Təhsil
Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin mini
futbol üzrə Bakı şəhər çempionatı keçiriləcək.
Fevralın 20-də məktəblilərin mini futbol üzrə Bakı şəhər
çempionatının təşkili ilə əlaqədar paytaxtdakı
ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin
iştirakı ilə seminar keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası (AFFA) nümayəndələrinin iştirak etdiyi
seminarda fiziki tərbiyə müəllimlərinə çempionatın
keçirilməsi barədə rəsmi sənədlər, sifariş vərəqləri,
buklet və posterlər paylanılıb, videoçarx nümayiş
etdirilib. Eyni zamanda, seminarda müəllimlərə
yarışların keçiriləcəyi yerlər, oyunların keçirilməsi və
idarəolunması qaydaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov fevralın
13-də Məktəblilərin mini futbol üzrə Bakı şəhər
çempionatının keçirilməsi barədə əmr imzalayıb. Əmrə
müvafiq olaraq çempionatın Əsasnaməsi və Təşkilat
Komitəsinin tərkibi təsdiq olunub. Təhsil nazirinin
müşaviri Hüseyn Əliyev 6 nəfər üzvü olan Təşkilat
Komitəsinə sədr təyin edilib. Yarışların təşkili və
keçirilməsinə ümumi rəhbərlik "Təhsil" Respublika İdman
Mərkəzi tərəfindən həyata keçirilir. Yarışların
bilavasitə idarə edilməsi Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası tərəfindən təsdiq edilmiş
hakimlər kollegiyasına həvalə olunub.
Çempionatın keçirilməsində məqsəd "Azərbaycan
Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına
dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə
yetirilməsi, bu il Bakıda keçiriləcək birinci Avropa
Oyunlarının mahiyyətinin məktəblilər arasında təbliği,
futbolun inkişaf etdirilməsi, perspektivli şagirdlərin
aşkar edilməsi, onların sağlam həyat tərzinə cəlb
edilməsi, məktəbli futbolçuların idman ustalıqlarının
artırılması və mini futbolun təbliğidir.
Çempionatın keçirilməsinə bu günlərdə start verilməsi
nəzədə tutulur. Yarışa Bakıda yerləşən ümumtəhsil
məktəblərinin VIII siniflərində təhsil alan oğlanlardan
ibarət komandalar qatılacaq.
Onu da qeyd edək ki, AFFA tərəfindən seçilmiş hakimlərin
idarə edəcəyi yarış 3 mərhələdən ibarət olacaq. I
mərhələ rayondaxili yarışları əhatə edəcək. Ümumtəhsil
məktəblərinin komandaları Olimpiya sistemi ilə mübarizə
aparacaqlar. Bu yarışlarda I-II yerləri tutan komandalar
II mərhələyə vəsiqə qazanacaqlar.
Növbəti mərhələdə yarışlar yarımqruplar üzrə
keçiriləcək. Yarımqruplarda mübarizə aparacaq komandalar
püşkatma yolu ilə müəyyən olunacaqlar. Hər yarımqrupda 6
komanda mübarizə aparacaq. Yarımqruplarda I və II yeri
tutan komandalar III mərhələyə vəsiqə qazanacaqlar.
Sonuncu - III mərhələdə isə yarımqrupların qalibləri
qarşılaşacaqlar.
Final yarışında I, II və III yerləri tutan
komandaların Təhsil Nazirliyinin diplom, kubok və
qiymətli hədiyyələri ilə mükafatlandırılması nəzərdə
tutulur.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |