Fevralın
4-də Bakıdakı 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman
Məktəbinin turnir zalında şahmat üzrə Bakı şəhər
komanda çempionatı başa çatıb. Yarışda 8 komanda
tərkibində 40 nəfər, onlardan 9 nəfəri qızlar olmaqla I
dərəcəli şahmatçılar iştirak edib.
Baş hakim Fərid Zeynalovun rəhbərliyi ilə dairəvi sistem
üzrə 7 turda keçirilən yarışın yekun nəticəsinə görə 2
nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin komandası
14 (32) xalla I yeri, 1 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman
Məktəbinin komandası 10 (21) xalla II yeri, Həmkarlar
İttifaqı Respublika Şahmat-Dama Klubuun komandası 9
(19) xalla III yeri tutmuşlar. Qeyd edək ki, 2 nömrəli
Uşaq-Gənclər Şahmat İdman Məktəbinin komandası artıq
4-cü ildir ki, Bakı şəhər komanda çempionatının qalibi
olur.
Lövhə üzrə keçirilən turnirdə də 2 nömrəli Uşaq-Gənclər
Şahmat İdman Məktəbinin yetirmələrindən Andrey
Mustafin I, Əhməd Əhmədzadə II, Muhəmməd İsmayılov isə
III yerləri tutublar.
Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsinin (BŞGİBİ) baş məsləhətçisi,
paytaxtın şahmat üzrə əlaqələndirici-kuratoru Salman
Əbdülov, 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin
direktoru Elvin Hüseynov çıxış edərək şahmatın
inkişafında xüsusilə uşaqlar arasında keçirilən belə
yarışların böyük rol oynadığını bildirib, qalibləri
təbrik ediblər.
Qalib gələn idmançılar BŞGİBİ tərəfindən müvafiq
dərəcəli diplom, medal, xatirə hədiyyələri və kubokla
təltif olunub. |