Telman CƏFƏROV,
Bakı Slavyan Universitetinin tədris işləri üzrə
prorektoru, filologiya elmləri doktoru, professor
Bakı
Slavyan Universitetinin Azərbaycanşünaslıq
tədris-mədəniyyət mərkəzi "Azərbaycanşünaslıq etüdləri"
seriyasından ikinci kitabını təqdim etdi. 2014-cü ilin
sonlarında işıq üzü görmüş nəşr bu qəbildən
respublikamızda buraxılmış nadir kitablardandır. Düzdür,
son illər Azərbaycanşünaslıq və onunla bağlı anlayışlar
elmi-nəzəri müstəvidə diskurs və elmi diskussiyalara
fəal cəlb olunur, bununla belə, bu istiqamətdə işlərin
daha çox tədris-təbliğat, praktik yönümdə intişarına da
ehtiyac duyulurdu. BSU Azərbaycanşünaslıq
tədris-mədəniyyət mərkəzi əməkdaşlarının tərtib etdiyi
"Azərbaycanşünaslığa giriş" dərs vəsaiti məhz bu
zərurətdən gerçəkləşən, real tədris-təlim ehtiyaclarını
ödəməyə yönəldilən, dil, mədəniyyət, ədəbiyyat, mətbuat,
yaşayış, davranış və düşüncə tərzimizi təqdim və təbliğ
edən oçerklər toplusudur. Bu, adi, sıradan bir dərs
vəsaiti deyil, mühüm ictimai-siyasi, kulturoloji və
tədris-metodik hadisədir.
Haqqında danışdığımız bu dərs vəsaiti böyük bir ideyanın
işığından və bu ideyanın reallaşması istiqamətində
görülən vacib işlərin icrasından doğan nəşrdir.
İdeyanın müəllifi, kitaba ön söz yazan AMEA-nın həqiqi
üzvü, Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri
Kamal Abdullayev burada iki cəhəti xüsusi vurğulayır ki,
bu da geniş mündəricəyə malik dərs vəsatinin
aktuallığını təsdiqləməklə yanaşı, həmin istiqamətdə və
məzmunda yazılacaq gələcək tədris-təqdimat, eləcə də
elmi-tədqiqat materiallarının prioritetlərini
müəyyənləşdirir. Birincisi, Azərbaycançılıq
ideologiyasının qaynaqlandığı mənbə, prinsip və
ideyalara, böyük mütəfəkkirlərimiz Mirzə Fətəli
Axundzadə, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi,
İsmayıl bəy Qaspıralının (yəqin ki, bu cərgəyə "Üç
mədəniyyət" kitabının müəllifi Əhməd bəy Ağayev də əlavə
edilməlidir) adı ilə bağlı fikirlərə əsaslanan ön söz
müəllifi milli özünüdərkimizin ana xəttini təşkil edən
Azərbaycançılıq ideologiyasının müasir tariximizdə
aktuallaşması, postsovet dövrü Azərbaycanının əsl
milli-mədəni-etnik və siyasi-ictimai inkişaf və
tərəqqisi üçün möhkəm bir ideoloji platformaya
çevrilməsini ümummilli lider Heydər Əliyevin adı ilə
bağlayır. Elə ikinci cəhət də buradan irəli gəlir.
Azərbaycanşünaslığın elmi-nəzəri, Azərbaycançılıq
ideologiyasının tədris-təbliğ-təqdimat istiqamətləri
kimi inkişafına xidmət edən bugünkü Bakı Slavyan
Universitetinin keçmiş Rus Dili və Ədəbiyyatı Pedaqoji
İnstitutu bazasında "profili genişləndirilərək"
formalaşdırılması, nəzdində "Azərbaycanşünaslıq"
tədris-mədəniyyət mərkəzinin yaradılması, eyni adlı
ixtisasa bakalavriat və magistratura səviyyələrində
tələbə qəbulu, yaxın və uzaq xaricdə Azərbaycan dili və
mədəniyyəti mərkəzlərinin təşkili və onların
fəaliyyətinin təmin olunması, "Müasir
Azərbaycanşünaslığın aktual problemləri" ənənəvi
beynəlxalq elmi konfranslarının keçirilməsi və ən
nəhayət, bu işlərin nəticəsi olaraq dərslik, dərslik
vəsaitləri, elmi, elmi-metodik topluların, lüğət və
sorğu kitablarının hazırlanması məsələləri ön sözdə öz
əksini tapır.
Ön sözdə o cəhət də vurğulanır ki, "Monomillət
şəraitində yaşayan Ermənistandan fərqli olaraq, bu gün
Azərbaycanda dini və milli tolerantlıq hökm sürür. Bu
gün Azərbaycanda müxtəlif millətlər siyasi dözümlülük və
tolerantlıq şəraitində yaşayır. Pravoslavlar, yəhudilər,
katoliklər azad şəkildə öz dinlərinə sitayiş edirlər.
Lakin bu insanları birləşdirən vahid bir nöqtə -
AZƏRBAYCAN və vahid bir ideya - AZƏRBAYCANÇILIQ ideyası
var".
430 səhifəlik dərs vəsaitində təqdim olunan tədris
materiallarının BSU Azərbaycanşünaslıq tədris-mədəniyyət
mərkəzi əməkdaşları tərəfindən hazır-lanması və buraya
dil, tarix, coğrafiya, ədəbiyyat, mədəniyyət, incəsənət,
sənətkarlıq, xalq bayramları, oyun və əyləncələri ilə
bağlı yığcam və lakonik oçerklərin daxil edilməsi
vəsaitin elmi-metodik potensialından xəbər verir.
Vəsaiti Azərbaycanşünaslığa aid bu vaxtadək çap olunmuş
kitablardan fərqləndirən başlıca cəhət onun praktik
yönümü və əhəmiyyətidir. Azərbaycanşünaslığa aid bu
tipli vəsaitlərin xaricdə fəaliyyət göstərən dil və
mədəniyyət mərkəzləri, Bazar günü məktəbləri, Azərbaycan
etnomədəni komponentli ümumtəhsil ocaqları üçün
vacibliyini bir daha vurğulamaq istəyirəm.
Dərs vəsaiti kimi tərtib olunmuş "Azərbaycanşünaslığa
giriş" məcmuəsi son on ildən bir az artıq zaman
kəsiyində Azərbaycanşünaslığa dair yazılan əsərlərdən,
dil, ədəbiyyat, tarix, mədəniyyət və sair elm
sahələrimizə aid saysız-hesabsız kitablardan hasil olmuş
ideya, fikir və mülahizələrin məhsuludur. Bu, yaxşı
düşünülmüş və uğurla icra olunmuş bir layihədir. Daim
tamamlanmasına, yeni-yeni materiallar əlavə edilməsinə
ehtiyac var. Növbəti nəşrlərdə "Azərbaycan ədəbiyyatı"
fəslinin (müəllif filologiya elmləri doktoru Tehran
Mustafayev) genişləndirilməsinə, kitaba mətbəximiz,
arxeologiya, etnoqrafiya və arxitekturamız barədə bölmə
və ya paraqrafların əlavə olunmasına, fəsillərdəki
materialların illüstrasiyalarla izlənməsinə və s.
ehtiyac var. Kitabın elektron nəşrinin hazırlanması,
layihənin kompleks halına salınması və nəşrin BSU-nun
Təhsil portalında yerləşdirilməsi zamanı bu təkliflər
nəzərə alına bilər. Nəşrin ən azı rus və ingilis
dillərinə çevrilməsi də həllini gözləyən aktual
məsələdir.
Cari tədris ilinin ikinci semestrindən başlayaraq Təhsil
Nazirliyi respublikanın ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində
"Multikulturalizmə giriş" və "Azərbaycan
multikulturalizmi" fənlərinin tədrisini tövsiyə edib.
Bir sıra nüfuzlu xarici universitetlərdə də göstərilən
fənlərin tədrisinə başlanılıb. Bu fənlərin proqramlarına
Təhsil Nazirliyi tərəfindən qrif verilib. Həmin
proqramlar əsasında tədris vəsaitləri yazılanadək
tələbələrə "Azərbaycanşünaslığa giriş" oçerklər
toplusunu təklif etmək olar.
Fikrimizcə, xaricdə Azərbaycan məktəbləri açıldıqca biz
bu tipli dərs vəsaitləri haqqında daha çox düşünməliyik.
Belə dərs vəsaitləri bazasında xaricdəki orta
məktəblərimiz üçün adəptə olunmuş dərslik və tədris
vəsaitləri hazırlamaq məsələsi aktuallaşır. Bizdə
məsafədən təhsil nəzərdə tutulduğu üçün xaricdə yaşayan
və övladlarının Azərbaycandakı universitetlərdə təhsil
almasını istəyənlərin də sayı artacaq. Deməli, bu tipli
tədris vəsaitlərinin materialları müəyyən təhsil
standartlarına uyğunlaşdırılmalıdır və s.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə
çap olunmuş "Azərbaycanşünaslığa giriş" dərs vəsaiti
böyük praktik əhəmiyyət daşıdığından bu istiqamətdə
atılan çox ciddi addımdır. Tədris, təqdimat və
təbliğatımız üçün bu tipli yeni tədris vəsaitlərinin
yaranacağına ümid edirik. |