Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Xocalı soyqırımının canlı şahidləri

 

Böyütmək üçün seçin1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının bilavasitə iştirakı ilə  Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımını törətmişdir. Ermənilər Xocalı şəhərinin əhalisinə divan tutmuş, həmin hadisə zamanı yüzlərlə insan, o cümlədən qocalar, qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, əsir və girov götürülmüş, şəhər yerlə-yeksan edilmişdir. Xocalı işğal olunarkən dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz qoymayan cinayətkarlar heç kimə aman verməmişdir. Hadisədən bir neçə gün sonra telereportyorlar tərəfindən lentə alınan dəhşətli kadrlar bütün dünyanı sarsıtdı. Əsas etibarilə qocalar, qadınlar və uşaqlardan ibarət olan onlarla meyitin alın dərisi soyulmuş, sifətləri güllələrlə və avtomat qundaqları ilə dağıdılmışdı. 613 nəfər həmyerlimiz öldürülmüşdür ki, onlardan da 63 nəfəri uşaq və yeniyetmə, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl yaşlı adamlardır. 8 ailə tamamilə məhv edilmiş, 25 nəfər uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 150 nəfərin taleyi bu günə kimi məlum deyil. 487 nəfər əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Bu kütləvi və amansız qırğın aktı bəşər tarixində misilsiz vəhşilik və qara ləkə kimi qalacaqdır. Faciənin iyirmi üçüncü ildönümü ərəfəsində jurnalist Əsli Xəlilqızının hadisə şahidlərinin dilindən qələmə aldığı fikirləri təqdim edirik.

 

 


"Atamı gözlərimin qarşısında yandırdılar" 

Xəzangül Əmirova,
Xocalı sakini, 1983-cü il təvəllüdlü

"Fevralın 25-i gecə saat təxminən on birə qalmış evdən çıxdıq. Hər yandan partlayış səsi gəlirdi. Gurultudan qulaq tutulurdu. Qorxurdum. Anam balaca qardaşım Vüqarı qucağına almışdı. Atam bacım Nigarı. Mən və dörd yaşlı bacım Yeganə özümüz gedirdik. Xocalıdan çıxanda ana nənəm Əntiqə gəlib bizi tapdı.

O, anamdan qardaşım Vüqarı aldı. Atam bizi çaydan keçirdi. Meşəyə girdik. Hər yan qar idi. Üşüyürdüm. Gecə meşədə qaldıq. Səhər açıldı. Ermənilər camaatımızı qırdı. Hər tərəf meyit idi. Atam ayağından yaralandı, sonra da çiynindən. Atam meşədən qırdığı yoğun ağac budağına söykənə-söykənə gedirdi. Anam Nigarı atamdan almışdı. Dərəyə enmişdik. Oturmuşduq. Bizi ermənilər gülləyə tutdular. Anam başını əyib bacım Nigarı qucaqladı ki, güllə ona dəyməsin. Güllə anamın başından dəydi... Anam yerindəcə keçindi. Nənəm haray çəkirdi, qışqırırdı, ağlayırdı. Balaca bacılarım Yeganə, Nigar donuq-donuq baxırdılar. Anamı qucaqlayıb ağlayırdım. İstəmirdim anam orada qalsın. Atam qolumdan tutub dartdı. Anamın üstünü başına bağladığı şalla örtdü... Biz gedirdik. Hey dönüb anama baxırdım. İstəyirdim anam da gəlsin... Bir az getmişdik ki, altı yaşlı bacım Yeganəni vurdular, o da yerindəcə keçindi. O da meşədə qaldı. Sonra bilmirəm, ermənilər bizi tutdu. Bir kəndə gətirdilər. Atamı tüfəngə tuşlayıb öldürmək istəyirdilər. Erməni yaraqlısının ayağını qucaqlayıb yalvarırdım ki, anam ölüb, bacım ölüb, atamı öldürməyin. Məni itələdilər. Atamı güllə ilə vurmadılar. Sonra onu simlə ağaca sarıdılar. Dedilər: "De ki, Qarabağ Ermənistan torpağıdır!". Atam demədi. Ayaqlarına benzin töküb yandırdılar. Atamın ayaqları yananda mən də, nənəm də qışqırırdıq. Bir də dedilər: "De ki, Qarabağ Ermənistan torpağıdır! Buraxaq get, balalarını saxla". Atam yenə demədi. Bu dəfə onun  boğazından aşağı benzin tökdülər. Yandırdılar atamı...".

Qışqırırdım... Atama kömək etmək istəyirdim. Hər qolumdan bir erməni saqqallısı tutmuşdu. Onlar gülürdülər! "Türklərə göz dağı olsunlar!" deyirdilər. Orada çoxlu meyit vardı... Boyunlarına məftil bağlayıb sürüyürdülər. İnsan əzabından zövq alıb gülürdülər! Bilmirəm biz oradan necə qurtardıq. Artıq heç nə hiss etmirdim. Heç nə xatırlaya bilmirəm. Nənəm deyir ki, Milli Ordunun əsgərləri bizi qurtardı. Ağdama gəlmişdik".


"Üç oğlu güllələnən qadının naləsini hələ də unuda bilmirəm" 

Teymur Musayev,
Xocalı sakini, 1982-ci il təvəllüdlü

...Ağdamın Abdalgülablı kəndinə sarı səmt almışdıq. Yoxuşu təzəcə qalxmağa başlamışdıq ki, gülləbarana düşdük. İstiqaməti dəyişib üzü dərəyə qaçdıq. Hər yan qar, bir də ağac gövdələri idi. Sıx ağac gövdələri çoxumuzun həyatını qurtarsa da, orada xeyli ölən oldu. Pərən-pərən olmuş camaat dərənin dibində bir yerə toplaşdı. Adamlar azalmışdı... İnsanlar bir-birlərini səsləyirdilər. Abdalgülablı zənn etdiyimiz kəndə yaxınlaşırdıq. Kənd camaatı Azərbaycan dilində erməniləri söyə-söyə bizi səsləyirdi. Və birdən yenə gülləbaran başladı. Tələyə düşmüşdük. Kolonnanın arxasında olan camaat geri dönüb qaça bildi. Dayım da qaçmışdı. Biz qabaqda getdiyimizdən əsir düşdük. Bu ermənilərin yaşadığı Dəhraz kəndi idi... Bizi kəndin içərisindəki fermaya gətirdilər. Zəhra adlı bir qadını fermanın həyətindəcə güllələdilər. Güllə onun ağzından girib boynunun ardından çıxdı. Lap yanımda sakitcə keçindi... Səsi də çıxmadı. Unutmadığım səhnələrdən biri də Zəhra xalanın səssizcə ölümüdür...

Bizi mal-qara tövləsinə doldurdular. Bir az keçdi, iri bir ləyən gətirib dedilər ki, nəyiniz var tökün. Üstünüzdə bir şey qalsa, güllələnəcəksiniz. Kimin nəyi vardısa -  qızıl, pul, sənəd həmin ləyənə tökürdü. O ləyən üç dəfə dolub boşaldı. Ora atılan qızıl əşyaların taqqıltısı da qulağımdadır. Həmin tövlədən oğlanları əlindən alınıb öldürülən Matan xalanın naləsi də... Üç oğlu güllələnən qadının naləsini hələ də unuda bilmirəm.

Matan xala nə qədər ağlayıb yalvardısa, oğlullarından birini də ona vermədilər. Üçü də Milli Ordu paltarında idi. Birinci gün 10-11 nəfər Milli Ordu paltarında olan kişini çölə çıxardılar. Çöldə pulemyot biçini eşidildi...

Bizi bir-iki gün də Dəhraz kəndi yaxınlığında fermada saxladılar. Sonra seçdilər. Tövlədən çıxanda qoca, qadın və uşaqları bir tərəfə, əli silah tuta biləcək cavan və orta yaşlı kişiləri digər tərəfə cərgələdilər. Atam bizdən ayrı düşdü. Ata nənəm məni və qardaşım Ramini öyrətdi ki, gedin atanızın ayaqlarından yapışıb ağlayın və yaraqlılara deyin ki, anamız meşədə ölüb, heç olmasa, atamızı buraxın. Elə də elədik. Yaraqlılardan biri - o, Yerevandan gələn deyildi, yerli erməni idi - atamı tüfəngin qundağı ilə qoca, qadın olan sıraya itələdi. Bizim sıraya Ağdamın Abdalgülablı kəndinə sarı hərəkət etmək tapşırıldı. Bizi bir neçə erməni yaraqlısı yarı yolacan yola saldı. Yolda bizə deyirdilər, əgər siz tərəfdən atsalar, hamınızı biçəcəyik. Gedirdim, dönüb arxaya baxırdım. Elə bilirdim bizi arxadan biçəcəklər... O biri cərgədən isə xəbərim olmadı. Abdalgülablı kəndində bizi Milli Ordunun əsgərləri qarşıladı. Oradan da Ağdama gətirdilər. Bizi ölmüş bilmiş anam bir neçə gün Ağdam məscidində meyitləri axtarıbmış... İnana bilmirdim sağ qaldığıma... Don vurmuş ayaqlarımı soyuq suya qoydular".


"Yaşamağıma hələ də inana bilmirəm" 

Füzuli Mehbalıyev,
Xocal
ı sakini, 1975-ci il təvəllüdlü

"Xocalı sakini İsrail İsmayılovla "Vaşim şestoy" postunda durmuşduq. Səhərdən bir tikə yemək yeməmişdik. Axşam saat on radələrində evə yeməyə gəldik. Hər an atışma vardı. Ancaq birdən atışma şiddətləndi. Milli Ordunun əsgəri İsrail məni posta qayıtmağa qoymadı. Özü getdi. Dəhşətli partlayış, gurultu səsləri aləmi bürüdü. Biz üç mərtəbəli binada yaşayırdıq. Bayıra çıxmaq mümkün deyildi. Blok gülləbaran edilirdi. Birinci mərtəbədə olduğumuzdan blok sakinləri bizim evə doldu. Blokun əks tərəfindəki nisbətən güllə tutmayan otağın pəncərəsini açdıq. Birinci mən endim. Sonra belimi dayaq verdim ki, evdə olan qız-gəlinlər, qocalar pəncərədən düşə bilsin. Binanın kişilərinin hamısı Xocalının müdafiəsinə qalxmışdı. Gördük ki, Əlif Hacıyev və Tofiq Hüseynov Milli Ordu əsgərlərini bizim köməyimizə göndərib. Xocalı şəhəri aşağıdan, yuxarıdan - aeroport və Əsgəran, bir də Bozdağı tərəfdən hücuma məruz qalmışdı. Alazan, snaryad, qranat yağış kimi yağırdı. Təkcə Çaylaq yolu tərəfdən hücum yox idi. Milli Ordu əsgərləri düşmənlə atışa-atışa bu yolla bizi Ağdama keçirmək istəyirdilər. Fin evlərinin yanından daldalana-daldalana gedirdik. Getdikcə camaat çoxalırdı. Qışqıran kim, bağıran kim. Qarqar çayına çatdıq. Qardaşım Nizami ilə anamı çaydan keçirdik. Su buz kimi soyuq idi. Çayı keçib Kətik meşəsinə üz tutduq. Dəstə o qədər böyümüşdü ki, artıq idarə etmək çətin idi. Rəhmətlik Əlif Hacıyev, Milli Ordunun əsgəri Füzuli və başqaları təhlükəsiz istiqaməti müəyyənləşdirib dəstəni istiqamətləndirirdilər. Anam, qardaşım, qonşumuz Mamed dayı, həyat yoldaşı Rəhilə - biz lap yanaşı gedirdik. Tanıdığım insanların çoxunu yadımda saxlaya bilmirdim. Soyuq, qorxu, vahimə, islanmış ayaqlarımı da buz kəsmişdi.

Kətik meşəsində təpəni qalxdıq. Dönüb Xocalıya baxdım. Xocalı od tutub yanırdı. Xocalıdan xeyli uzaqlaşsaq da, şəhərdə şiddətli atışma səsi gəlirdi. Döyüşən Milli Ordunun əsgərləri idi. Onlar ölümlə üzzə qalmışdılar ki... Qalmışdılar ki, dinc əhali mühasirədən çıxa bilsin.

Təpədən dərəyə endik. Rəhmətlik Əlif Hacıyev dedi ki, buranı güllə tutmaz, bir az oturub dincələk. Qarın üstündə oturdum. Ağzıma qar qoydum. Camaat su əvəzinə qar yeyirdi. Əlif Hacıyev qışqırırdı ki, qar az yeyin. Bir az dincəlmişdik ki, o, durmaq əmri verdi. Qalxdıq. Bir xeyli gedib meşənin tala yerində şumluğa düşdük. QarBöyütmək üçün seçin basmış, şumlanmış yerdə hərəkət lap zülm idi. Ayağının birini atır, sanki o birini kimsə tutub saxlayırmış kimi gəlirdi adama. Üstəlik də çayı keçərkən islanmış ayaqlarım zülm verirdi mənə. Yüngülləşmək üçün əynimdəki gödəkçəni çıxarıb atdım. O, məni lap gücdən salırdı. Bir az getmişdim ki, ayağım tələyə keçdi. Nə qədər etdik tələni aça bilmədik. Ayaqqabının bağını açıb ayaqqabıdan ayağımı sürüşdürüb çıxardım. Ayaqqabımın bir tayı tələdə qaldı. Gedirdik. Səhərə yaxın idi. Kətik meşəsi ilə Əsgəranı birləşdirən asfalt yolu keçsə idik, Şelli kəndinə çatacaqdıq. Asfalta çataçatda gülləbaran başladı. Başımızı qaldıra bilmirdik. Heç kimin heç kimdən xəbəri yox idi. Bizi mühafizə edən Milli Ordu əsgərləri cavab atəşi açırdılar. Orada xeyli ölən, yaralanan oldu. Camaat sürünə-sürünə gedirdi ki, gülləyə tuş gəlməsin. Heç yadımdan çıxmaz. Xocalıda fin evlərində yaşayan Rəşid adlı oğlanın ovçarkası gülləbaran başlayanda irəli cumdu. Sonra o da sanki hər şeyi başa düşürmüş kimi sürünməyə başladı. Şelliyə qədər süründü. Şelliyə çatmamış dərədə yenə də gülləbarana düşdük. Orada atışma daha şiddətli idi. Milli Ordunun əsgəri İsrailin pulemyotunun maqazinini doldururdum. Maqazini götürmək istəyəndə geri baxanda gördü ki, mənəm. Üstümə qışqırdı. "Rədd ol, get burdan! Oradan bura sağ-salamat gəlmisən ki, burada öləsən?". Böyür-başım meyitlə dolu idi. Yıxılan kim, zarıyan kim, imdad diləyən kim, inildəyən kim. Heç kim heç kimi tanımırdı. Güllə yağışı altında bir saniyə belə dayanıb kiməsə kömək etmək mümkün deyildi. Hamı can hayında idi.

Həmin gülləbaranda sonralar Azərbaycanın Milli Qəhrəmanı olmuş Əlif Hacıyevin mənə bağışladığı papağı itirdim. Papaq başımdan düşdü. Qayıdıb götürməyə qorxdum. Şelliyə sarı qaçırdım. Hələ Kətik meşəsində Əlif Hacıyevin papağı kola ilişib dərəyə yuvarlanmışdı. Gedib gətirmişdim. Papağı başıma basıb demişdi: "Soyuqdu, qoy başına"... Naxçıvanikdəki donuz fermasının yanındakı gülləbarandan canını qurtaran Şelli kəndinə çatdı. Mən də onlarla idim. Bizi bir evə apardılar. Əvvəlcə su verdilər.

1992-ci il fevralın 27-də meyitləri yığmaq üçün gülləbarana düşdüyümüz yerə - Naxçıvanik yaxınlığına gəldik. Ata-anasının meyitini tapmaq ümidilə Həsənbalanın uşaqları da mənimlə idi. Başqa xocalılar da vardı. Milli Ordunun əsgərlərindən də. Meyit axtarırdıq. Bir hərbi vertolyot yerə endi. Bir neçəsi də onu mühafizə edirdi. Çingiz Mustafayev kamera ilə bu törədilmiş vəhşiliyi çəkirdi. Həm də hönkürürdü. Sonralar Azərbaycanın Milli Qəhrəmanı olmuş Çingiz Mustafayevin çəkdiyi kadrlar dünyanı lərzəyə gətirdi. Həmin kadrlardan qat-qat dəhşətlilərini gözlərimlə görmüşəm. Yandırılmış, başı, qulağı, burnu kəsilmiş, dərisi soyulmuş meyitlər. Meyitləri yığmağa da qoymadılar. Yenə atışma başladı. Artıq şiddətlənirdi. Yerə enmiş vertolyot 15-20 meyit götürdükdən sonra qalxdı. Biz Şelliyə sarı qaçdıq. Meyitləri götürə bilmədik. Həsənbalanın uşaqları nə anasının, nə də atasının meyitini götürə bilmədilər. Həsənbalanın arvadı dərədə idi. Boğazından yaralanmışdı. Kəndçimiz Talehin meyiti bir az dikdə donmuşdu... Ondan bir az aşağıda tanımadığım iki uşaq meyiti vardı... Dərə dolu meyit idi. Qaxaca dönmüş meyitlər... Fevralın 26-dakı gülləbaranda camaat dərəyə doluşdu ki, başını güllədən gizləyə bilsin... Elə dərədəcə hamısı üst-üstə qalaqlanmışdı... Çoxusunu tanımırdım. Xocalıda fermada işləyən bir kişinin meyitini yandırmışdılar. Doğmaları onu ayaqqabısından tanıdı. Dilonun oğlunun beyin hissəsi oyulmuşdu...

Gecələr yata bilmirəm. İnanmıram sağam. Yaşamağıma hələ də inana bilmirəm".

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov