Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Bölgə xəbərləri

 

Şagirdlər ulu öndər Heydər Əliyevin irsini həvəslə öyrənirlər 

Böyütmək üçün seçinBiləsuvar Rayon Təhsil Şöbəsindən  verilən məlumatda bildirilir  ki,  şəhərdəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunda  növbəti "açıq dərs"keçirilib. Tədbirdə müstəqil dövlətçiliyimiz tarixində ümummilli liderin əvəzsiz xidmətlərindən danışılıb və  iştirakçıları maraqlandıran suallar  cavablandırılıb.

"Açıq dərs"də Ağalıkənd kənd məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər. Məktəblilər məşğələdən əvvəl ulu öndərin zəngin həyat və fəaliyyəti, eləcə də Biləsuvara səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.

"Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur" mövzusunda  məruzə edən rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova ulu öndərin həyat yoluna nəzər salıb, görkəmli dövlət xadiminin liderlik məharətindən, yorulmaz siyasi fəaliyyətindən danışıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişaf və islahatların  müəllifidir. İqtisadiyyatın yenidən qurulması, aqrar sahənin dirçəldilməsi, çevik və balanslaşdırılmış xarici siyasət kursu, hüquqi və demokratik dövlət quruculuğu bu dahi şəxsiyyətin adı və titanik fəaliyyəti ilə bağlıdır.

Bildirilib ki, bu gün ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə dünyada böyük nüfuz qazanıb, müstəqil söz sahibinə çevrilib.


Cəlilabad Peşə Liseyində maddi-texniki baza gücləndirilib 

Böyütmək üçün seçinCəlilabad Peşə  liseyində "Metodiki şura", umumtəhsil və ixtisas fənn birləşmələri üzrə iki metodiki komissiya fəaliyyət göstərir. Liseyin   direktoru  E.Sadıqovdan aldığımız məlumatda bildirilir ki, metodiki komissiyaların fəaliyyəti daim diqqət mərkəzində olur, "açıq dərs"lər təşkil edilir və qabaqcıl müəllimlərin iş təcrübələri öyrənilir. Tədris plan və proqramların tələblərinə cavab verəcək "Avtomobillərin quruluşu", "Avtomobillərin istismarı" laboratoriyaları, çilingər emalatxanası yenidən qurularaq   şagirdlərin istifadəsinə verilib.  Təhsil Nazirliyinin xətti ilə liseyə bir ədəd SKA-5   "Niva" markalı kombayn, bir ədəd MTZ-80 markalı təkərli traktor, qoşqu, toxumsəpən aqreqat, kotan və çiləyici,  elektrik qaz qaynaqçısı və təmirçi-çilingər ixtisasları üzrə qrupların istifadəsinə 11 ədəd  qaynaq aparatı, çilingər işləri aparmaq üçün müxtəlif açar dəstləri, alətlər verilib. Liseydə  texniki fənlərlə yanaşı ümumtəhsil fənləri də tədris edildiyi üçün tədris plan və proqramlarına uyğun olaraq əyani-texniki təlim vasitələri ilə  təminat daha da yaxşılaşdırılıb. Müxtəlif  elektron kitablar  və tədris vəsaitləri alınıb,  laboratoriya işləri aparmaq üçün alət və avadanlıqla təmin olunub.  Fərdi sürüş dərsləri  yol nişanları ilə təchiz olunmuş və tədris proqramında nəzərdə tutulmuş bütün tapşırıqları əhatə edən təlim meydançasında (avtodromda)  və    kənd təsərrüfatı texnikaları üzrə  laboratoriya-praktiki dərslər isə liseyin traktor poliqonunda keçirilir.

 

 


Astara məktəbliləri ulu öndərin ömür yoluna dair eksponat və fotoşəkillərlə tanış olublar 

Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Astara şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI  sinif şagirdləri üçün "açıq  dərs"lər davam etdirilir.

Təhsil şöbəsindən bildirilir ki, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha dərindən öyrədilməsi məqsədilə keçirilən dərslərdə "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında müzakirələrdə məktəblilər fəallıq göstərirlər.

Rayonun tanınmış müəllimlərinin cəlb olunduqları "açıq dərs"lərdə indiyədək 350-dən artıq şagird iştirak edib.  Şəhər tam orta məktəbinin 35 və Ərçivan qəsəbə tam orta məktəbinin 25  XI sinif şagirdinin iştirak etdiyi növbəti "açıq dərs"də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilərək, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumatlar verilib.

Məktəbli gənclər mərkəzdə dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıb, ulu öndərin mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.


Ağsuda "açıq dərs"lər davam edir 

Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün" açıq dərs"lər davam edir.

Keçirilən növbəti dərsdə rayonun Muradlı, Ağabəyli, Aratkənd, Bico, Cəlayir, Təklə və Ülgüc kənd tam orta məktəblərindən 60 şagird iştirak edib.

Məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər və digər sənədlər barədə geniş məlumat verilib.

Dərs zamanı tarix müəllimi Vahid Xəlilov "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" mövzusunu tədris edib. Şagirdlər ümummilli liderimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişini, o dövrdə ölkədəki gərginlik, erməni təcavüzü, hakimiyyət uğrunda mübarizə və s. barədə məlumatları böyük maraqla dinləyiblər.

Məktəblilər Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi sahəsində ümummilli liderimizin misilsiz xidmətləri barədə hərtərəfli məlumatlandırılıblar.


Tərtərdə Heydər Əliyev Mərkəzində keçirilən dərslərdə 755 şagird iştirak edib 

Tərtər Rayon Təhsil Şöbəsindən verilən məlumatda bildirilir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə  şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən dərslərə  rayon üzrə 710, Kəlbəcər rayonu üzrə isə 45  XI sinif şagirdi cəlb edilib.  İndiyədək bu dərslər çərçivəsində 52 ümumtəhsil məktəbindən 955 şagirdə dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif məqamları ilə bağlı dolğun məlumatlar verilib.

Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə  şəhər 1 nömrəli və Dəmirçilər kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər. Məktəblilər əvvəlcə  mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlərlə tanış olub, elektron kitabxana və kompüter otağında ümummilli liderlə bağlı məlumatlar əldə ediblər.

"Açıq dərs"də şagirdlər tarix müəllimi Seymur İbrahimovun "Ulu öndərin təşəbbüsü ilə 1999-cu ildə təhsil islahatlarının başlanması" mövzusunda mühazirəsini dinləyib, dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan bəhs edən filmə baxıblar.


Lənkəran məktəbliləri üçün maarifləndirici tədbir 

Böyütmək üçün seçinFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları iş planına uyğun olaraq Lənkəranın şəhər və rayon məktəblərində "Fövqəladə hallarda özünü necə aparmalı və yangın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir" mövzusunda  tədbirlər həyata keçirir. Belə bir tədbir bu günlərdə rayonun Kərgəlan kənd orta məktəbində keçirilib. Tədbirdə şəhər təhsil şöbəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kərgəlan kənd orta məktəbinin direktoru Heybət İsmayılov mövzunun  əhəmiyyətindən danışıb.  Sonra FHN-nin regional əməkdaşları şagird və müəllimləri maarifləndirmək məqsədilə "Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir", "Yanğınların baş vermə səbəbləri və yanğına qarşı mübarizə metodları" və "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?" mövzularında çıxış  ediblər. Eyni zamanda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda Regional  Mərkəz  tərəfindən "Yanğına qarşı təbliğat güşəsi" hədiyyə olaraq məktəbə təqdim edilib.

 


Ağcabədi məktəbliləri ulu öndərin həyat və fəaliyyəti ilə tanış olublar 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə  şəhərdəki Heydər Əliyev Mərkəzində təşkil olunan növbəti "açıq dərs"də Yuxarı Qiyaməddinli və Qaravəlli kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Şagirdlər əvvəlcə ulu öndərin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, Heydər Əliyev Mərkəzində  ümummilli  liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar.

"Heydər Əliyev və müasir Azərbaycanın sosial-iqtisadi inkişafı" mövzusunda keçirilən dərsdə slaydlardan istifadə etməklə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlər barədə ətraflı məlumat verilib.

Şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Nəzriyyə Mehdiyevanın mühazirəsində bildirilib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadiyyatda da genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olub, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilib. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradıb. Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatı, o cümlədən regionların və sahibkarlığın inkişafı davamlı xarakter alıb.

Mayın sonunadək davam edəcək "açıq dərs"lərdə rayonun 62 ümumtəhsil məktəbinin on birinci siniflərinin 1681 nəfər şagirdi, həmçinin Laçın və Xocavənd rayonlarının köçkün məktəblərinin şagirdləri iştirak edəcəklər.


Gəncədə keçiriləcək növbəti turda  98 şagird iştirak edəcək 

Gəncə məktəbliləri 47-ci Beynəlxalq Kimya Olimpiadasında Azərbaycanın milli komandasında təmsil olunmaq üçün ciddi hazırlaşırlar.

Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovdan aldığımız məlumatda bildirilir ki,  X-XI sinif şagirdlərinin qatıldıqları müsabiqənin artıq şəhər üzrə birinci mərhələsi başa çatıb.

Bu mərhələdə 49 ümumtəhsil məktəbindən 78 nəfər şagird iştirak edib və onlardan 39-u zona turuna vəsiqə alıb. Zona turu fevralın 15-də Gəncədə keçiriləcək və həmin turda 9 rayondan 91 şagird iştirak edəcək. Bu mərhələdə şagirdlərə test və açıq tipli suallar təqdim olunacaq. İştirakçılara 30 sualın cavablandırılması üçün 4 saat vaxt veriləcək.

Qaliblər cari ilin iyun ayında Bakıda keçiriləcək yekun turunda iştirak etmək hüququ qazanacaqlar.


Magistr və doktorantlar təhsillərini Türkiyədə davam etdirəcəklər 

Azərbaycan Dövlət Aqrar Universitetinin magistr və doktorantları Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə təhsillərini Türkiyədə davam etdirmək imkanı qazanıblar.

ADAU-nun prorektoru Nizami Seyidəliyev  bildirib  ki, hazırda bununla bağlı sənədlərin qəbuluna başlanılıb. Doktorantların təhsili 3 il, magistrlərin təhsili isə 2 il müddətinə nəzərdə tutulub.


Yevlaxda şagirdlər ümummilli liderin həyat yolunu əks etdirən sənədli filmə baxıblar 

Rayon təhsil şöbəsindən verilən məlumatda qeyd edilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədilə  rayonun orta məktəblərinin XI sinif şagirdləri üçün "açıq dərs"lərin keçirilməsi qrafikə uyğun davam etdirilir. Azərbaycan tarixinin Heydər Əliyev dövrü məktəblilərdə böyük maraq oyadır. Mayın sonunadək davam edəcək "açıq dərs"lərdə rayonun 40 ümumtəhsil məktəbindən 1085  XI sinif şagirdi, həmçinin Ağdam və Kəlbəcər rayonlarının Yevlax rayonunda fəaliyyət göstərən 8 köçkün məktəbinin şagirdləri iştirak edəcəklər.

Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərslərdə Gülövşə və Havarlı kənd məktəblərinin şagirdləri iştirak edib. "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusuna həsr olunan "açıq dərs"də Nemətabad kənd tam orta məktəbinin tarix müəllimi Nuridə Fərzəliyeva şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verib. Şagirdlər ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu əks etdirən sənədli filmə baxıb, eksponat, foto və kitablarla tanış olublar.  


Beyləqanda "Narkomaniya ilə mübarizədə səylərimizi birləşdirək" adlı  tədbir keçirilib 

"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin (İB) və peşə məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon polis şöbəsinin əməkdaşları, mərkəzi xəstəxananın, rayon icra hakimiyyətinin, İB-nin nümayəndələri, peşə məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, narkomaniyanın cəmiyyətimiz üçün fəsadlarından danışıblar. Vurğulanıb ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, uşaq və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır. Diskussiya şəklində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda "Narkomaniyaya yox deyək!" adlı sənədli film göstərilib.


Şəmkirdə Gənc Müəllimlər Birliyinin üzvləri ilə görüş 

Şəmkir Rayon Təhsil Şöbəsindən  verilən məlumatda bildirilir ki,  rayonda yeni yaradılmış Gənc Müəllimlər Birliyinin üzvləri ilə görüş keçirilib.

Görüşdə çıxış edənlər ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, o cümlədən təhsil sistemində aparılan islahatların verdiyi bəhrələrdən danışıblar. Rayonda təhsilin müasir tələblər səviyyəsinə yüksəlməsi üçün yeni yaradılmış Gənc Müəllimlər Birliyi üzvlərinin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.

Görüşdə gənc müəllimlər çıxış edərək yeni yaradılmış qurumun fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün arzu və təkliflərini bildiriblər. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov