Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Qəzetimizin yeni layihəsi olan "Ömrün
gizli səhifələri"ndə həyatları, sənətləri,
peşəkarlıqları və insanlıqları ilə hər kəsə örnək ola
biləcək şəxslərdən danışacağıq. Onları yaxşı tanıyan
insanlarla birlikdə yad edəcəyik. Layihəmizə dahi
bəstəkar Qara Qarayevlə bağlı tələbəsi, bəstəkar Tofiq
Bakıxanovun xatirələri ilə start veririk. Qara Qarayev
5 fevral 1918-ci ildə Bakı şəhərində məşhur
həkim-pediatr Əbülfəz və Sona Qarayevlərin ailəsində
anadan olub. 1935-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasında bəstəkarlıq, Azərbaycan xalq
musiqisinin əsasları üzrə Üzeyir Hacıbəylinin sinfinin
tələbəsi olub. 1937-ci ildə Azərbaycan Bəstəkarlar
İttifaqına üzv qəbul edilib. 1946-cı ildə Azərbaycan
Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim
kimi işə başlayıb. Elə həmin il Cövdət Hacıyevlə
birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövlət
mükafatı laureatı olub, SSRİ Bəstəkarlar İttifaqı
təşkilat komitəsinin üzvü seçilib və "Əməkdə igidliyinə
görə" medalı ilə mükafatlandırılıb. 1955-1976-cı illərdə
IV-IX çağırış SSRİ Ali Sovetinin deputatı olub. 13 may
1982-ci ildə Moskva şəhərində dünyasını dəyişən
bəstəkar Bakıda dəfn olunub. Necə maraqlıdır keçən
əsrin insanlarının iş otağı, divarlarda portretlər, hər
əsrdən olan kitablarla dolu şkaf və təbii ki, piano. İş
masasının arxasında qarşılıqlı əyləşirik. Və Qara
Qarayev barədə söhbətə başlayırıq.
- Tofiq müəllim, Qara Qarayevlə necə tanış olmuşdunuz?
- Dünya şöhrətli bəstəkar, ictimai xadim və qayğıkeş
müəllimim barədə danışmaq mənim üçün həm asan, həm də
çətindir. Ona görə asandır ki, 1938-ci ildən bəri onun
yaradıcılıq fəaliyyətinin şahidi olmuşam. Onun atası,
mərhum həkim-pediatr Əbülfəz Qarayev atam, məşhur tarzən
Əhməd Bakıxanovla dost idilər. Qara Qarayev Moskvada
təhsil aldığı üçün Bakıda az-az olurdu. Nəhayət, 1947-ci
ildə Bakıda Nizami Gəncəvinin 800 illik yubileyi
münasibətilə Azərbaycan Dövlət Opera və Balet Teatrında
keçirilən konsertdə mən skripkaçı solist kimi iştirak
edəndə Qara Qarayev və Tofiq Quliyevlə tanış oldum.
1949-cu ildə Filarmoniyada keçirilən Azərbaycan
bəstəkarlarının yaradıcılıq baxışında skripkaçı-solist
kimi iştirak etdim. Baxışda münsiflər heyətinin
üzvlərindən biri də Qara Qarayev idi. Konservatoriyada
təhsil aldığım müddətdə rektorumuz Qara Qarayev idi.
1950-ci ildə əsərlərimi Qara müəllimə göstərdim. O da
mənə bəstəkarlıqla məşğul olmağı ciddi məsləhət gördü.
Həm də 6 ay mənimlə təmənnasız məşğul oldu. Nəhayət, əla
qiymətlərlə Azərbaycan Dövlət Konservatoriyasının
bəstəkarlıq şöbəsinə, Qara müəllimin sinfinə daxil oldum.
Onun dərsə gəldiyi zaman dediklərini heç vaxt unutmaram:
"Bəstəkar fəhlə kimi öz üzərində daim işləməlidir". Onun
o qədər işləri var idi, amma hər gün royalın arxasına
keçib bəstəkarlıqla məşğul olurdu.
-
Necə müəllim idi, auditoriyaya necə daxil olurdu?
- O, çox tələbkar müəllim idi. Bəzi fikirləri indi də
yadımdadır. Bizə tövsiyə edirdi ki, bəstəkar gərək
həmişə axtarışlar aparsın. Deyirdi ki, bazara ət almağa
girəndə yaxşısını axtarırsan. Ola bilsin ki, aldığın
köhnə olsun. Sənət də belədir. Daim yaxşısını
axtarmalısan. Köhnəlikdən əl çəkməlisən. Hazır olan heç
bir şeyə icazə vermirdi. Asan olan yoldan tələbələri
qaçındırırdı. İstəyirdi ki, daim axtarışda olaq.
- Qara müəllim dərsdən əlavə tələbələrinə necə kömək
edirdi?
- Hər barədə kömək edirdi. O vaxtı Şəfiqə Axundova
getmişdi Leninqrada, istəyirdi orada oxusun. Eşidib ki,
Qara müəllim Moskva ətrafında istirahət etməyə gəlib.
Gedib yanına, deyib ki, Qara müəllim, bir məktub yazın
mənə, oxumağa icazə versinlər. Qara müəllimin sözü ilə
onu qəbul ediblər. Çox adamlara yaxşılıq edib. Məsələn,
kimsə xəstə olanda ona kömək edirdi. Tələbə idik, amma
onun sayəsində əsərlərimiz Filarmoniyada ifa olunurdu.
Qara müəllimdə tələbələrinə qarşı atalıq hissi var idi,
baxmayaraq ki, aramızda yaş fərqi o qədər çox deyildi. O
zaman gənc bəstəkarların çoxunun evi yox idi. Hüsü
Hacıyev küçəsində onlara ev tikilirdi. Bilirsən, qızım,
biz indiyədək Qara müəllimə borcluyuq. Çünki o bizə düz
yol göstərib. Əsərlərimə həmişə doğru istiqamət verib.
Başqa müəllimlərimiz də var idi, amma Qara müəllimin
savadı, istedadı müqayisəedilməz idi.
- Onun sinfində neçə il təhsil aldınız?
- Təhsil 5 il idi. Amma mən çox sürətlə yazırdım deyə,
4-cü ili bitirəndə Qara müəllim dedi ki, Tofiq, sənə
kifayətdir. Diplom işlərin də hazırdır. İki diplom işi
yazmışdım.
- İndi Qara Qarayev deyəndə gözünüzün qabağına necə
gəlir?
- Deyərdim ki, yüz ildə bir dəfə onun kimi insanlara
rast gəlmək olar. Bilikli, hərtərəfli insan idi. Həm
Azərbaycan, həm də dünya musiqisinə fikir verməyi
tövsiyə edirdi. Ona görə ki, istəyirdi bu musiqilər
arasında sintez yaransın. Çünki belə əsərlərlə dünya
səhnəsinə çıxanda Azərbaycan mədəniyyətinin zənginliyini
sübut etmək olur. O zaman belə qayda var idi ki,
yaradıcı gənclər Moskvaya tez-tez gedirdi. Moskvanın
ətrafında yaradıcılıq evləri var idi. Həmin evlərdə
əsərlər yazırdıq. Ümumittifaq radiosunda səslənəndən
sonra qəbul edib, ifa edirdilər. İkinci simfoniyamı orda
yazdım. Mən, bir qayda olaraq, bütün əsərlərimi birinci
Qara müəllimə, sonra isə Tofiq Quliyevə dinlədirdim.
Onlara göstərməmiş əsərlərimi heç zaman ortalığa
çıxartmırdım.
- Ondan əla qiymət alandan sonra əsərləriniz gün üzünə
çıxırdı...
- Bəli. Əgər o bəyənmişdisə, deməli, hər şey yaxşı idi.
Dinləyəndən sonra deyirdi ki, Tofiq, sənin musiqində
baletin əlamətləri var. Mənə opera teatrı üçün balet
yazmağı tövsiyə etdi. Onun məsləhətindən sonra
neftçilərə həsr etdiyim "Xəzər balladası" baletini
yazdım. 1968-ci ildə SSRİ-nin 14 respublikasını gəzdilər
ki, Fransada keçiriləcək festivala əsər göndərsinlər.
