Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam
aləmi" IV Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti
tədbir baş tutub. Musiqi sənəti fakültəsi "Muğam
sənəti" kafedrası müəllimlərinin yaradıcılıq-ifa işi
"Şur" dəstgahına həsr olunan tədbiri ADMİU-nun rektoru,
professor Fərəh Əliyeva açaraq Heydər Əliyev Fondunun ən
möhtəşəm layihələrindən olan "Muğam aləmi" Beynəlxalq
festivalının əhəmiyyətindən, muğamlarımızın bütün
dünyaya tanıdılmasında böyük rolundan, onların musiqi
mədəniyyətimizdəki yerindən, istedadlı xanəndələrin,
ifaçıların üzə çıxarılaraq tanıdılmasından danışıb,
belə tədbirlərin gələcək üçün böyük təcrübə olduğunu
vurğulayıb.
Daha sonra "Muğam sənəti" kafedrasının müəllimi, xalq
artisti Gülyanaq Məmmədova ifa olunacaq "Şur" dəstgahı
haqqında tarixi və nəzəri baxımından məlumat verib.
Dəstgah Gülyanaq Məmmədova, Xalq çalğı alətləri
ifaçılığı kafedrasının dosentləri, əməkdar artistlər
Vamiq Məmmədəliyev, Mirnazim Əsədullayev və tələbələrin
ifasında dinləyicilərə kompozisiya şəklində təqdim
edilib.
ADMİU-nun müəllim-tələbə heyətinin, muğam bilicilərinin
iştirak etdikləri tədbir maraqla qarşılanıb.
Mətbuat xidməti |