Arzu
Abbasova
1999-cu ildə Bakıda anadan olub. Heydər Əliyev adına
Müasir Təhsil Kompleksində ingilis qrupu üzrə X sinifdə
təhsil alır. 5 yaşında Heydər Əliyev adına MTK-nın
nəzdində olan 39 nömrəli musiqi məktəbinin fortepiano
şöbəsinə daxil olub, 2010-cu ildə oranı fərqlənmə
diplomu ilə bitirib. Hazırda Bakıdakı G.Şaroyev adına 35
nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq
şöbəsində musiqi təhsilini davam etdirir. 12 yaşında
olarkən "Bahar gəldi", "Yeni gün", "Zarafat" "Rəqs
fantaziyası" kimi fortepiano üçün kiçikhəcmli pyeslər
yazıb. Bəstəkarlıq üzrə rəhbəri Pikə Axundova ilə
tanışlıqdan sonra musiqiyə marağı daha da artıb və
yeni-yeni əsərlər yazmağa başlayıb. Müəllif 2012-ci
ildə iki - "Xoş arzular", "Bayram sevinci" fortepiano
üçün və "Nağıllar aləmində" (fleyta və fortepiano
üçün) instrumental, "Dalğaların rəqsi" (skripka və
fortepiano üçün) kimi bir-birindən maraqlı əsərləri
nota alıb.
2012-ci ildə Bəstəkarlar İttifaqının "Azərbaycan uşaq
musiqisi problemlər və perspektivlər" adlı elmi-praktik
konfransında Arzunun bəstələdiyi "Nağıllar aləmində"
fleyta və fortepiano üçün əsəri səsləndirilib.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor
Firəngiz Əlizadə müəllifin əsərini bəyənərək yüksək
qiymətləndirib. Yeniyetmə ruhlanaraq daha mürəkkəb
xarakterli, tarixi və fəlsəfi əsərlər yazmağa başlayıb.
Belə ki, müəllifin yaradıcılığında xüsusi yer tutan
fortepiano üçün "Mövzu və variasiyalar", "Anamın
laylası", "Vida valsı", "Xatirələr" əsərlərini yazıb və
görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin "Bayraq"
şeirinə uşaq xor kollektivi üçün musiqi bəstələyib.
2013-cü ildə Azərbaycanın görkəmli bəstəkarları
müəllifin bəstələdiyi əsərlərlə hərtərəfli tanış
olduqdan sonra onlara yüksək qiymət verərək həmin
əsərlərin məcmuə şəklində çap olunaraq uşaq musiqi və
incəsənət məktəblərində tədris vəsaiti kimi istifadə
olunması məqsədəuyğun hesab edilib.
2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyi müəllif
tərəfindən bəstələnmiş "Xoş arzular" musiqi əsərlərinin
uşaq musiqi və incəsənət məktəblərində tədris vəsaiti
kimi çap olunmasına icazə verib. Gənc müəllifə
göstərilən diqqət və qayğı onun məsuliyyətini daha da
artırıb. Xeyli vaxt tarixi məlumatlar topladıqdan sonra
o, 2013-cü ildə "Pamukkale" proqramlı suitasını
(fortepiano, skripka və violençel) qələmə alıb.
Artıq müəllif bütün insanları düşündürən fəlsəfi və
maraqlı mövzulara müraciət etməyə başlayıb və ilk olaraq
uşaq xor kollektivi üçün "Sülh nəğməsi" (sözləri Gülzar
İbrahimovanındır) əsərini yazıb.
"Cənnət lövhələri" haqqında qələmə aldığı proqramlı
suita kvintet formasında 5 musiqi aləti (fortepiano,
arfa, 2 fleyta və skripka) üçün nəzərdə tutulub.
2014-cü ildə müəllif tərəfindən "Pamukkale" proqramlı
suitasının simfonik orkestr üçün partiturası
hazırlanıb.
İstedadlı yeniyetmənin ən böyük xobbisi Azərbaycan,
dünya klassiklərinin əsərlərini daim mütaliə etməkdir.
2013-cü ilin sonunda o, ingilis şairi Kristen
Rollanderin "To my dearest Mother" (mənim əziz anama)
əsərinə müəllifin razılığı ilə uşaq xor kollektivi üçün
musiqi bəstələyib.
Uşaq və gənclər arasında istedadlı bəstəkar və pianoçu
olduğu nəzərə alınaraq Arzu Abbasova 2013-cü ildə Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində yaradılan
"İstedadlar mərkəzinə" üzv qəbul edilib. Dəfələrlə
"İstedadlar mərkəzi"nin təşkil etdiyi tədbirlərdə
Arzunun bəstələdiyi musiqi əsərləri ifa olunub və
maraqla dinlənilib. 2014-cü ildə Arzunun bəstələdiyi
musiqi əsərlərinin bir qismi ayrı-ayrı ölkələrdə
keçirilən bəstəkarların beynəlxalq müsabiqələrinə
göndərilib. Bu əsərlərdən biri olan "Nağıllar aləmində"
fleyta və fortepiano üçün əsəri Rusiyanın "İstedadlı
Gənclər və Uşaqlar" Dövlət Fondu tərəfindən keçirilən
gənc bəstəkarların XVII beynəlxalq müsabiqəsinə təqdim
olunub. Əsər münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilib və I yerə layiq görülüb.
A.Abbasova dərs əlaçısıdır. Bir neçə xarici dildə
sərbəst danışır. Təhsildə göstərdiyi uğurlara görə o,
ayrı-ayrı vaxtlarda onlarla fəxri fərmana və diploma
layiq görülüb. Arzusu gələcəkdə diplomat, eyni zamanda
bəstəkarlıq fəaliyyəti ilə peşəkar səviyyədə məşğul
olaraq, müstəqil Azərbaycanın ən layiqli vətəndaşı
olmaqdır. |