Fevralın
19-da Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımının
23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil
müəssisələrinə təşkil olunmuş mediatur başlayıb.
Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər
rayonlarına təşkil olunan səfərdə 30-dan çox KİV
nümayəndəsi iştirak edir.
Mediatur çərçivəsində ilk görüş Ağcabədi rayonu Hindarx
qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1
nömrəli orta məktəbdə olub. Media nümayəndələri məktəbdə
keçirilən bir neçə dərsdə iştirak ediblər. Gənclərin
çağırışaqədərki hazırlığı dərsində şagirdlərə Xocalı
faciəsi, eləcə də döyüşlərdə istifadə edilən
silah-sursat barədə geniş məlumat verilib.
Bildirilib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15
kilometr məsafədə yerləşir. Etibar İsmayılov adına 1
nömrəli orta məktəbdə 729 şagird təhsil alır. Ötən il
məktəbin 14 məzunu tələbə adını qazanıb.
Daha sonra mediatur iştirakçıları Ağdam rayonu Çəmənli
kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə
olublar. Qonaqlar tədris ocağında gənclərin
çağırışaqədərki hazırlığı və riyaziyyat dərslərini
izləyib, müəllim, şagird və kənd sakinləri ilə
görüşüblər.
Tədrisdə fərqlənən şagirdlərə Təhsil Nazirliyinin
hədiyyələri təqdim edilib.
Mediatur çərçivəsində KİV nümayəndələri fevralın 20-də
Ağdam rayonu Qaradağlı kəndindəki A.Abbasov adına və
Tərtər rayonu Qapanlı kəndindəki F.Həmidov adına orta
məktəblərdə olublar. Qonaqlar hər iki məktəbdə bir neçə
dərsdə iştirak ediblər.
Səfər zamanı Tərtər rayonu Qapanlı kənd orta məktəbində
pedaqoji kollektiv və şagirdlərlə həmin təhsil
müəssisəsinin məzunu, Müdafiə Nazirliyinin şöbə müdiri
polkovnik Elnur Məmmədovun görüşü keçirilib.
Daha sonra media nümayəndələri və şagirdlər bölgədəki "N"
saylı hərbi hissədə olub, əsgərlərin döyüş hazırlığı
səviyyəsini nümayiş etdirən çıxışları izləyiblər. Döyüş
texnikası və hərbi avadanlıqlara baxış keçirilib.
Səfərin təşkilində məqsəd dövlət başçısının "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ermənistan
Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi
təhlükəsizlik tədbirləri haqqında" sərəncamına uyğun
olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması
və ictimaiyyətin düzgün məlumatlandırılması işində
kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan
ibarətdir.
www.edu.gov.az
|