"Schneider Electrik" şirkəti Sumqayıt Dövlət
Universitetində (SDU) avtomatlaşdırma, müasir
texnologiya və problemlərə həsr olunan seminar keçirib.
Şirkətdən AzərTAc-a bildiriblər ki, seminarda bu
qurumun ölkəmiz üzrə nümayəndəsinin müavini Osman
Şahin Azərbaycanın son illərdəki sürətli
inkişafını xüsusi vurğulayıb. O, məhsuldarlığın
artırılması və gələcək nəsillər üçün daha yaxşı iş
mühitinin yaradılması üçün müxtəlif sahələrə enerji
baxımından səmərəli texnologiyaların tətbiqinin
əhəmiyyətini qeyd edib.
Şirkətin avtomatlaşdırma üzrə işçi qrupunun rəhbəri
Pünhan Seyidov avtomatlaşdırma sahəsində qurumun məhsul
və həllərinin əməliyyat iş səmərəliliyini artırdığını,
enerjidən istifadəni daha etibarlı və təhlükəsiz
etdiyini söyləyib. Azərbaycan Milli Elmlər Akademiyası
İdarəetmə Sistemləri İnstitutunun avtomatlaşdırma
laboratoriyasının rəhbəri Asif Rzayev nasosla işləyən
mühərriklərdə Altivar 71 seriyalı sürəti tənzimlənən
ötürücülərin tətbiq edilməsinin üstünlüklərini, bu
cihazlar sayəsində iş səmərəliliyinin 30 faiz
yüksəldildiyini əks etdirən son tədqiqat nəticələrini
diqqətə çatdırıb.
SDU-nun prorektoru Nadir Kazımov Azərbaycanda qlobal
enerji şirkətinin bilik və təcrübəsinin tətbiqinin
əhəmiyyətini vurğulayıb. O, universitet ərazisində
şirkət tərəfindən təchiz edilən texniki xidmət
emalatxanasının istismara verilməsini enerji idarəetməsi
sahəsində əməkdaşlıq istiqamətində ilk addım olduğunu
bildirib. |