Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Uşaqların I sinfə qəbulu ilə bağlı qanunvericiliyin əsasları

 

Uşaqların I sinfə qəbulu "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil  müəssisələrinə  qəbulu və yerdəyişməsi  Qaydaları"na  və  digər  hüquqi normativ aktlara əsasən həyata keçirilir. 

Sual-cavab 

Elektron sistem hansı zərurətdən tətbiq edilir?

I sinfə elektron sənəd qəbulu təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlər dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə yalnız xidmət edir.

I sinfə elektron sənəd qəbulu hansı sayt vasitəsi ilə aparılacaqdır?

Elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

Elektron sistemin tətbiqi mövcud qaydalarda hansı dəyişiklikləri nəzərdə tutur?

Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur. 

Elektron sistemdən istifadə ödənişlidirmi?

Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.

Elektron ərizənin qeydiyyatı harada aparıla bilər?

Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.

Alternativ sənəd qəbulu komissiyaları harada təşkil olunacaqdır?

Səbail rayonu - 2 nömrəli THL, Nizami rayonu - 145 nömrəli, Nəsimi rayonu - 133 nömrəli, Yasamal rayonu - 18 nömrəli, Nərimanov rayonu - 47 nömrəli, Xətai rayonu - 191 nömrəli, Sabunçu rayonu - 252 nömrəli, Suraxanı rayonu - 114 və 279 nömrəli, Qaradağ rayonu - 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaqdır.

Elektron sistemlə istifadəçi arasında hansı əlaqə vasitələrindən istifadə edilir?

Mobil telefon və ya e-mail ünvanı.

E-mail ünvanı olmadan qeydiyyatdan keçmək mümkündürmü?

Bəli. Qeydiyyat mobil telefon nömrəsi ilə keçirilə bilər.

I sinfə qəbul üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?

Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:

şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi);

uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);

2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil;

məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);

valideynin (digər qanuni nümayəndənin) "Şəxsi Kabinet"indən çap  olunmuş "Buraxılış vərəqi" (zəruri deyil).

Məktəblərin seçimi hansı qaydada aparılır?

Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.

Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü?

Valideyn təlim dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə etmək üçün 5 məktəb seçib siyahıya əlavə edə bilər, lakin ona bu məktəblərdən yalnız birinə sorğu yerləşdirmək hüququ verilir.

Seçim edərkən eyni zamanda bir neçə məktəbdə qeydiyyatdan keçmək mümkündürmü?

Xeyr.

Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?

Bəli. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

Xarici ölkə vətəndaşının qeydiyyatı necə aparılır?

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında.

Sual yarandıqda haraya müraciət etmək olar?

- qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya;

- bütün digər hallarda  rayon ərazisində fəaliyyət göstərən apelyasiya komissiyasına.

6 yaşı tamam olmayan uşaqların qeydiyyatı hansı müddətlərdə aparılır?

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır.

6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu hansı əsaslarla və nə vaxt aparılır?

Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən, iyulun 13-dən 31-dək aparılacaqdır.

6 yaşı tamam olmayan uşaqlar hansı hallarda müsabiqədənkənar qəbul edilə bilər?

Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib  uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər.

6 yaşı tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə, haraya və nə zaman müraciət edə bilər?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 15 iyuldan 10 avqustadək müraciət edə bilər.

Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat nə vaxt aparılır?

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.

Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlərmi?

Bəli.

Qəbul müsabiqə əsasında aparılan müəssisələrin, lisey və gimnaziyaların bir neçəsinə sorğu yerləşdirmək mümkündürmü?

Ümumtəhsil məktəblərindən fərqli olaraq yalnız ikisinə.

Uşaqların yerləşdirilməsi necə həyata keçirilir?

Məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra.

Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.

Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?

Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?

Elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaqdır. "Evdə təhsilin təşkili Qaydaları"nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.

 Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?

Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov