Şagirdlər 12 il oxuyacaqlar
Ukraynada
yeni təhsil qanunu hazırlanır
Ukraynanın Təhsil Nazirliyi, ölkə parlamenti (Ali
Rada) və Pedaqoji Akademiyanın, ictimai
təşkilatların nümayəndələrindən ibarət işçi
qrup tərəfindən təhsil haqqında qanunun yeni
redaksiyası hazırlanır. Yeni qanunda 12 illik
təhsilə keçid nəzərdə tutulur. Orta
məktəblərdə 12 illik tədris Avropa təcrübəsinə
uyğundur. Əgər Ukrayna 12 illik təhsil
sisteminə keçsə, onda bu ölkənin verdiyi orta
təhsil attestatları Avropa Birliyində də
tanınmağa başlanacaq. Adətən AB ölkələrində
ibtidai təhsilə 4-7, baza təhsilinə 3-6, yuxarı
məktəblərə isə 2-5 il vaxt ayrılır. Yeni
qanunun müəllifləri Ukraynada 2 variant -
6+3+3 (müvafiq olaraq, ibtidai, orta və yuxarı
məktəb) və 5+4+3 üzərində seçim ediblər və
nəticədə ikinci varianta üstünlük veriblər. Məhz
sonuncu variant Ukraynanın indiki təhsil
strukturuna uyğundur və şagirdlər üçün daha
yüngüldür. Ehtimal olunur ki, şagirdlər IX
sinfi bitirdikdən sonra peşəyönümü testləri
verəcək və bundan sonra harada oxuyacaqlarına
dair qərar qəbul edəcəklər. Yuxarı məktəb
akademik liseylər və kollec, peşə təhsili
liseyləri ilə təmsil olunacaq. |
|
Dünyanın ən yaxşı tibb universitetləri
Yeni reytinq cədvəli açıqlanıb
Böyük
Britaniyanın təhsil xidmətləri sahəsində
aparıcı konsaltinq şirkəti olan "QS World
University Rankings" dünyanın ən yaxşı tibb
universitetlərinin reytinq cədvəlini
açıqlayıb. Reytinq cədvəlində bütün dünyadan
200 ali məktəb yer alıb. Tərtibçilər ali
məktəbin və işəgötürənlərin nüfuzu, elmi
jurnallarda məqalələrdən sitatgətirilmə və bir
sıra mühüm faktorları təhlil ediblər. 2014-cü
ilin ən yaxşı 200 tibb universiteti sırasında
yer almış ali məktəblərdən 48-i ABŞ-ın, 25-i
Böyük Britaniyanın, 19-u Almaniyanın, 11-i
Kanadanın, 10-u Yaponiyanın, 9-u Avstraliyanın
payına düşür. Reytinqdə bütövlükdə 32 ölkə
təmsil olunub, lakin cəmi 13 ölkənin ali
məktəbi ilk 50-likdə yer ala bilib. İlk
10-luqda ABŞ-ın Harvard, Cons Hopkins,
Stanford , Yale, Kaliforniya kimi
universitetləri, Böyük Britaniyanın Oksford,
London İmperial Kolleci, Kembric və London
Universitet Kolleci kimi ali məktəbləri yer
alıb. Bütün dünyada təhsil sahəsində lider
olan ABŞ-ın ən yaxşı tibb universitetləri ən
reytinqli ali məktəblərin bazasında yerləşir.
Kanadanın tibb sahəsində fəaliyyət göstərən ən
yaxşı ali məktəbləri ölkənin nüfuzlu
universitetlərindən olan Toronto, Makginli,
Britaniya Kolumbiyası kimi ali məktəblərin
bazasında təmsil olunur. Avropanın ən yaxşı
tibb universitetlərindən Heydelberq, Münhen,
Lüdviq-Maksimilian (Almaniya), Karolin (İsveç),
Kopenhagen (Danimarka), Sürix (İsveçrə),
Rotterdam, Leyden, Amsterdam (Niderland) kimi
universitetlərin adlarını çəkmək olar. Asiyanın
ən yaxşı tibb universitetləri kimi reytinqdə
Melburn, Sidney, Monako (Avstraliya), Tokio (Yaponiya)
, Honqonk (Honqonk) kimi ali məktəbləri yer
alıb. |
|
Effektiv peşə təhsili sistemi yaradılır
Rusiyanın
Baş naziri bu barədə açıqlama verib
Rusiya hökuməti effektiv fəaliyyət göstərən
peşə təhsili sistemi yaratmaq niyyətindədir. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, bu barədə Nazirlər
Kabinetinin iclasında çıxış edən baş nazir
Dmitri Medvedev bildirib. Onun sözlərinə görə,
səmərəli peşə təhsili sisteminin yaradılmasında
əsas məqsəd kolleclərin məzunlarının hazırlıq
səviyyəsinin müasir iqtisadiyyatın tələblərinə
tam uyğun olmasıdır. Bu məqsədə çatmaq üçün
Rusiya iqtisadiyyatına 50 ən prioritet sahə
üzrə tələb olunan yüksək ixtisaslı
mütəxəssislərin siyahısı hazırlanacaq. Siyahıya
müvafiq olaraq peşə və təhsil standartları
işlənib hazırlanacaq. Biznes və dövlət
resurslarının ölkədə peşə təhsili sisteminin
inkişaf etdirilməsi üçün səfərbər olunması
nəzərdə tutulub. "Tələbələr tədris vaxtının ən
azı 50 faizini istehsalat və ya tədris-sınaq
mərkəzlərində keçirməlidir",-deyən baş nazir
əlavə edib ki, işəgötürənlər hakimiyyət
orqanları və sahə qurumlarının nəzdində
fəaliyyət göstərən şuralar vasitəsi ilə tədris
proqramlarının planlaşdırılması və
reallaşdırılmasında fəal iştirak edə bilərlər.
Bundan başqa, kadr hazırlığının keyfiyyətinin
monitorinqi səviyyəsinin artırılması da nəzərdə
tutulub. Hökumət başçısı qeyd edib ki, dövlət
tərəfindən peşə təhsilinin inkişafına qoyulan
vəsaitlərin həcmi artırılacaq. Bu məqsədlə
ölkənin 45 regionunda iqtisadiyyatın 15
prioritet istiqaməti üzrə layihələrin
maliyyələşdirilməsi həyata keçiriləcək. Ötən il
kolleclərdə 2,3 milyon tələbə təhsil alıb, daha
500 min isə universitetlərdə peşə təhsili üzrə
hazırlıq keçib. Yaxın 4 il ərzində peşə
təhsilinin inkişafına 8,5 milyard rubl
xərclənəcək. |
|
Məktəblərdə şahmat tədris olunacaq
İspaniya
Parlamenti bununla bağlı qərar qəbul edib
İspaniya
parlamentinin təhsil komitəsi Avropa
parlamentinin tövsiyəsinə uyğun olaraq ölkənin
ümumtəhsil məktəblərinin proqramlarına şahmat
kursunun daxil edilməsi barədə qərar qəbul
edib. Parlamentin təhsil komitəsi şahmatın
dərsliyə salınması ilə bağlı artıq hökumətə
müraciət edib. Müzakirələrdə bütün siyasi
partiyaların nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı İspaniyanın dünyada şahmatın
inkişafındakı rolu qeyd olunub. Bildirilib ki,
bugünkü şahmat öz oyun qaydaları ilə birlikdə
500 il əvvəl ilk dəfə məhz İspaniyada yaranıb.
Yaxın vaxtlarda İspaniyanın Təhsil Nazirliyi
məsələ ilə bağlı yekun qərar verəcək. |
Oruc
MUSTAFAYEV, "Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |