Kubra
Binnətova
Bakıdakı Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin rəsm dərnəyinin ən fəal üzvlərindən biridir.
Uşaqlıqdan onda şəkil çəkməyə böyük həvəs oyanıb. Bunu
hiss edən valideynləri 6 yaşında onu mərkəzin rəsm
dərnəyinə yazdırıb. Hazırda Nərmin Abdullayevanın
rəhbərlik etdiyi dərnəkdə o, rəsm sənətinin sirlərini
öyrənir.
15 yaşlı yeniyetmə rəssam rayon, şəhər, respublika
müsabiqə və sərgilərində fəal iştirak edərək bir neçə
uğur əldə edib. 2011-ci ildə Beynəlxalq Ailə Gününə
həsr olunmuş "Mənim ailəm" mövzusunda keçirilən rəsm
müsabiqəsində I, 2013-cü ildə Dövlət Müstəqilliyi Günü
münasibətilə təşkil olunmuş "Müstəqil Azərbaycanın
övladıyıq biz" mövzusunda məktəblilər arasında rəsm
müsabiqəsində II, 2014-cü ildə ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə
keçirilən rəsm müsabiqəsində I yerlərə layiq görülüb.
2014-cü ildə təşkil olunmuş "Gül bayramı"nda "Asfalt
üzərində ən yaxşı gül rəsmi" nominasiyası üzrə "Ana
Vətənim" adlı kompozisiyasına görə fərqlənmə diplomu ilə
təltif olunub. 2014-cü ilin mayında Beynəlxalq
Biomüxtəliflik Gününə həsr olunmuş Bakı şəhər uşaq
yaradıcılıq mərkəzlərinin üzvləri arasında keçirilmiş
"Dünyanın mədəniyyət rəngləri" adlı müsabiqədə fəal
iştirak edərək qalib olub.
Qeyri-adi istedad sahibi olan Kubra bir çox beynəlxalq
rəsm müsabiqələrində də iştirak edib. O, 2014-cü ildə
Yaponiyanın Tokio şəhərində UNİCEF-in dəstəyi ilə "Yer:
Möcüzə planeti" mövzusunda keçirilən XV Beynəlxalq
Ekoloji Uşaq Rəsm Müsabiqəsində I yeri qazanıb və onun
işi müsabiqənin kataloquna daxil edilib. |