Tapılmadı. Gəlib tamaşama baxdıqdan sonra ayaq üstə əl
çaldılar ki, bizə belə əsər lazımdır. Qara Qarayevin
tələbəsi Rauf Hacıyev o zamanlar mədəniyyət naziri idi.
Qara müəllimin oğlu Fərəc Qarayevə tapşırıq verdi ki,
əsər yazsın. Fərəc müəllim "Qobustan kölgələri"ni yazdı.
Mənim əsərim, Fərəc Qarayevin əsəri və Rauf Hacıyevin
"Azərbaycan süitası" (Ləzginka) baleti 1969-cu ildə
Parisdə keçiriləcək VII beynəlxalq rəqs festivalının
proqramına daxil edildi. Qara Qarayevin də əsərləri
proqrama daxil edilmişdi. O zaman 5 tamaşamız Parisdə
göstərildi. Bu böyük müvəffəqiyyət idi. Burdan 18 nəfər
getmişdik, Qara müəllim bizim rəhbərimiz idi. Tamaşamız
gedəndən sonra fransız qəzetləri bu barədə yazmışdı.
Qara müəllim mənə dedi ki, Tofiq xəbərin var, fransız
qəzetləri bizim barəmizdə nə yazır? Dedim ki, yox. Dedi
ki, sənin "Xəzər ballada"nı o qədər tərifləyiblər. Bu
sözlərdən böyük mükafat yoxdu.
- Qara Qarayevin özünəməxsus, sizi qorxudan
xüsusiyyətləri hansı idi?
- O, prinsipial və obyektiv adam idi. Həmişə düz yolda
olan insan idi. O tələbə ki, zəif idi, dərsə gələndə
verdiyi tapşırıqları çatdırmayanda, onda çox
hirslənirdi. Deyirdi ki, ay bala, 4 dərsin ərzində mənə
cəmi bir səhifəlik əsər gətirmisən? Çünki əsərləri nota
çevirib, dərsdə müzakirə edirdik. Günlərin bir günü
gənclərin I qurultayı keçirilirdi. Baxmayaraq ki, biz
onun sinfində IV kursda idik, amma əsərlərimizi ora
daxil etdi. Dedi ki, qoy Moskvadan gələn bəstəkarlar
bilsin ki, belə gənclər var. Əsərlərimiz çox bəyənildi.
O zaman da belə qayda var idi ki, plenum, qurultay
keçiriləndən sonra banket verirdilər. Restorana bizi də
dəvət etmişdilər. Gecə saat ikidə evə qayıdanda hamımız
Qara müəllimlə birlikdə idik, qar yağırdı. Nədənsə Qara
müəllim dedi ki, istəyirəm gedim Əhməd Bakıxanovla
söhbət edim. Yoldaşlardan biri dedi ki, ay Qara müəllim
axı gecdir. Cavab verdi ki, bizə gec yoxdur, səhərə
qədər oturan adamlarıq. Gəldik bizə. Dekabrın 7-si gecə
idi, mənim də anadan olan günüm dekabrın 8-də idi. Anam
rəhmətlik də hazırlıq görmüşdü. Belə alındı ki, 10-12
nəfər bizə gəldik. Vasif Adıgözəlov da bizə yaxın
yaşayırdı, atasına (Zülfü Adıgözəlova) zəng etdi ki,
ondan nigaran qalmasın. On dəqiqə keçdi Zülfü
Adıgözəlov da gəldi. Qara müəllim başladı Azərbaycan
muğamından, Şərq aləmində onun yerindən danışmağa. Dedi
ki, düzdür, vaxtilə Üzeyir bəydən dərs almışam. Amma
istəyirəm ki, oğlum da, mən də muğamları mükəmməl
öyrənək. Sonra Fərəc müəllim onun sözünə əməl etdi.
Əsərlərində muğamlara da yer ayırdı. Bilirsiniz, harasa
gedəndə və "Qara Qarayevin tələbəsi olmuşam" deyəndə,
"xoşbəxt adamsan" cavabını eşidirsən.
- Qara Qarayevin əsas sözü nə idi?
- Həmişə deyərdi, asan və yüngül yoldan əl çəkin. Həmişə
axtarışda olun. Hətta mahnı yazanda bir neçə variant
yazardım. Söz və musiqi vəhdət təşkil etməlidir. Bəzən
bəstəkarlar yazırlar, görürsən söz yarımçıq qalır.
Bu an Tofiq müəllim bəstəkarlığın sirlərini mənimlə
bölüşür. Elə gözəl izah edir ki, Qara müəllimin onlara
verdiyi məsləhətləri təkrar edir. Barmaqları ilə sözləri
hecalara bölür. Sol əlində barmaqlarının yaxşı
işləmədiyini hiss edirəm.
- Sənətkarlar əsərlərini ayırmır. Amma mən yenə də
soruşmaq istəyirəm. Qara müəllimin sevimli əsəri hansı
idi?
- Onun şah əsəri "Yeddi gözəl" baletidir, "Leyli və
Məcnun" simfonik poeması və "İldırımlı yollarla"
baletidir.
Birdən dayanır və deyir ki, Qara müəllim mənə
simfoniyasını avtoqrafla verib. Ayağa qalxır.
Yavaş-yavaş kitab şkafına yaxınlaşır. Və nota çevrilmiş
əsəri iş masasına gətirir.
- Bunu Qara müəllim mənə Lenin mükafatı alanda
vermişdi. Getdim onu təbrik etməyə. Simfoniyası Moskvada
dərc olunmuşdu. Mənə hədiyyə etdi.
Birlikdə avtoqrafı oxuyuruq, Qara Qarayevin imzasına
baxırıq. Tofiq müəllim yenə mənə nəsə göstərmək istəyir.
Kitabı gətirir. Tofiq Bakıxanova həsr olunmuş kitabdır.
Tək-tək vərəqləyir. Ona yazılan məktubları, təltif
olunduğu zaman çəkilmiş şəkillərini hamısını mənimlə də
bölüşür. Qara Qarayevin ona vurduğu teleqramı axtarır.
Böyük sevgi və səbrlə. Teleqramı tapır və bərabər
oxuyuruq.
- 50 illik yubileyimdə Moskvadan mənə teleqram vurmuşdu.
Baxmayaraq ki, o zaman xəstə idi. Amma mənim yubileyimi
yaddan çıxarmamışdı. Xəstəliyinin nə olduğunu dəqiq deyə
bilməyəcəyəm. Amma çox ağır xəstə idi. Buradan gedəndən
bir müddət sonra xəstəliyi bilindi. 3-4 il yaşadı
Moskvada, elə orda da vəfat etdi. Gətirdilər Bakıya.
- Onunla sonuncu görüşünüz nə vaxt olmuşdu?
- Moskvaya getməzdən əvvəl.
- Moskvada olanda onunla danışırdınız?
- Onunla danışmaq çətin idi. Həkimlər icazə vermirdi.
Çətinliklə yaşayırdı.
- Ölümündən necə xəbər tutdunuz?
- Televiziya car çəkdi. Böyük həyəcan keçirdim.
Bəstəkarlar İttifaqı təşkil elədi, getdik hava limanına.
Filarmoniyadan Fəxri xiyabana apardılar. Ümummilli lider
Heydər Əliyev də dəfn mərasimində iştirak edirdi.
Küçələrdə insanlar çıxıb onu yola salırdılar. Özü də
vəfat etməzdən əvvəl qəbir üstünün necə olmasını
çəkmişdi. Onun qəbrinin üstündə nə şəkli, nə də heykəli
var. Onun məzarında royal var.
Bu an başımı qaldıranda qarşımda, divarda asılmış bir
tablo diqqətimi çəkir. Təəccüblə:
- Tofiq müəllim, Qara Qarayevlə ikinizin tablosudur?
- Hə, qızım, 1969-cu ildə Parisdə olanda çəkilib bu
tablo. Müəllifi Hüseyn Hacıyevdir.
Daha sonra otaqda olan şəkillərlə tanışlıq başlayır.
Diqqət edirəm, bütün şəkillərdə Qara müəllim var:
- Bax qızım, bu vinetkanı Qara müəllimin 70 illik
yubileyinə mən düzəltdirmişəm. Orda onun tələbələridir.
Bax, Polad Bülbüloğlunu görürsən. Onu Qara müəllim
gətirdi professional musiqiyə. 1951-ci ildən ta 1980-ci
ilə qədər. Baxın, burda "Pust vseqda"nı bəstələyən
şəxsdir, bu tələbə isə Nicatdır, Türkiyədən gəlmişdi. Bu
şəkildə Firəngiz Əlizadə məzun olurdu. O zaman dünyanın
bir çox ölkələrindən Qara Qarayevin sinfində təhsil
almaq üçün tələbələr gəlirdi.
- Onunla hansı ölkələrdə olmusunuz?
- Moskvada qurultaylarda olurduq. Fransadakı festivala
bir yerdə getmişdik. Onun yazısı da var idi, deyirdi
ki, Tofiqin "Xəzər balladası" qurtaranda səslənən
alqışlar bir daha onun nə qədər peşəkar olduğunu sübut
etdi.
- Yol xatirələrindən nə yadınızda qalıb?
- Bir dəfə bizi Fransada memorial lövhələrə baxmağa,
məzarlığa apardılar. O zaman bilmirdik ki, Andronik
kimdir, nəçidir? Məzarda Andronikin at üstündə heykəli
var idi. Qara müəllim elə 1969-cu ildə, o məzarın
başında, ermənilərin bizə yaşatdığı faciələrdən, onların
necə bir məxluq olduğundan danışdı. Dedi ki, bu
cinayətkarlar Azərbaycana düşməndirlər. Tarixi
sübutlarla fikrini əsaslandırdı.
- Qara müəllimin ən yaxın dostları kimlər idi?
- İmran Qasımov, Tofiq Quliyev, Cəfər Cəfərov.
- Bəs ona pislik etmək istəyənlər necə?
- Hə, var idi. O qədər olub ki, onun ayağının altını
qazmaq istəyənlər, ona qarşı çıxanlar. Təkcə burda yox,
Moskvada da ona qarşı birləşən adamlar tapılırdı. Onun
haqqında lazımsız sözlər yaymışdılar. Guya onun yazdığı
əsərlər abstrakt əsərlərdir, tələbələrinə abstrakt yol
göstərir. O zaman Mərkəzi Komitədə çıxış etdim ki, ay
yoldaşlar, əgər Qara Qarayev abstrakt əsərlər yazırsa bu
qədər mükafatı ona niyə verirlər? Təsəvvür edin ki,
Bolqarıstanın prezidenti barədə çəkilən filmin
musiqisini yazmaq üçün Qara müəllimi dəvət etmişdilər. O
da getdi, üç ay qaldı Bolqarıstanda və musiqini yazdı.
"Uzaq sahillərdə" filminin musiqisini də o yazıb.
- Möhtəşəmdir.
- Əlbəttə (ayağa qalxır və əsəri mənə göstərmək üçün
gətirir). Mən ondan ruhlandım. "Uzaq sahillərdə"
poemasını yazdım. Onu da Mehdi Hüseynzadəyə həsr etdim.
Mehdigil bizim qonşumuz olmuşdu. İki bacısı var idi -
Pikəxanım və Şura. Valideynləri erkən vəfat etmişdi.
Bacısı Şura gəlib atamdan tar dərsi alırdı. Mehdi də
arada gəlirdi bizə. Qara müəllim də əsəri bəyəndi.
Bu yerdə bir az da Qara müəllimin ailə həyatı və
maraqları ilə bağlı söhbət etmək istəyirəm.
- Qara müəllimi ailə başçısı kimi necə xatırlayırsınız?
- Çox gözəl ailə başçısı idi. Bir qız, bir oğul atası
idi. Uşaqlarının ikisi də Konservatoriyanı bitirmişdi.
Qızına nənəsinin adını qoymuşdu - Züleyxa, oğluna da
babasının adını qoymuşdu- Fərəc. Onların dərsləri ilə
özü məşğul olurdu. Tək övladları ilə yox, elə tələbələri
ilə də diqqətlə məşğul olardı. Xəstə olub dərsə gedə
bilməyəndə, evə çağırırdı ki, dərsdən geri qalmayaq.
Dərs 45 dəqiqədir, amma o 4 saat dərs keçərdi. Qızı
Türkiyədə, oğlu isə Moskvada yaşayır. Moskva
Konservatoriyasının professorudur. Atası öləndən sonra,
demək olar ki, burda yaşamadı. Bir dəfə Parisə
getməmişdən qabaq televiziyada mətbuat konfransı
keçirdilər. Paris proqramına mənim əsərim salındığı
halda, nədənsə buradakı proqrama daxil edilməmişdi. Amma
Fərəcin adı var idi. Gördüm Qara müəllimin həyat yoldaşı
Tatyana Nikolayevna zəng edir ki, Tofiq, Qara müəllim
səninlə danışmaq istəyir. Dedi ki, səni mətbuat
konfransına çağırıblar? Biləndə ki, məni çağırmayıblar,
Qara müəllim oğlunu da mətbuat konfransına getməyə
qoymadı.
- Onun sevimli bəstəkarları, yazarları kim idi?
- Dmitriy Şostakoviç, Sergey Prokofyev. Prokofyevin
əsərlərini həmişə bizə təhlil etdirirdi. Qara müəllimin
çox gözəl yaddaşı var idi. Dünya ədəbiyyatı ilə çox
məşğul olurdu. Vaxtı olmayanda həyat yoldaşına deyirdi
ki, sən oxu sonra məzmununu mənə danış. Bir o, bir də
Tofiq Quliyev bütün sahələrdən məlumatlı idilər.
- Bəs öz əsərləri barədə xatirələrini bölüşürdü?
- Məsələn , "Yeddi gözəl"i Nizaminin 800 illiyinə görə
yazmışdı. Bəstəkarlar İttifaqında müzakirə üçün özü və
vaxtilə onun ilk pianino müəllimi olan Vladimir Kozlovla
birlikdə iki royalda əsəri başdan sona ifa etmişdilər.
Onu da səhnələşdirən İsmayıl Hidayətzadə olmuşdu. Sonra
o vəfat edəndə Qara müəllim dedi ki, bir atam, bir də
İsmayıl müəllim öləndə ağlamışam. Onlar birlikdə
Moskvada olub, Hidayətzadə deyib ki, gedək baletə tamaşa
edək. Qara müəllimə, sən balet yazmalısan deyib. Qara
müəllim də deyib ki, balet yazmaq üçün məzmun lazımdır.
Hidayətzadə Bakıya qayıdanda "Yeddi gözəl"i təqdim edib.
Beləliklə, "Yeddi gözəl" baleti yaranıb. Məsələn, "Alban
rapsodiyası"nı gedib Albaniyada yazıb.
85 yaşlı Tofiq müəllimi çox yormaq da istəmirəm, elə bu
yerdə söhbətimizi yavaş-yavaş yekunlaşdırmaq istəyirəm.
- Tofiq müəllim, sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı
bizə ayırdınız. Sonda nə demək istəyirsiniz?
- Qara Qarayevin qoyduğu yolu davam etdirmək, onun adına
layiq olmaq lazımdır.
Müsahibəmiz burda yekunlaşır, amma Tofiq müəllimlə
söhbətim davam edir. İnsult keçirən Tofiq müəllim sol
əlində problem olsa da, sağ əli ilə pianoda mənim üçün
musiqi ifa edir. Şəkil albomlarını birlikdə vərəqləyib,
Paris Notrdam kilsəsinin qarşısında əl-ələ görüşən Qara
Qarayev və Tofiq Bakıxanovu görürəm. Üzlərində təbəssüm
var. Elə bu təbəssümlə də sevimli bəstəkarımızla
sağollaşıram. |