Bakı
şəhər 22 nömrəli tam orta məktəbdə fevralın 15-də
keçirilən bilik yarışını qısa şəkildə belə
qiymətləndirmək olardı.
Məktəblərdə təşkil olunan bütün tədbirlər, konkret
məqsədlərindən asılı olmayaraq, şagirdlərin əqli
inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi
cəhətdən kamilləşməsinə xidmət edir. Sözügedən bilik
yarışı bu baxımdan da çox faydalı oldu. Şagirdlər həm
tarixdən böyük bir mövzunu necə öyrəndiklərini nümayiş
etdirdilər, həm əyləndilər, həm də yaşıdlarının tədbir
boyu təqdim etdikləri bədii proqramdan böyük zövq
aldılar. Özü də təkcə onlar yox, müəllimləri və tədbirdə
iştirak edən qonaqlar da. Onlar isə az deyildi.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutundan, Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən, Sabunçu Rayon İcra Hakimiyyətindən, qəsəbə
bələdiyyəsindən, ətraf məktəblərdən nümayəndələr tədbirə
qatılmışdı.
Sabunçu RİH və "Tarix" İctimai Birliyinin dəstəyi ilə
tarix gecəsi çərçivəsində keçirilən bilik yarışması
"Səfəvilər dövləti" mövzusuna həsr olunmuşdu. Mübarizə
aparanlar VIII sinif şagirdləri idi. Onları hərəsində 6
şagird olan 6 komanda təmsil edirdi. Komandaların adları
da mövzuya uyğun və cəlbedici idi: "Uğur". "Qarabağ",
"Xətai", "Qızılbaşlar", "Zirvə", "Günəş".
Bilik yarışı Dövlət himninin ifası və məktəbin direktoru
Cavad Səfərovun açılış sözü, qonaqları təqdim etməsi və
salamlaması ilə başladı. Direktor bilik yarışlarının
əhəmiyyətini xüsusi qeyd etdi, məktəbdə şagirdlərin
vətənpərvərlik tərbiyəsinə, cəmiyyətə inteqrasiyasına
kömək edən silsilə tədbirlərin mütəmadi təşkil
olunduğunu diqqətə çatdırdı.
Şagirdlərdən birinin sazda ifa etdiyi "Nar ağacı" aşıq
mahnısı elə başlanğıcdan tədbirin "quru" keçməyəcəyinin
anonsunu verdi.
Sonra yarışmanın qaydaları izah olundu. Bu barədə
məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
eksperti, 170 nömrəli tam orta məktəbin tarix müəllimi
Niyaməddin Quliyev bildirdi ki, bilik yarışı 5
mərhələdən ibarətdir. Hər mərhələdə komandalara suallar
veriləcək və onlar əvvəlcədən elan olunmuş vaxt ərzində
bu sualları cavablandıracaqlar. Vaxt başa çatdıqdan
sonra komandaların kapitanları cavabları münsiflər
heyətinə təqdim edəcək. Hər düzgün cavab bir balla
qiymətləndiriləcək.
Bütün mərhələlər başa çatdıqdan sonra hər mərhələ üzrə
toplanmış balların cəmlənməsi yolu ilə yekun nəticələr
müəyyənləşdiriləcək və hansı komandanın daha çox bal
topladığı məlum olacaq.
Niyaməddin müəllim şagirdlərə bəzi tövsiyələrini də
verib onlara uğur arzuladı. Yarış başladı.
Komandalar I mərhələdə 5 sualı 7 dəqiqə ərzində
cavablandırdılar. İkinci mərhələdə də həmin vaxt ərzində
5 açıq suala şagirdlər tərəfindən cavab verildi. Üçüncü
mərhələdə komandalar onlara təqdim olunan mətndə
buraxılan səhvləri müəyyənləşdirdilər. 4-cü mərhələ
komandaların bir-birinə ünvanladığı sualların
cavablandırılması şəklində keçdi. Sonuncu - 5-ci
mərhələdə isə aparıcı tərəfindən bütün komandalara 10
sual verildi və onlar qısa zaman ərzində (20 saniyədə)
həmin sualları cavablandırdılar.
Hər mərhələdən sonra cavablar yarışın keçirilməsinə
yaxından dəstək verən "Tarix" İctimai Birliyinin sədri,
tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları,
tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov, Əkbər
Bədəlov, Bakı şəhər 72 nömrəli məktəb-liseyin tarix
müəllimi, tarix üzrə fəlsəfə doktoru Aydın Abdullayev və
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Camal
Bağırovdan ibarət münsiflər heyəti tərəfindən
qiymətləndirildi.
Şagirdləri bilik yarışına 22 nömrəli tam orta məktəbin
tarix müəllimləri Yasəmən Ağamalıyeva, Ruslan Rüstəmov,
Yeganə Əhmədova, Nailə Əliyeva, Tural Şirinov
hazırlamışdılar.
Hər mərhələnin sonunda, cavablar münsiflər heyəti
tərəfindən qiymətləndirildiyi müddətdə səhnəyə məktəbin
istedadlı şagirdləri çıxır, bir-birindən maraqlı mahnı
və rəqs nömrələri ifa edirdilər. Bununla onlar həm arada
yaranan boşluğu doldurur, həm də məharətli ifaları ilə
tədbirə xüsusi rəng qatırdılar. Eyni zamanda ekranda
Səfəvilər dövlətinə, onun hərbi geyimlərinə, pul
vahidlərinə və s. aid görüntülər nümayiş etdirilirdi.
Bilik yarışının təşkilində bəzi nüanslar maraq
doğururdu. Belə ki, burada şagirdlər təkcə Niyaməddin
müəllimin hazırladığı suallara deyil, həm də özləri
tərəfindən digər qruplara verilmək üçün hazırlanan
suallara cavab verməli olurdular. Yarışın belə təşkili
şagirdlərdə həm də maraqlı suallar tərtib etmək
qabiliyyətinin inkişafına səbəb olur.
Yarış başa çatdı. Münsiflər heyəti öz qərarını elan
etdi. Məlum oldu ki, bütün mərhələlər üzrə daha çox bal
toplamış "Xətai" komandası qalib gəlib. İkinci yerə
"Uğur", üçüncü yerə isə "Qarabağ" komandaları çıxıblar.
Sonrakı yerləri "Zirvə" (IV yer), "Qızılbaşlar" (V yer)
və "Günəş" (VI yer) komandaları bölüşüblər. Komandalar
Fəxri fərman və kitablarla mükafatlandırıldı.
Sonda məktəbin direktoru Cavad Səfərov şagirdləri təbrik
edib, tədbirə qatılan qonaqlara, tarix gecəsi və yarışın
təşkilində əməyi olanlara minnətdarlığını bildirdi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |