Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2015 - №08

 

Həsən İbrahim oğlu Mirzəyev

 

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev 2015-ci il fevralın 25-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948-1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almışdır.

Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlamışdır. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru işləmişdir. Həsən Mirzəyev 1959-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji institutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxumuş, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışmışdır. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutmuşdur.

Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən Həsən Mirzəyev 1998-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Bütün bu dövr ərzində öhdəsinə düşən hər bir işə o, dərin məsuliyyətlə yanaşaraq fəaliyyət göstərdiyi sahələrdə yüksək peşəkarlıq nümayiş etdirmişdir.

Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1990-cı ildə professor elmi adını almışdır.

Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus yeri vardır. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun, həmçinin folklorşünaslıq sahəsində fəaliyyəti təqdirəlayiqdir. Həsən Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görmüşdür. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu.

Filologiya üzrə ixtisaslı kadrların hazırlanması işində Həsən Mirzəyev öz bilik və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi altında bir çox tədqiqatçı dissertasiya müdafiə etmişdir. Həsən Mirzəyevin dilçiliyin aktual məsələləri ilə bağlı müxtəlif elmi simpozium və konfranslardakı çıxışları daim rəğbətlə qarşılanmışdır.

1990-cı illərin əvvəllərindən etibarən respublikada cərəyan edən ictimai-siyasi proseslər zamanı Həsən Mirzəyev fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmiş və taleyüklü hadisələrə münasibətdə Azərbaycan xalqının milli mənafelərinə daim sadiq qalmışdır.

Həsən Mirzəyevin çoxillik elmi-pedaqoji və ictimai fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Tanınmış pedaqoq, dilçi alim və xeyirxah insan Həsən İbrahim oğlu Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin! 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Mehriban Əliyeva,
Elçin Əfəndiyev, Əli Həsənov, Əli Əhmədov, Akif Əlizadə, Hacıbala Abutalıbov,

Fatma Abdullazadə, Mikayıl Cabbarov, Anar Rzayev, Yusif Məmmədov,
Ağamusa Axundov, Tofiq Hacıyev

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov