Vətəndaş müraciətlərinə qanunauyğun və operativ
baxılmasında, təhsil müəssisələrinin fəaliyyətində
şəffaflığın təmin olunmasında və şagird kontingentinin
planlaşdırılmasında elektron xidmətlərin sayının
genişləndirilməsi və səviyyəsinin yüksəldilməsi, habelə
onlardan istifadə imkanlarının sadələşdirilməsi mühüm
əhəmiyyətə malikdir.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli
Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək
məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 7.4-cü və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də
Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və
gimnaziyalarda 2015/2016-cı dərs ili üçün I sinfə şagird
qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem
vasitəsilə həyata keçirilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi elektron ərizə
qəbulunun forma və proseduru barədə ictimaiyyətin
məlumatlandırılmasını təmin etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur
qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet
saytında yerləşdirilməsini təmin etsin.
4. İqtisadiyyat şöbəsi (R.Orucov) I sinfə şagirdlərin
elektron qəbulunun həyata keçirilməsi ilə əlaqədar
maliyyə məsələlərinin həll olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 fevral 2015-ci il |