ABŞ-ın Kaliforniya Berkli Universitetinin tələbəsi
Səbinə Şahbazzadə ilə söhbət
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
Səbinə
Şahbazzadə 1986-cı il yanvarın 22-də Bakı şəhərində
anadan olub. 2003-cü ildə Respublika İncəsənət
Gimnaziyasını bitirərək Bakı Dövlət Universitetinin
tətbiqi riyaziyyat və kibernetika fakültəsinin
informatika ixtisasına qəbul olunub. Universiteti
fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini davam
etdirmək qərarına gəlib. Azərbaycan Dövlət İqtisad
Universitetinin MBA proqramının marketinq ixtisası
üzrə magistr pilləsinə qəbul olunub. 2014-cü ildən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində (University
of California, Berkeley) elektrik mühəndisliyi və
kompüter elmləri (Electrical Engineering and Computer
Science) fakültəsində təhsil alır. Eyni zamanda Berkli
Universitetində tədqiqat proqramı üzrə professor Lütfi
Zadənin rəhbərliyi altında elmi tədqiqatlarını davam
etdirir. Beləliklə də rubrikamızın budəfəki qonağı
dünyanın ən yüksək reytinqli universitetlərindən olan
Kaliforniya Berkli Universitetinin tələbəsi Səbinə
Şahbazzadədir.
"İxtisas
seçimində ən çox anamın dəstəyi olub"
Orta məktəb illərində riyaziyyat fənn olimpiadalarında
iştirak etmişəm. Daha çox riyaziyyat, fizika, kimya və
ingilis dili fənlərinə marağım var idi. İxtisas
seçimimdə ən çox anamın dəstəyi olmuşdır. Mənim anam
Şahnaz Şahbazova Azərbaycan Texniki Universitetinin
dosentidir. O, 30 ildən çoxdur ki, kompüter elmləri
sahəsində dərs deyir. Mən də onun ixtisasını davam
etdirirəm. Xaricdə təhsil almaq marağım ailəmdən irəli
gəlib. Belə ki, anamın dünyanın müxtəlif
universitetlərində, konfranslarda mühazirələrlə çıxış
etməsi, eləcə də həmin ali məktəblərdə təhsilin inkişaf
etməsi, kompüter elmləri sahəsində yeni texnologiyaların
və ideyaların yaranması məni xaricdə təhsil almağa
həvəsləndirdi. Digər tərəfdən, 2012-ci ildə məndən öncə
bacımın Berkli Universitetinin hüquq fakültəsinə qəbul
olunması da mənim xaricdə təhsil almaq qərarımı daha da
möhkəmləndirdi.
Anam Hindistan, Almaniya, ABŞ, Macarıstan və s.
ölkələrdə elmi tədqiqat işlərini yerinə yetirmişdir.
ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində
təhsil almağım bir valideyn kimi anamın arzusu idi.
"Təqaüdə layiq görüldüyümə görə olduqca xoşbəxtəm"
Xaricdə təhsil almaq qərarımı reallaşdırmaq üçün Dövlət
Proqramına müraciət etdim. Tələbələrin seçimi çox gözəl
təşkil olunmuşdu. Seçim prosesi doğru və şəffaf yolla
keçirildi. Müsahibə zamanı mənə verilən suallar məhz
təhsil alacağım universitetlə bağlı idi və bütün proses
15 dəqiqədən artıq olmadı. Çox həyəcanlı idim. Təqaüdə
layiq görüldüyümə görə olduqca xoşbəxtəm. Sevinirəm ki,
xaricdə təhsil almaq arzum reallığa çevrilib.
Ümid edirəm ki, Təhsil Nazirliyinin son islahatları
Azərbaycan təhsil sisteminə çox böyük uğur gətirəcək.
İstedadlı tələbələrin dünyanın ən qabaqcıl
universitetlərində təhsil almaları ölkəmizin gələcək
inkişafı üçün möhkəm zəmin yaradır. Bu həm də müstəqil
Azərbaycanın bütün sahələrinin etibarlı əllərdə
olmasına əyani sübutdur. Gənclər xaricdə təhsil almaqla
dünyanın ən son yeniliklərini vətənimizə gətirir və
onun tətbiqinə çalışırlar. Dünyanın modern ənənələrinin,
qabaqcıl təcrübələrinin Azərbaycana gətirilməsi yalnız
xaricdə təhsil almaqla mümkündür. Bu da ki, ölkə
rəhbərliyinin diqqət mərkəzində olan vacib məsələlərdən
biridir. Məhz Azərbaycan dövlətinin diqqət və qayğısı
sayəsində bu gün minlərlə azərbaycanlı gənc dünyanın
müxtəlif ölkələrində təhsil alır.
Kaliforniyada tələbə həyatı
Yaşadığım Berkli şəhəri Amerikanın digər şəhərlərindən
çox fərqlidir. Berkli şəhəri əsasən universitet
kampusundan ibarətdir. Olduqca liberal və deyərdim ki,
azad şəhərdir. Bu şəhərdə adaptasiya mənim üçün əvvəlcə
çətin oldu, o mənada ki, Bakı ilə Berkli şəhəri
arasında 12 saat fərq var. Əlbəttə ki, Bakı üçün
darıxıram, Bakı mənim üçün çox əzizdir. Ancaq bir şeyi
bilirəm ki, təhsilimi tamamlamalıyam, çünki məqsədim
savadlı, elmli mütəxəssis olmaqdır. Təhsil həyatım
olduqca maraqlı keçir, universitet həyatı, tələbəlik,
dərslərin intensivliyi, fərqli bir mühit mənim üçün
maraqlı və yenidir. Asudə vaxtlarımı fəal tərzdə
keçirməyə çalışıram. Digər şəhərlərin gözəl, məşhur və
görməli yerlərini gəzməyi və tarixi ilə maraqlanmağı çox
sevirəm. Bundan əlavə, burada yerləşən Azərbaycan
cəmiyyətinin təşkil etdiyi tədbirlərdə də aktiv iştirak
edirəm.
Kaliforniyada olan Azərbaycan cəmiyyəti və
konsulluğumuzla yaxın əlaqələrim var. Onların keçirdiyi,
demək olar ki, bütün tədbirlərdə çox aktiv iştirak
edirəm.
"Tələbələr daha çox praktiki fəaliyyətə cəlb olunurlar"
Berkli Universitetində təhsilin üstünlüyü ondan
ibarətdir ki, tələbələr fənləri özləri seçə bilirlər.
Elmin və texnologiyanın inkişafı dərs prosesinə öz
təsirini göstərir və dərslər əsasən yeni
texnologiyaların tətbiqi ilə keçilir. Tələbələr daha
çox praktiki fəaliyyətə cəlb olunurlar. Onlar qrup
şəklində müxtəlif proyektlər üzərində çalışırlar, məhz
proyektlər əsasında da işlə təmin oluna bilirlər.
Kaliforniya Berkli Universiteti kompüter elmləri üzrə
dünyanın top universitetlərindən biridir və statistikaya
uyğun olaraq Amerikanın bir nömrəli dövlət ali
məktəbidir. Bildiyiniz kimi, XXI əsr informasiya
texnologiyaları əsridir və hər bir sahədə
texnologiyanın yüksək tətbiqinin şahidiyik. Yeni
texnologiyaların yaranması və sürətli inkişafı mənim
kompüter elminə marağımı daha da artırdı.
Professor Lütfi Zadənin yanında
Kaliforniya Berkli Universitetinin adı çəkiləndə
azərbaycanlı professor Lütfi Zadə yada düşür. Buna görə
də söhbətin bu yerində məşhur azərbaycanlı alim barədə
danışmamaq olmaz.
