Fevralın 27-də Parisdə Azərbaycan və Fransa
universitetlərinin iştirakı ilə "Azərbaycan günü"
tədbiri keçiriləcəkdir.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarovun 2014-cü ilin noyabr ayında Parisə işgüzar
səfəri zamanı Fransanın müvafiq dövlət qurumları ilə iki
ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsi mövzusunda müzakirələr aparılmışdı.
Prosesin davamı olaraq fevralın 27-də Parisdə
keçiriləcək "Azərbaycan günü" tədbirinin əsas məqsədi
Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında
ikitərəfli əlaqələri inkişaf etdirmək, tələbə və müəllim
mübadiləsi və birgə proqramların həyata keçirilməsi
imkanlarını dəyərləndirməkdən ibarətdir.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanovun
rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibində
Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin
rəhbər şəxslər səviyyəsində iştirakı nəzərdə tutulur.
"Azərbaycan günü"ndə 20-yə yaxın Fransa ali təhsil
müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb
edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər.
Eyni zamanda, tədbir çərçivəsində Avropa İttifaqına
daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan
universitetlərində təhsil almaq imkanları təqdim
olunacaqdır. |