənim təhsilim, mənim gələcəyim" kampaniyasında ADU-nun
Tələbə Gənclər Təşkilatı təhsildə göstərdiyi aktiv
fəaliyyətə görə "Təhsil açarı" mükafatına layiq görülüb.
TGT sosial layihələrdən də geri qalmır. Belə ki,
təşkilatın üzvləri daim uşaqlar və qocalar evinə qonaq
gedirlər. Hazırda TGT-nin əsas işi "Bakı-2015" birinci
Avropa Oyunları üçün tələbələrin maarifləndirilməsi
yönündə fəaliyyət göstərməkdir.
İnformasiya Resurs Kompleksi
İnformasiya Resurs Kompleksi (İRK) Azərbaycan
Respublikası Prezidentinin maliyyə dəstəyi ilə 2008-ci
ildə yaradılıb. Kompleks on aktiv mərkəz və digər
müxtəlif fəaliyyət növlərindən ibarətdir. Məqsəd
Azərbaycanın ali təhsil müəssisələrinin dünya ali təhsil
məkanına inteqrasiyasına yardımçı olmaq, İRK vasitəsilə
Azərbaycan təhsil sisteminin dünya standartlarına uyğun
inkişafına xidmət etməkdir. Strategiyası milli səviyyədə
qlobal informasiya cəmiyyəti quruculuğuna yardımçı olmaq
elm və mədəniyyətin informasiyalaşdırılması proseslərini
himayə etmək və bu sahədə maarifləndirici fəaliyyət
göstərməkdir. Universitetin gələcəkdə şəhərciyinin
salınması planlaşdırılır. Həmin şəhərcikdə kompleksin
daha da genişlənməsi nəzərdə tutulub. Kompleksin 5000-ə
yaxın daimi istifadəçisi, 15 minə yaxın kitabı var.
Keçən il kompleksdə yenidənqurma və təmir-bərpa işləri
aparılıb. TV studiya və Amerika Uşaq Mərkəzi yaradılıb.
Kompleksdə bütün xidmətlər ödənişsizdir.
Bakı Amerika Mərkəzi İnformasiya Resurs Kompleksi
yaranan gündən fəaliyyət göstərir. Dünyanın 145
ölkəsində fəaliyyət göstərən Amerika mərkəzlərindən
biridir. Mərkəz ABŞ səfirliyi tərəfindən dəstəklənir və
maliyyələşdirilir. Burada əsasən ABŞ səfirliyinin
layihələri, seminarlar və təqdimatlar keçirilir.
Mərkəzdə həmçinin könüllü kimi də fəaliyyət göstərmək
olar. Amma bunun üçün müsahibədən keçmək lazımdır.
Mərkəz 8 nazirlik, 9 məktəb, 21 universitet, 35 yerli
və xarici kompaniya ilə əməkdaşlıq edir. Partnyor
məktəblər bəzən gəlib dərslərini burada keçirlər.
Mərkəzdə təxminən 5000-dən çox kitab toplanıb. Müxtəlif
mövzularda olan bu kitabların əksəriyyəti ingilis
dilindədir. Kitablar 20 gün müddətində evə verilir, amma
bunun üçün istifadəçi kartı olmalıdır. Lakin bir nüsxəli
kitablar evə verilmir. O kitablardan yalnız mərkəzdə
istifadə etmək və surətini çıxarmaq olar. Həmçinin
mərkəzdə ingilis dili bacarıqlarını yoxlayan imtahanlara
hazırlıq üçün test materialları var. Mərkəzdə kompüter
zalı da mövcuddur. Mərkəz həftənin 2-6-cı günləri
fəaliyyət göstərir. Müəllimlərin bir çoxu dərslərini
burada keçir. Hər gün mərkəzdə CNN kanalı vasitəsilə kim
istəsə dünya xəbərlərini izləyə bilər. Bundan əlavə,
mərkəz bütün yaş kateqoriyaları üzrə danışıq klubları
təşkil edir. Müəllimlər həm yerli, həm də xaricidir.
Danışıq klublarına qeydiyyat ildə bir dəfə, əsasən payız
aylarında aparılır. ABŞ səfirliyi bir ay əvvəl "Fifty
stars" (50 ulduz) layihəsinə start verib. Mərkəzdə ayda
iki dəfə psixoloq tərəfindən cəmiyyəti narahat edən
mövzular müzakirə olunur. Təlim hər kəs üçün açıqdır.
Mərkəzdə həmçinin ingilis dili müəllimləri və ingilis
dili müəllimi olmağa hazırlaşan tələbələr üçün
vebinarlar təşkil olunur.
ABŞ səfirliyi hər il "Getting to now to USA" adlı təhsil
proqramı təşkil edir. Hər kəs üçün açıq olan bu layihədə
ABŞ-a dair mövzular müzakirə olunur. Mərkəzdə həmçinin
Azərbaycan və Amerika bayramları keçirilir.
Mərkəzin üstünlüklərindən biri isə dünyanın bir çox
bahalı elmi bazalarına abunə olmasıdır. Belə ki, mərkəzə
daxil olub bütün elmi bazalardan pulsuz istifadə etmək
mümkündür. Mərkəzdə həmçinin Amerikanın elmə aid ən
məşhur qəzet və jurnalları da var ki, bunları da evə
götürüb oxumaq olar. ABŞ-da təhsil, təqaüd proqramları
ilə də bağlı istənilən informasiyanı mərkəzin
əməkdaşlarından öyrənmək mümkündür.
Uşaq Amerika Mərkəzi
keçən il yaradılıb. Burada məktəbəqədər yaşlı uşaqlar
üçün danışıq klubları təşkil olunur və müxtəlif
bayramlar keçirilir. Mərkəzdə ingilis dilində uşaqlar
üçün ədəbiyyatlar toplanıb. Valideynlər istifadəçi kartı
əldə edib uşaqları üçün kitablar götürə bilərlər.
Britaniya Mərkəzində
isə 27 dildə kitab tapmaq mümkündür. Bu mərkəzin də öz
kitabxanası var və kompüterlərlə təmin olunub.
Kompleksdə ümumi 15 min kitab varsa onun, təxminən, 10
mini Britaniya mərkəzinin payına düşür. British
Council-in mərkəzlə əməkdaşlığı çərçivəsində onların
kitabları ayrıca bir bölmədə toplanılıb. Həmçinin BP-nin
mərkəzə hədiyyə etdiyi neft, qaz və enerji sahəsinə dair
kitablardan texniki sahədə təhsil alan tələbələr də
istifadə edir. Bu mərkəzdə ingilis və rus dillərində
DVD-lərdən də istifadə etmək olar. Həm də xaricdə təhsil
proqramları ilə bağlı broşürlər də var.
Türk Xalqlarının Folklor Mərkəzinin
əsas missiyası türk xalqlarının folklorunu tanıtmaqdır.
Bununla bağlı istənilən məlumatı bu mərkəzdən əldə etmək
olar. Bundan əlavə, türk xalqlarının mədəni irsini
qorumaq üçün müxtəlif tədbirlər, sərgilər və festivallar
da keçirilir.
Əcnəbi Xalqların Folklor Mərkəzində Avropa və Amerika
xalqlarının folkloru toplanıb. Burada toplanan əşyalar
təmsil olunduqları ölkənin nümayəndələri və səfirliklər
tərəfindən mərkəzə hədiyyə edilib. Mart ayında mərkəzdə
"Əl işləri" sərgisi keçiriləcək. Bu sərgiyə 5 təhsil
müəssisəsi cəlb olunub.
İnnovasiyalar Mərkəzi
dünya təhsil sistemində aparılan innovativ tədbirlərin
öyrənilməsi, Azərbaycanda tətbiqi və təbliği ilə məşğul
olur. Burada əsasən informatika dərsləri keçilir. Elmi
bazalardan maraqlı məqalələr seçilir, dərc olunur və
mərkəzdə olan lövhələrə vurulur ki, tələbələr
informatika dərsləri ilə yanaşı yeni məlumatlar da əldə
etsinlər.
Elektron Resurs Mərkəzi
üç bölmədən ibarətdir: elektron kataloqlaşdırma,
elektron komplektləşdirmə və elektron kitabxana. ADU-nun
və digər təhsil müəssisələrinin (Universitet, kollec,
məktəb, lisey və s.) fəaliyyət istiqamətləri, elmi
tədqiqat işlərinin mövzularına müvafiq informasiya
təminatı həyata keçirilir. ADU-nun elmi nəşrlərinin tam
mətnli məlumat bazalarının hazırlanması və dünya
informasiya məkanına çatdırılması bu mərkəzin işidir.
Kompleksdə olan bütün resurslar elektron kataloqda öz
əksini tapır, ondan sonra birbaşa mərkəzlərdə
yerləşdirilir. Mərkəz həmçinin elektron kitabxananı da
tərtib edir. Təxminən 17 mindən çox elektron kataloqda
baza yerləşdirilib. Elektron kitabxanaya daxil edilən
kitabların müəllifləri ilə ikitərəfli müqavilə
imzalanır.
TV studiya
keçən il açılıb. Jurnalist tələbələr burada təcrübə
keçirlər. Dünyanın müxtəlif yerləri ilə canlı əlaqə
saxlayıb, müzakirələr aparmaq mümkündür. Həmçinin
müxtəlif qısametrajl filmlərin çəkilişinə də icazə
verilir.
Məlumat - Sorğu Mərkəzində
dünya standartlarına uyğun müasir məlumat -
biblioqrafiya xidmətinin göstərilməsi həyata keçirilir
(müxtəlif etibarlı elektron və ənənəvi mənbələrdən
istifadə).
Fotolar: Rəşad RAMAZANOĞLU |