47-ci
Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan
milli komandasına namizədlərin seçilməsi üzrə
müsabiqənin zona mərhələsi başa çatıb.
Bu mərhələdə X və XI siniflər üzrə ümumilikdə 693 şagird
iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 215
şagird respublika mərhələsində iştirak etmək hüququ
qazanıb.
Martın 1-də M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında seçim turunun respublika
mərhələsi keçiriləcək. Bu mərhələdə şagirdlər 20
çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları
cavablandıracaqlar. Bunun üçün onlara 4 saat vaxt
ayrılacaq.
Respublika mərhələsinin nəticələrinin imtahan başa
çatdıqdan 5 gün sonra elan olunması nəzərdə tutulur.
Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən
ediləcək.
47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il
tarixlərində Bakı şəhərində keçiriləcək. Beynəlxalq
Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən
Azərbaycanda keçirilməsi nəzərdə tutulan olimpiadada
dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək. 47-ci
Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə
keçirilməsi barədə Təhsil Nazirliyi tərəfindən müvafiq
əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, professor
Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi
yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq
Kimya Olimpiadasında çıxış edəcək milli komandaya
namizədlərin seçilməsi qaydaları təsdiq edilib.
Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə
1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki
Çexiya) keçirilib. Sonuncu - 46-cı olimpiada 2013-cü
ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın
Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri
bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək
onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24
medal qazanıblar.
47-ci Beynəlxalq Kimya Olimpiadası ilə bağlı ətraflı
məlumat olimpiadanın rəsmi internet saytında (http://icho2015.msu.az/)
yerləşdirilib.
www.edu.gov.az |