Prezident İlham Əliyev açılış mərasimində iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də
Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında
iştirak edib. Dövlətimizin başçısı bağçanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi
siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların
təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların
sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu
istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu
da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər
tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir
uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu
baxımdan vacib əhəmiyyət daşıyır.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər
Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən
birini təşkil etməsi "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramı"ndan da görünür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət
dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən
qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə
nail olunmasına geniş yer ayrılıb və bu istiqamətdə çox
mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Mingəçevirdə inşa olunan uşaq bağçası bir
daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu
qəbildən layihələr ardıcıl xarakter alıb və artıq
respublikanın bütün bölgələrini əhatə edir.
Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü
ilin aprelində başlanılıb. Uşaq bağçasının foyesində
ümummilli lider Heydər Əliyevin, dövlətimizin başçısı
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və
qayğını əks etdirən fotolardan ibarət stendlər
yaradılıb. Bağçada məşğələ, oyun, tibb otaqları var.
Uşaq bağçasında kompüter, rəsm, şahmat otaqları da
balacaların ixtiyarına veriləcək. İkimərtəbəli binada
uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı
kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada
qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları
rəhbər tutulub, uşaqların istirahəti və əyləncəsi üçün
geniş imkanlar yaradılıb. Təhsil ocağındakı bütün
otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada
balacaların ilk yaşlarından intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin üzə
çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla
ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq.
Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq
zolaqları salınıb, yay çardaqları və oyun meydançası
quraşdırılıb.
AzərTAc |