Əlbəttə ki, Lütfi Zadənin Kaliforniya Berkli
Universitetində işləməsi mənim Amerikada təhsil
almağımın əsas səbəblərindən biri olmuşdur. Onunla
şəxsi tanışlığımız 2008-ci ildə keçirilən "BakuTel"
sərgisinə təsadüf etmişdir. Berkli Universitetinin
kompüter elmləri fakültəsində təhsil almağımda professor
Lütfi Zadənin mənə yazdığı tövsiyə və onun ABŞ-da
oxuyacağım müddətdə mənim elmi rəhbərim olmağa razılıq
məktubları böyük rol oynamışdır. Bildiyiniz kimi,
Berkli Universitetinin kompüter elmləri fakültəsinə
dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər
daxil olur, lakin bu ali məktəbə qəbul olunan
tələbələrin sayı məhduddur. 2012- ci ildən, yəni
Amerikaya oxumağa gəldiyimdən professorla sıx
münasibətdəyəm, mənim elmi rəhbərimdir. Hazırda onun
rəhbərliyi altında tələbə tədqiqatçı kimi fəaliyyət
göstərirəm. Professor Lütfi Zadə ilə demək olar ki,
hər həftə görüşürük. Hesab edirəm ki, şanslı
tələbələrdənəm ki, mənim elmi rəhbərim dünya şöhrətli
azərbaycanlı alim, professor Lütfi Zadədir. Professor
Lütfi Zadənin tələbəsi olmaq, onunla sıx işləmək,
"dəyirmi masa"larında, onun və xarici professorların
seminarlarında iştirak etmək, dünyada digər məşhur
professorlarla ünsiyyətdə olmaq, onlardan dərs almaq,
digər çox savadlı tələbələrlə birlikdə müxtəlif elmi
proyektlərdə işləmək gənc tələbə kimi mənim üçün
olduqca fərəhləndiricidir.
Onu da əlavə etmək istəyirəm ki, mənim anam
2007-2008-ci illərdə "Fulbrayt" proqramını qazanaraq
bir il müddətində professor Lütfi Zadənin dəvəti ilə
onun laboratoriyasında elmi tədqiqat işi yerinə
yetirmişdir.
"Müəllimlər tələbələrə qayğı ilə yanaşırlar"
Berkli Universitetində professor və tələbə heyəti
arasında olduqca gözəl münasibətlər var. Müəllimlər
tələbəyə hər zaman yardımçı olurlar, tələbələrin bütün
suallarına ətraflı və böyük məmnuniyyətlə cavab
verirlər. Hansı bir professora elektron poçtla
müraciət edəndə onlar dərhal cavab verirlər.
Müəllimlər tələbələrə çox qayğı ilə yanaşırlar.
Burada tələbələr öz biliklərinə güvənib imtahana
girirlər. Müəllimlər tələbələrin özlərini imtahan zamanı
rahat və sərbəst hiss etməsi üçün onlara şirniyyat
gətirirlər. Bir dəfə imtahan verirdim, müəllimim
imtahanın başlanmasını elan edəndə "hip-hop" mahnısını
oxudu. Tələbələr həyəcan və streslərini atıb güldülər
və rahat ab- havada imtahanın suallarına cavab verdilər.
İmtahan çox şəffaf yolla keçirilir. İmtahan prosesi
fəndən və professordan asılı olaraq müxtəlif formatda
olur. Bəziləri sırf proyektlər əsasında, bəziləri isə
yazı (esse və testlər) əsasında keçirilir. İmtahan
sessiyasında nəzərəçilər olur, lakin onların funksiyası
tələbələri imtahan prosesi ilə tanış etmək və prosesə
riayət etməkdən ibarətdir. Tələbələr imtahanda sırf öz
biliklərini nümayiş etdirirlər.
Oxuduğum universitetdə hamı əcnəbidir. Bütün ölkələrdən
tələbələr var. Bütün tələbələrə münasibət eynidir.
Gələcək arzu və planlar
Çox xoşbəxtəm ki, Kaliforniya Berkli kimi nüfuzlu
universitetdə təhsilimi davam etdirirəm. Bu, çox
qürurverici hissdir. Arzu edərdim ki, gənclərimizin
xaricdə təhsil almaq səyləri yüksəlsin və təhsil alan
tələbələrimizin sayı daha da çoxalsın. Vətəndən uzaqda
olarkən azərbaycanlı tələbələri görmək və hər birinin
uğurlarına şahid olmaq olduqca sevindiricidir. Bir daha
özlüyümdə bu qənaətə gəlirəm ki, təhsildə uğur əldə
etmək, yeni biliklərə yiyələnmək üçün həvəs göstərmək
və bu yolda əzmkarlıqla çalışmaq lazımdır.
Hazırda gələcək planlarım - Berkli Universitetinin
kompüter elmləri fakültəsində magistr pilləsində
təhsilimi davam etdirmək və bir tələbə tədqiqatçı kimi
əldə etdiyim elmi nəticələrin professor Lütfi Zadənin
birgə müəllifliyi ilə nüfuzlu elmi jurnallarda elmi
məqalə kimi dərc olunmasına nail olmaqdır. |