Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Bakı Modern Məktəbində ədəbi-bədii kompozisiya nümayiş olunub

 

Böyütmək üçün seçinFevralın 17-də  Bakı  Modern Məktəbində  21 fevral Beynəlxalq  Ana dili Gününə həsr edilmiş "Ana dilimizi sevək, sevdirək"  adlı ədəbi-bədii kompozisiya  keçirildi. Kompozisiya məktəbin 3 A1 sinfinin şagirdləri tərəfindən hazırlanmışdı. Tədbirin keçirilməsində məqsəd  şagirdlərdə  kiçik  yaşlarından  nitq mədəniyyəti formalaşdırmaq, onlarda şifahi nitq bacarıqlarını inkişaf etdirmək, fikirlərini sərbəst ifadə etmək,  səlis, düzgün danışmaq, dinləyərək anlama, danışıq zamanı fikirləri tamamlama kimi  bilik,  bacarıq, vərdiş  aşılamaq idi.

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq onun qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.

Kiçikyaşlılar  sinif rəhbəri  Sevinc Əliyevaya məxsus  xüsusi hazırlanmış ssenari ilə çıxış etdilər. Canlandırılan səhnəciklər onların özlərini ifadə edə bilmə bacarığını yüksək dərəcədə göstərirdi.

Tədbirdə  Milli Məclisin üzvü Nizami Cəfərov, Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Qiymətləndirmə və innovasiya şöbəsinin əməkdaşı Namiq Nağıyev,  pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bibixanım İbadova, filoloq Sevil Yusifova, Bakı Şəhəri  üzrə Təhsil İdarəsi ümumitəhsil sektorunun baş məsləhətçisi Tural Mirzəliyev, İctimai Televiziyanın əməkdaşı  Orxan Cabbarlı iştirak edirdilər.

Tədbir yüksək səviyyədə hazırlanmışdı. İKT-dən, müasir avadanlıqlardan, Veb 2 və Veb 3 alətlərindən istifadə edilərək Azərbaycan dili standartları reallaşdırılmışdı. Qonaqarı  valeh edən  keçmişlə müasir dövrün sintezi, müasir yanaşmaların  nümayişi, Azərbaycan dilinin rəngarəngliyi, gözəlliyinin   xüsusi və yeni yazılmış  səhnəciklər üzrə  nümayiş etdirilməsi oldu. Videoreportajlar, İçərişəhər, Şirvanşahlar sarayında çəkilərək nümayiş etdirilən səhnəciklər zamanı şagirdlərin  istedadlarının, 7-8 yaşlı kiçik məktəblilərin potensial imkanlarının hər vasitə ilə üzə çıxarıldığının şahidi olduq.  Şagirdlərin  "Azərbaycan dilimizi  sevirik, onu  hər yerdə, hər zaman yayacaq, inkişaf etdirəcəyik " demələri, bunu söyləyərkən qürur və  iftixar hissi keçirmələri  hamı tərəfindən bəyənildi. Bu səhnələri görmək çox qürurverici idi.  Kiçik yaşlarından şagirdlərdə vətənpərvərlik, dövlətə, dilə, bayrağa olan sevginin yüksəkliyini, ifadə etdikləri hər fikirdə özünü büruzə verən mübarizlik nümunələri ilə fəxr etməmək mümkün deyildi.

Tədbirdə inteqrasiyanın hərtərəfli gözlənilməsi, əlaqələndirmələr qüsursuz idi. Şagirdlərin dünya alimlərinin, müdriklərin ana dili haqqında fikirlərini özlərinə məxsus bacarıqla ifadə etmələri    dilimizin gözəlliyi, zənginliyindən istifadənin bariz nümunəsi idi.

Yeri gəlmişkən qeyd edək ki, BMM-nın müəllimi Sevinc Əliyevanın tədbirlərində, "açıq dərs"lərində hər zaman diqqət etdiyi bir xüsusiyyət var: yaradıcı olmaq, yeni ideyaları irəli sürmək, özünəməxsus ssenarilər yazmaq və onları  qeyri-adi şəkildə ortaya çıxarmaq. Bu tədbirdə də məhz belə oldu. Tədbir zamanı  kurikulum təlimlərində  təcrübəsindən istifadə edilən, Azərbaycan dilini Kanadanın Toronto vilayətində yayan, bizi orada təmsil edən həmvətənimiz Yeganə Cəfərovanın təbrikləri də videogörüntü ilə qonaqlara və körpə balalarımıza çatdırıldı. Bundan başqa, bir neçə şəhərdə dilimizi yayan, xarici vətəndaşlara öyrədən  həmkarlarımızın da təbrikləri eşidildi.

Bakı Modern Məktəbinin  ibtidai sinif müəllimi, 2011-2012-ci tədris ili üzrə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, Təhsil Nazirliyinin bir çox layihələrində öz təcrübəsini həmkarları ilə paylaşan, "Mədəd-Azərbaycan" təşkilatının xətti ilə  mentorluq layihəsi üzrə  fəaliyyətini həyata keçirən ilk mentorlardan biri olan   Sevinc Vaqif qızı Əliyeva, Bibixanım İbadovanın söylədiyi kimi, yenə bir ilkə imza atdı. Təhsilimizin inkişaf etdiyini, müəllim istəyərsə, hər bir şeyin mümkünlüyünü nümayiş etdirdi. 

Tədbirin sonunda şagirdlərə  Bakı Modern Məktəbinin direktoru Gülarə Əfəndiyeva və qonaqlar  tərəfindən fəal iştiraklarına görə diplomlar təqdim edildi.   

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov