Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran-pri
2-ci beynəlxalq turniri keçirilib. Yarışda hər üç güləş
növü üzrə yığma komandalarımız iştirak edib.
Turnirin ilk günündə 48, 55, 60, 69 kiloqram çəkidə
qadın, 66, 71, 80, 98 kiloqram çəkidə yunan-Roma, 57,
65, 74, 97 kiloqram çəki dərəcələrində isə sərbəst
güləşçilər mübarizə aparıb.
Qadın güləşçilərimiz ilk yarış günündə 2 gümüş medal
qazanıb. Alyona Kolesnik (55 kq) və Nataliya Sinişin (60
kq) yalnız final görüşündə uduzaraq fəxri kürsünün
ikinci pilləsində qərarlaşıb.
Yunan-Roma güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1
gümüş və 1 bürünc medalla başa vurublar. 80 kiloqram
çəkidə mübarizə aparan Elvin Mürsəliyev bütün
rəqiblərindən üstün olub. Qazaxıstan, Litva, Polşa və
İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin
qızıl medalını qazandırıb. Kamran Məmmədov (66 kq)
finala qədər Portuqaliya, Macarıstan, Avstriya və Polşa
güləşçilərini məğlub edib. Final görüşündə Polşanın
başqa bir təmsilçisi ilə görüşü məğlub başa vurub və
gümüş medalla kifayətlənib. Orxan Nuriyev (98 kq)
mübarizəyə Avstriya güləşçisi üzərində qələbə ilə
başlasa da, növbəti görüşdə estoniyalı rəqibinə uduzub.
Ancaq rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc
medal şansı verib. Həlledici görüşdə İsveç təmsilçisi
Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc
medala sahib olub.
Paris Qran-pri turnirinin ilk günündə sərbəst
güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb. 65 kq
çəkidə mübarizə aparan Məhəmməd Müslümov və 97 kq-da
yarışan olimpiya çempionu Şərif Şərifov bütün
rəqiblərini mübarizədən kənarlaşdırıb və turnirin qızıl
medalına sahib olublar. Məhəmməd Müslümov ardıcıl olaraq
Çindən və ABŞ-dan olan 4 rəqibini mübarizədən
kənarlaşdıraraq finala yüksəlib. Finalda isə güləşçimiz
iranlı rəqibinə heç bir şans verməyib. Olimpiya
çempionumuz Şərif Şərifov isə Kanada, Qırğızıstan və
finalda İran təmsilçisini üstələyib və fəxri kürsünün ən
yüksək pilləsində qərarlaşıb. Bürünc medalları isə
yığmamıza Hacı və Yaşar Əliyev qardaşları qazandırıblar.
Hacı Əliyev (65 kq) həlledici görüşdə Macarıstandan olan
rəqibini məğlub edib. Yaşar Əliyev (57 kq) isə komanda
yoldaşı Mircəlal Həsənzadədən üstün olub.
Beləliklə, Parisdə keçirilən Qran-pri beynəlxalq
turnirin ilk günündə güləşçilərimiz ümumilikdə 3 qızıl,
3 gümüş və 3 bürünc olmaqla 9 medal qazanıblar. |