Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) əməkdar
incəsənət xadimi, professor Tərlan Seyidovun fortepiano
sinfinin tələbələrinin iştirakı ilə konsert keçirilib.
Bakı Musiqi Akademiyasının 95 illik yubileyinə həsr
olunan konsertdə BMA-nın elmi işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Aytən İbrahimova pianoçuların
repertuarına zəngin və geniş üslub diapazonlu proqram
daxil olduğunu diqqətə çatdırıb. Bildirib ki, proqrama
həm solo əsərlər - Frederik Şopen və Edvard Qriqin
sonataları, Moris Ravelin sonatinası, Ferens Listin
İ.S.Baxın orqan fantaziya və fuqasının transkripsiyası,
eyni zamanda da ansambl əsərləri - Robert Şuman və
Sergey Prokofyevin fortepiano konsertləri daxildir.
Proqram magistratura şöbəsinin tələbələri, beynəlxalq və
respublika müsabiqələri laureatları Tamara Xəlilova,
Anna Biryukova, Firuzə Nəcəfli, Kamran Əliyev və üçüncü
kurs tələbəsi Nigar Hüseynzadənin ifalarında təqdim
olunub.
Konsertdə həm də Tərlan Seyidovun məzunları, beynəlxalq
müsabiqələr laureatı Fəqan Həsənli və professorun
assistenti Nuranə Zeynalova iştirak ediblər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |