Böyük
Britaniya parlamenti lordlar palatasının üzvü lord Mayk
German M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialında olub. Britaniyalı qonaq MDU-nun Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü, filologiya
elmləri doktoru, professor Nərgiz Paşayeva və ali
məktəbin ingilis filologiyası fakültəsinin tələbələri
ilə görüşüb. Qonağı salamlayan professor N.Paşayeva
lord Germanın MDU-nun Bakı filialında ilk dəfə
olduğunu bildirərək bu səfərin hər iki tərəf üçün
səmərəli əməkdaşlığın və maraqlı işlərin başlanğıcı
olacağına əminliyini ifadə edib. Onun sözlərinə görə,
lord Germanın həmsədri olduğu İngiltərə-Azərbaycan
Cəmiyyəti MDU-nun Bakı filialının tələbələri üçün
ingilis ədəbiyyatına həsr olunmuş ingilis dilində esse
yazı müsabiqəsi elan edib. Müsabiqənin qalibi üçün
böyük ingilis ədibi Vilyam Şekspirin vətəni Böyük
Britaniyaya bir həftəlik səfər təşkil ediləcək, II və
III yerləri tutan tələbələrə isə həvəsləndirici
mükafatlar təqdim olunacaq. Rektor qeyd edib ki, esse
yazarkən tələbələr ingilis dilinə xüsusi diqqət
ayırmalıdırlar. "Siz esseni məhz İngiltərənin tələbə və
şagirdlərinin yazdığı ingiliscədə yazmalısınız.
Məqsədimiz odur ki, sizdə düzgün məktub yazmaq
vərdişləri formalaşsın. Ölkədə ingilis ədəbiyyatı
haqqında ingilis dilində yazan alimlər yoxdur. Mən
istəyirəm ki, belə bir ənənə, belə bir elmi məktəb
bizdə yaransın. Bu məktəbi siz yarada bilərsiniz",-deyə
rektor N.Paşayeva tələbələrə müraciət edib. O əlavə
edib ki, bu müsabiqə tələbələr üçün İngiltərə
universitetləri ilə birgə işlərin aparılmasında körpü
rolunu oynaya bilər.
Qeyd edək ki, 1997-ci ildə təsis olunmuş
İngiltərə-Azərbaycan Cəmiyyəti ölkələrimiz arasında
münasibətlərin inkişafında misilsiz xidmətlər
göstərib. Cəmiyyət Azərbaycan və Böyük Britaniyada
bir sıra humanitar, sosial və mədəni layihələr həyata
keçirir. Cəmiyyətin Böyük Britaniya tərəfdən həmsədri
(2014-cü ildən) lord Mayk German, Azərbaycan tərəfdən
isə (2007-ci ildən) professor Nərgiz Paşayevadır.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |