Türkiyənin Antalya şəhərində keçirilən, sayca 2-ci olan
"TURKİSH OPEN" turnirinə yekun vurulub. 70 ölkədən 1200
taekvandoçunun qatıldığı G1 kateqoriyalı beynəlxalq
yarışda millimiz 46 idmançı və məşqçi müəllim heyəti ilə
təmsil olunub.
Komandamız bu turnirdə 1 qızıl,1 gümüş və 6 bürünc,
ümumilikdə 8 medal qazanıb. Belə ki, 3 gün davam edən
yarışda kişilər arasında 54 kq çəki dərəcəsində
mübarizəyə qatılan Mikayıl Əliyev rəqiblərinə şans
verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclər arasında isə qızlardan Nərgiz Mirzəyeva (42 kq)
gərgin keçən final döyüşündə Fransa təmsilçisinə qızıl
xalda məğlub olaraq gümüş medalla kifayətlənməli olub.
Digər idmançılardan yeniyetmələr arasında Anar Hüseynli
(49 kq), gənc qızlar arasında Mehriban Məmmədova (42
kq), Gülsüm Gültekin (59 kq), Betül Bakir (63 kq),
kişilər arasında isı Məhəmməd Məmmədov (58 kq) və Radik
İsayev (87 kq) yarımfinal mərhələsində məğlub olaraq
yarışı bürünc medalla başa vurublar.
Xatırladaq ki, komandamız Dünya Taekvando Federasiyası
(DTF) və Türkiyə Taekvando Federasiyası (TTF) tərəfindən
təşkil edilən yarışa ATF-in vitse-prezidenti Niyaməddin
Paşayevin rəhbərliyi ilə qatılmışdır. |