Fevralın
14-də Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV
Respublika müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov,
Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət
Mehdiyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq
Əsgərov, İntel korporasiyasının MDB ölkələri üzrə
meneceri Tatyana Nanayeva iştirak ediblər. Tədbirə,
həmçinin dövlət qurumlarının nümayəndələri, Milli
Məclisin üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri,
qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil
ekspertləri və təhsil müəssisələrinin rəhbərləri
qatılıblar.
Tədbirdə məlumat verilib ki, "Sabahın alimləri" IV
Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd
yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və
tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Bu
müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin
şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF -
Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində
təşkil olunur. Builki müsabiqədə 195 şagird 96 elmi
layihə ilə iştirak edib. Onlardan 27-i fərdi, 69-u
kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı,
ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin
şagirdləri layihələr təqdim edib.
Müsabiqə üç gün ərzində keçirilib. Sonuncu gün "Açıq
qapı" saatları təşkil olunub, şagird və müəllimlərə,
həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq
imkanı yaradılıb.
Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti
tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib.
Qiymətləndirmə nəticəsində ilk 3 yerə layiq görülən 47
layihə müəyyənləşdirilib.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.
|