Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

"Əsas işim universitetimizə xaricdən tələbə cəlb etməkdir"

 

Şimali Kipr Türk Cümhuriyyətində çalışan həmyerlimiz Orxan Həsənoğlu rubrikamızın qonağıdır 

Yusif  ƏLİYEV,
"Azərbaycan müəllimi", əməkdar jurnalist,
Almaz HƏSRƏT,
Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim

Tərcümeyi-haldan sətirlər  

Orxan Həsənoğlu 1980-ci ildə Naxçıvanda anadan  olub. Saltaq kənd məktəbini bitirib. Şimali Kiprə getməzdən öncə Azərbaycanda bir sıra müəssisələrdə işləyib. Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətində (TÜSİAB) İctimai əlaqələr və mətbuat katibi olub, Milli Aerokosmik Dövlət Agentliyində çalışıb, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dərs deyib. Sonuncu iş yeri isə universitetlərdən birində rektor köməkçisi və nəşriyyat direktoru olub. Beynəlxalq əlaqələr sahəsində mütəxəssisdir. Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetində Millətlərarası Yay İngiliscə Mərkəzinin direktorudur, eyni zamanda İstanbul Avropa İnstitutunda direktor vəzifəsini icra edir.

 Elm Kiprdə də olsa...

 İnternet vasitəsi ilə arayıb tapdığımız Orxan müəllimə ilk sualımız ənənəvi oldu. "Necə oldu ki, Şimali Kipr Türk Cümhuriyyətinə getdiniz".  Həmsöhbətimiz  sualımızı cavablandırmadan öncə qəzetimizin xaricdə yaşayıb təhsil müəssisələrində müəllim, elmi-tədqiqat institut və mərkəzlərində elmi işçi kimi çalışan həmvətənlərimiz haqqında verdiyi yazılara münasibət bildirdi və layihəmizi dəstəklədiyini söylədi: "Azərbaycanımızın təhsil tarixində önəmli bir yerə sahib olan "Azərbaycan müəllimi" qəzetində mənə də belə bir fürsət verildiyi üçün başda qəzet rəhbərliyi olmaqla sizlərə təşəkkür edirəm. Sizin vasitənizlə əziz xalqımızı və oxucularınızı salamlayıram".

Orxan Həsənoğlu ilk dəfə qardaş Şimali Kiprə magistratura və doktorantura təhsili almaq üçün gedib və tale elə gətirib ki, elə getdiyi yerdə də qalaraq işləməli olub. "Təhsil almağa gəldiyim ilk zamanlardan elə rektorluq ofisində iş təklif olundu və bunu sevərək qəbul etdim", - deyən müsahibimizə çox qısa zaman lazım olub ki, universitetin türk ölkələrində tanınması və çoxlu sayda tələbələrin bura cəlb olunması ilə bağlı fəaliyyəti və həyata keçirdiyi layihələrlə tanınsın və rəhbərliyin hörmətini qazansın. Həm də onun həyata keçirdiyi layihələr universitet rəhbərliyinin, xüsusən də rektorun gözündən yayınacaq layihələr olmayıb. Nəticə isə gözlənilməz olub. Onu elə işlədiyi ilk ilin sonuna yaxın Türk ölkələri üzrə rektor müşaviri vəzifəsinə təyin ediblər.

 Girne Amerikan Universitetində praktikaya üstünlük verilir 

Müsahibimizə növbəti suallarımız işlədiyi universitet haqqındadır. "Orada tədris necə qurulub? Müəllimlərə, tələbələrə nə kimi tələblər verilir? Qiymətləndirmə, imtahanlar necə aparılır?".

Onun dediklərindən məlum olur ki, Girne Amerikan Universiteti nəinki  Şimali Kiprdə, hətta Avropada tanınan ali təhsil müəssisəsidir. Burada tədris Amerika modelinə uyğun aparılır. Bu, 2005-ci ildə Bolonya prosesinə qoşulandan sonra Azərbaycan universitetlərində tətbiq olunan modelə yaxındır. Universitetdə daha çox praktikaya üstünlük verilir. Gələcəyin kadrları tədris prosesindən öz sahələrində təcrübəyə başlayırlar. Bu da onların yaxşı kadr kimi formalaşmalarına və həyat təcrübəsinə yiyələnmələrinə çox böyük təsir göstərir. Burada ən çox istifadə edilən metod texnoparklardır. Texnoparklar yeni ideya və fikirlərin tətbiqinə şərait yaradan qurumlar kimi gələcək mütəxəssislərin, sahibkarların yetişməsində böyük rol oynayır.

Girne Amerikan Universitetinin Vaşinqton, İngiltərə, Honkonq, İstanbul və Kipr kampusları var. Universitetdə 2 min nəfərdən çox professor-müəllim heyəti çalışır.

Burada  müəllimlərə verilən əsas tələb öz ixtisasını ən müasir tələblər səviyyəsində bilməsi, tədrisi yüksək səviyyədə aparmasıdır. Xaricdə universitetlər arasında böyük bir rəqabət var. Bu rəqabətdə üstünlüyü öz ixtisasına ən yaxşı yiyələnmiş mütəxəssis  yetişdirə bilən universitet qazanır.

Qiymətləndirmə tələbənin imtahanlarda göstərmiş olduğu aktivliyə görə aparılır. Heç bir kənar qüvvə nəticələrə təsir edə bilmir. İmtahanlar əsasən müəllimlərin öz üsullarını tətbiq etməsi ilə universitetin nizamnaməsində nəzərdə tutulan qaydalar  çərçivəsində aparılır. Bütün imtahanlar həmin fənləri tədris edən professorların öz iştirakı və ya onların köməkçilərinin nəzarəti altında keçirilir. Orxan müəllimin dediyinə görə, o əsasən idarəedici orqanda işlədiyindən tədrisin gedişinə heç bir müdaxiləsi yoxdur. Onun vəzifə funksiyasına yalnız dünyada tələb olunan ixtisasların universitetdə açılması, xarici tələbələrin cəlb olunması və müxtəlif tədris proqramlarının hazırlanması daxildir. Həmyerlimiz  qısamüddətli ixtisasartırma sahəsində də aktiv fəaliyyət göstərir. 

Şimali Kiprdə təhsilə ildə 100 milyard dollar ayrılır 

"Şimali Kipr Türk Cümhuriyyətinin taleyi bizim ölkənin taleyinə çox bənzəyir". Yaşadığı ölkə haqqında verdiyimiz sualı Orxan Həsənoğlu bu sözlərlə cavablandırmağa başladı. "Bilirsiniz ki, bu balaca ölkə keçmişdə bir çox müharibələrə meydan olub. Bizim Qanlı Yanvarımız var. Kiprin Qanlı Nueli. Bizim torpaqlarımız işğal olunub, bunlarınkı da. Bizdə insanlar doğma yurd-yuvalarından didərgin düşüb. Eyni hadisələr burada da baş verib. Dünya xalqları son illərə qədər Kipr deyiləndə ilk olaraq müharibəni xatırlayıb. Bu gün də mən tez-tez xaricə gedirəm. Tanıtımlarımızda ən çox qarşılaşdığım suallar bu müharibələrlə bağlı olur.

Son illərdə Şimali Kipr dünyada  ən çox universitetləri ilə tanınır. Təhsil dövlət büdcəsinin çox böyük bir hissəsini təşkil edir.  Təhsil sahəsinə ildə təxminən 100 milyard dollar vəsait qoyulur. Böyük kampuslar inşa olunub. Dövlət büdcəsi universitetlərin ödədiyi vergilər sayəsində idarə olunur. Adada 65 minə yaxın tələbə təhsil alır. Onların burada olması bütün kiprlilər üçün bir nemətdir. Girne Amerikan Universiteti davamlı olaraq təhsil sahəsinə investisiyalar qoyur. Bizim kollecimiz, texnikumlarımız, kampusumuz bütün beynəlxalq tələblərə cavab verir. Həm də yerləşdiyimiz Girne şəhəri bizimlə birlikdə inkişaf edir. Kipr universitetlərinin inkişaf etməsi üçün də onlara dəstək oluruq. Dövlət özü də bu sahəyə diqqət göstərir. Tələbələrin başda viza problemləri olmaqla gündəlik ehtiyacları üçün bütün dəstəyi verir. Xüsusi qeyd etmək istəyirəm ki, Türkiyə Cümhuriyyətinin verdiyi təhsil layihələrindəki qrantlar sayəsində burada universitetlər sürətlə inkişaf edir. Təbii, əsas hədəflərimizdən biri Kiprdə birinci olduğumuz kimi dünya universitetləri sırasında da ən ilk sıralarda yerləşməkdir. Girne Amerikan Universiteti onlarla beynəlxalq akkreditasiyadan keçib.  Burada verilən diplom bütün dünyada tanınır".

Qardaş türk dövləti haqqında məhəbbətlə danışan həmvətənimiz qəribə bir fakta da münasibət bildirdi:  "Bizim auditoriyalarda onlarca xarici ölkədən təhsil almaq üçün gələn tələbələr var. Ancaq onların gəldiyi dövlətlər Şimali Kipr Türk Cümhuriyyətinin varlığını qəbul etmir və onu dövlət kimi tanımırlar. Bununla bərabər təhsil bütün baryerləri aşa bilir. Bunun üçün də təhsil bir barış simvoludur. Artıq dünyada təhsil turizmi deyilən bir model formalaşıb".

Müsahibimizin dediklərindən o da məlum olur ki, ŞKTC-də son illər turizm sahəsi də sürətlə inkişaf etdirilir. Burada həm təhsil, həm də turizm üçün gözəl imkanlar var. 

Beynəlxalq akkreditasiyadan keçə bilmək müəllimlərin qarşısına qoyulan əsas tələbdir 

Orxan müəllimə bir sual da ünvanladıq: "İşlədiyiniz yerdə və ümumiyyətlə, ölkədə müəllimlərin ixtisasının artırılması sistemi, onun müəllimin əməkhaqqı ilə əlaqəsi necədir? Müəllim nə qədər əməkhaqqı alır? Bu onun dolanışığına bəs edirmi?". O bu sualımızı da məmnuniyyətlə cavablandıraraq bildirdi ki, ŞKTC-də  müəllimlərin ixtisasının artırılmasına böyük önəm verilir. "Mən azərbaycanlı müəllimlərin də gəlib burada ixtisas artırmaları üçün dəfələrlə layihələr hazırlamışam. Həm onlar Şimali Kiprə gəliblər,  həm də bizim professor-müəllim heyəti Azərbaycana gedib bu kursları aparıblar".

Beynəlxalq akkreditasiyalardan keçə bilmək Girne Amerikan Universitetində müəllimlərin qarşısına qoyulan əsas tələblərdəndir. Burada müəllimlər üçün davamlı olaraq müasir  informasiya-kommunikasiya avadanlıqlarından istifadə sahəsində də kurslar keçirilir. Qiymətləndirmədə obyektivlik, ədalət hissi gözlənilir.  Hər bir müəllim öz təcrübəsinə və keyfiyyətlərinə görə qiymətləndirilir. Qiymətləndirmədə tələbələrin fikirləri də əsas götürülür. Tələbələr internet üzərindən və yazılı rəy bildirirlər. Dərslərdə müəllimin davranışı və imtahanların nəticələri də önəmli rola malikdir.

Akademik dəyərləndirmə sahəsində tələb olunan əsas göstəricilərdən biri beynəlxalq jurnallarda məqalələrin çap olunmasıdır. Universitetlərin beynəlxalq reytinqi müəyyənləşdirilərkən də bu əsas tələb kimi götürülür. Bu, demək olar ki, müəllimlərin attestasiyasıdır. Hər il müəllimlərin akademik aktivliyinə nəzarət olunur. Semestr sonu imtahanlarda onların hətta qiymətləndirdiyi imtahan vərəqləri də bəzən yoxlanılır.   

Müəllimlərin əməkhaqqı 2000-12000 dollar civarındadır 

Girne Amerikan Universiteti bütün dünyadan ən yaxşı müəllimləri ən yüksək əməkhaqqı ilə dəvət edir. Maaşlara gəlincə, minimum olaraq bu rəqəm orta hesabla 2000 ABŞ dollarından başlayır və 10-12 min dollara qədər olur. İnsanların tələbləri və ehtiyacları fərqlidir. Mən öz timsalımda deyə bilərəm ki, aldığımız əməkhaqqı qənaətbəxşdir.

"Boş vaxtlarınızda nə edirsiniz" sualını Orxan müəllim təbəssümlə qarşıladı.  "Düzü, mən heç vaxt boş qalmağa zaman tapa bilmirəm", - dedi.  Bildirdi ki, hər ay bir neçə dəfə xarici ölkələrə gedir.  Universitetin müəllimləri isə boş vaxtlarında əsasən idmanla məşğul olurlar.

Girne Amerikan Universitetində də hər hansı nüfuzlu ali təhsil müəssisəsində olduğu kimi müəllimlərin beynəlxalq jurnallarda məqalə çıxarması çox önəmli hesab olunur. Bu sahədə əsl rəqabət hökm sürür. Bunun üçün çox çalışırlar. Bu müəllimlərin maaşına da təsir edir.

Valideynlərlə əlaqə burada o qədər də önəm kəsb etmir. Çünki universitetdə təhsil almaqla bağlı müqaviləni tələbə öz adından bağlayır və bütün cavabdehlik də onun üstündədir. Universitet tələbəni öz müttəfiqi olaraq qəbul edir. Çox qeyri-adi bir hal olmadıqca valideynlə əlaqə saxlanılmır. Ancaq universitetdə valideynlərin istifadəsi üçün internet səhifəsi var. Onlar tələbənin razılığı olarsa istədikləri gün bu web səhifəyə daxil olaraq övladlarının bütün qiymətlərinə və davamiyyətinə nəzarət edə bilərlər. O səhifədə tələbə haqqında müəllimlərin rəyi və bütün məlumatlar mövcud olur.  

Nəticələr dəyərləndirilərkən tələbələrin dərnəklərdəki fəallığı nəzərə alınır 

Universitetin tələbə həyatı ilə maraqlanırıq.  Orxan müəllimin dediklərinə görə,  Girne Amerikan Universitetində geniş çeşiddə tələbə klubları fəaliyyət göstərir. İdman, fotoqrafçılıq, psixologiya, tennis, futbol, ədəbiyyat və s. kimi onlarca klub və dərnək var. Tələbələr bu sahədə çox fəaldır. Onlar beynəlxalq yarışlarda davamlı iştirak edir və qalib kimi dönürlər. Onların imtahan nəticələri dəyərləndirilərkən bunlar da nəzərə alınır. Universitet  bu istiqamətdə tələbələrə tam dəstək verir. Aktiv tələbələr hətta çox zaman təhsil haqqından tam azad olunurlar. Tələbə klublarını müəllimlər yönəldirlər. 

Həmyerlimiz həm də Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəridir 

Orada ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Orxan müəllimin nə kimi işlər görməsi ilə maraqlandıqda məlum oldu ki, həmyerlimiz gəldiyi ilk ildə burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətini qurub. Hazırda onun sədridir.  Demək olar ki, bütün ilboyu onlarca tədbir keçirilir, ölkəmiz təbliğ olunur. ŞKTC-nin Prezidenti cəmiyyətə davamlı dəstək verir. Beynəlxalq səviyyəli tədbirlər keçirilir. "Azərbaycanın həqiqətlərini bu beynəlxalq atmosferdə qürurla təbliğ edirik. Bu sahədə tələbələrimiz çox aktivdirlər. Azərbaycandan millət vəkillərimiz tədbirlərimizə qatılırlar. Sənətçilərimiz təmənnasız konsert proqramlarımıza gəlirlər. Bayramlarda bizi yalnız buraxmırlar. Qəzetiniz vasitəsi ilə onlara buradan bir daha təşəkkür etmək istərdim. Dünyanın hansı ölkəsində olmasına baxmayaraq bütün həmvətənlərimizin qəlbində hər zaman vətən məhəbbəti var", - deyə müsahibimiz verdiyimiz sual ətrafında düşüncələrini bizimlə bölüşür  və biz sağollaşırıq.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov