Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi
Rübabə Qasımova ilə söhbət
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Son günlər bir çoxları 26 yaşlı
azərbaycanlının təqribən 5 min kitab oxumasından
danışır. Tovuz sakini olan Rübabə Qasımovanı mən də
tanımaq və onun kitablara olan sevgisindən danışmaq
istəyirəm. Rübabə xanımla əlaqə yaradıram. Tovuzda
olduğunu biləndə bir anlıq təəssüf hissi keçirirəm. Amma
məni sevindirən məqam müsahibimin Bakıya gəlməsi barədə
verdiyi məlumat olur:
- Hazırda Tovuzdayam, amma sabah "Gənc ədiblər"
dərnəyinin görüşü və universitetdəki bəzi tədbirlərlə
bağlı Bakıya gəlirəm.
- O zaman sizi redaksiyamızda gözləyirik, - deyirəm.
Budur Rübabə xanım artıq
redaksiyamızın qonağıdır. Onunla əvvəlcə Tovuzdan,
sərhəd bölgəsindəki məktəblərdən, təhsildən söhbət
edirik. Müsahibim deyir ki, sərhəd bölgəsində yaşayan
insanlar nə güllə səsindən, nə ermənidən, nə də başqa
bir şeydən qorxurlar. Onlar belə qorxuları çoxdan geridə
qoyub.
Razılaşmamaq mümkün deyil, dediklərində haqlıdır.
Müsahibimə sualları ünvanlamağa başlayıram.
- Rübabə xanım, sizi tanıyaq.
- Ədəbi aləmdə Rübabə Sahib kimi tanınıram. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin, "Azərbaycan ədəbiyyatı"
ixtisası üzrə magistrantıyam. Azərbaycan Yazıçılar
Birliyinin (AYB) üzvüyəm. Bir kitab müəllifiyəm. Əslən
Tovuzdanam. Tovuz rayonu Elxan Məmmədov adına şəhər tam
orta məktəbini bitirmişəm. Bakalavr təhsilimi Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və
ədəbiyyatı fakültəsində almışam. Müəllim olmaq uşaqlıq
arzum olub. 11 yaşımdan əlimə qələm almışam, mənim üçün
ədəbiyyatın və sənətin yeri başqadır. İşimlə əlaqədar
olaraq Bakıda yaşayıram. Anam rayonda yaşadığı üçün ora
tez-tez gedib-gəlirəm.
- Niyə müəllimliyi seçmisiniz?
- 5 yaşımdan müəllim olmaq istəyirdim. Həmişə "nəçi
olacaqsan" sualına, "akademik olacağam" cavabını
verirdim. Əslində müəllimlikdən müqəddəs bir peşə
görmədim. Müəllimlərim o qədər humanist, qayğıkeş,
diqqətcil olublar ki nəticədə mən müəllim ruhunda
tərbiyələnmişəm. Artıq orta məktəbin son siniflərində
bir müəllim nitqi ilə izah verirdim. Uşaqları çox
sevirəm. Onlar mənim üçün bir dünyadır. Onları
öyrətmək, hər dəfə təbaşirli əllərlə çevrilib onların
gülən gözlərini görmək bir ömrə dəyər. Və onlar üçün
oxumuşam. Oxumuşam ki, dünyaya pəncərə kimi açılanda,
ölkəmi təmsil edəndə millətim, xalqım qürur duysun (Bu
an Məmməd Arazın şeirindən iki misra xatırlayır).
Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı.
Vətənin daşı, torpağı, havası, suyu, hər şeyi olmağı
bacarmalısan. Müəllim olmaq asandır, amma sənətinin
fədaisi olmaq çətindir. Müəllimlərimin məni yetişdirdiyi,
məndə həvəs oyatdığı kimi, mənim də şagirdlərimə bilik
vermək, onları sevmək borcumdur.
- Biz sizi 5000 kitab oxuyan xanım kimi tanıdıq. Kitab
oxumağa maraq hardan yarandı, ilk oxuduğunuz kitab hansı
idi?
- Mən bir az nənə-baba uşağı olmuşam. Anamın ana tərəfi
də müəllim olub. Anam ara-sıra yazan, ədəbiyyatı-sənəti
sevən xanımdır. Həmçinin nənəm də. Mən körpə idim. Nənəm
yaxşı şeirlər bilirdi. Oranın insanları əksərən
sinədəftər olurlar. Körpəlikdən layladan daha çox
şeirlərlə yatıb qalxmışam. Çox yaxşı yadımdadır, 3
yaşımdan sonrakı həyatım. Nənəm mənə təmsillər
danışardı. Təbii ki, o zamanlar onların təmsil olduğunu
bilmirdim. Mənim yatmağım üçün mütləq mənə hekayə və
nağıllar danışardılar, ya da uzun bir şeir
oxumalıydılar. Babam müəyyən əsərlərdən sitatlar
gətirərdi. Beləcə tərbiyələndim, beləcə böyüdüm. 6 yaşım
olanda nənəm "Koroğlu" dastanından "Həmzənin qıratı
qaçırması" qolunu danışmışdı. Düşündüm ki, məktəbə gedib,
yazıb-oxumağı öyrənən kimi, özüm oxuyacağam. Əlifbanı
bitirən kimi nənəmdən ilk istəyim mənimlə birlikdə
Koroğlu dastanını oxuması olub. Daha sonra nənəmin mənə
danışdığı nağılları oxudum. Görüm nənəm mənə nəyi təhrif
edərək danışıb? Uşaqlıqdan belə bir xüsusiyyətim var idi.
Öyrənməyə çalışırdım ki, kim mənə nəyi səhv deyib, gedib
özünə deyim. Nağıllardan sonra, "Dədə Qorqud" dastanını
oxudum. Beləcə oxumaq istəyi, arzusu genişləndi.
- 5000 kitab oxumağınızın statistikasını necə
aparmısınız?
- Oxumaq mənim amalımdır. Və çox sürətli oxuyanam.
Nəzərə alsaq ki, ilk kitab oxumağa başladığım zamandan
18-19 il keçir. Amma ortalama olaraq 15 ilini
götürürəm. Orta məktəbdə demək olar ki, bütün ədəbi
əsərləri oxumuşdum. Biz oxuyanda ədəbiyyat fərqli tədris
olunurdu. Hər dövrü ayrı-ayrılıqda öyrənirdik.
Ədəbiyyatı ardıcıl və sistemli öyrəndiyimiz üçün
əsərləri də elə oxuyurduq. Çox qəribədir ki, sinifdə 25
nəfərə yaxın şagird var idi. Müəllimlərim üçün yerim
belə idi: Rübabə mütləq oxuyacaq və oxumalıdır. Bu
tendensiya idi sanki. Və mən də oxumasam günahkar
sayılardım. 3-cü, 4-cü sinifdə oxuyanda nənəm Məmməd
Araz, Hüseyn Arifdən şeirlər deyirdi. Mən də gedib o
şeirləri tapıb oxuyurdum. Yaxşı xatırlayıram, 6-cı sinfi
bitirmişdim "Qabusnamə"ni oxuyanda. Daha sonra
"Tutinamə"ni, Nizam-əl-Mülkün "Siyasətnaməsi"ni oxudum.
Hansı ki, bunlar orta məktəb səviyyəsində deyildi,
bunları oxumaya bilərdim. Bəlkə də ailəmin mənə verdiyi
təkan, onların məni düzgün istiqamətləndirməyi, düzgün
mühitdə tərbiyələnməyim, ustad müəllimlərdən təhsil
almağım, bütün bu amillər öz bəhrəsini verib. Artıq ali
məktəbə gələndə bir oxuma vərdişi qazanılmışdı.
Universitetdə müəllimlərimin mənə etimadı var idi.
Slavyan ədəbiyyatından bizə dərs deyən, eyni zamanda
elmi rəhbərim Təranə Turan Rəhimli auditoriyaya girəndə
deyirdi ki, Rübabə, bilirəm ki, bilirsən. O sözdən o
qədər qorxurdum ki.
- Birdən bilmərəm, bunu düşünürdüz?
- Bəli, birdən bilmərəm. O elə bir qorxu, vahimə idi.
Əslində gözəl qorxu idi. Amma məsuliyyətli, yükü ağır
idi. Demək olar ki, həm bakalavr, həm də magistr
təhsilimin hamısı Axundov kitabxanasında (Mirzə Fətəli
Axundov adına Milli Kitabxana) keçdi. Amma ali məktəbdə
daha çox nəzəri ədəbiyyatlar oxudum, ədəbiyyatın nəzəri
hissəsini, tənqidşünaslıq, dilçilik, türkologiya ilə
bağlı kitablar oxudum. İmtahanlararası məsafələr az
olduğuna görə sürətlə oxumalı idim. 5000 kitab oxumaq
deyəndə, bunu tam olaraq müəyyənləşdirməmişəm. Sadəcə
soruşdular və ifadə etdim ki, bir gündə nə qədər kitab
oxuyuram. Hər gün 3 kitab oxuya bilmərəm. Çünki
ailə-məişət qayğılarımız, bundan başqa ictimai mövqeyim,
işlərim var. 3 kitab oxuduğum vaxtlarım çox olub, 24
saatın 18-19 saatını dayanmadan oxumuşam. Gün ərzində 3
ədəd ingilis dilində kitab oxumaq çətindir, ağırdır.
Tələbəlik vaxtı 3 kitabı çox rahatlıqla oxuya bilirdim,
çünki işimin adı kitab oxumaq idi. 5000 kitab olmasını
isə təxmini hesablamalara görə jurnalistlər dedi. Rayon
kitabxanasında illərdir ard-arda ən aktiv oxucuyam.
Bakıdakı kitabxanalarla mütəmadi işləyirəm. Magistr
dissertasiyamda 82 ədəbiyyatdan istifadə etmişəm. 82
ədəbiyyatı iki aya oxudum. Tək oxuyan mən deyiləm,
oxuyanlar var. Onların da üzə çıxarılmağa haqqı var.
- Xarici ədəbiyyatla aranız necədir? Daha çox kimləri
oxumağı sevirsiniz?
- Son dövr ən çox sevdiyim Paulo Koelhodur.
- Hansı əsəri ilə sevdirdi özünü sizə?
- "Əl-Kimyagər", "Zahir"lə.
- "Kimyagər"in sonluğunda yenidən başa qayıtmaq
diqqətinizi çəkdi?
- Heyrətləndirdi. Sənətkarın qüdrəti, məncə, odur. Həyat
mənim üçün heyrətdir. Əgər heyrətlənmirəmsə, yaşamıram.
- Rübabə xanımın ən sevdiyi yazar kimdir?
- Ümumiyyətlə, sevirəmsə oxuyuram. Oxumadıqlarım var,
açmışam kitabı, bir neçə səhifə oxumuşam və həmin
səhifələrdə heç nə ifadə etmədiyini görmüşəm. Kitab məni
çəkməyib. Sənətkarı ümumilikdə analiz edirəm. Bəzən bir
misra sənətkarı yaşatmağa yetir. Bir bənddə əsər
yaradanlar var. Bu mənada həyat idealım İsmayıl Şıxlı
olub.
- Bəs İsmayıl Şıxlıdan sonra?
- Ondan sonra Mirzə Ələkbər Sabirin yaradıcılığını
sevirəm. Çağdaş dövrdə İsi Məlikzadə, İsa Hüseynov,
Bəxtiyar Vahabzadə...
- Onları sevməmək olarmı?
- Doğrudan da (sevdiyi yazarların adını sadalamağa davam
edir). Məsələn, Nigar Rəfibəyli. O qədər həssas, o qədər
həzin olub. Nigar Rəfibəyli qadınlığın ən üst nöqtəsində
olan Azərbaycan xanımlarından biridir. Bunu biz Məhsəti
Gəncəvi, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə üçün də
deyə bilərik. Onlar da mənim üçün əziz insanlardır. Ona
görə ki, onlar bizim gənclərimizin, körpələrimizin
tərbiyələnməsi üçün didaktik əsərlər yaradıblar. Məhsəti
Gəncəvinin hansısa rübaisindən bir körpəyə nəsə öyrədə
bilirəmsə bununla qürur duyuram.
- Neçə ildir, AYB-yə üzvsünüz?
- Bir il. Əslində hansısa birliyə üzv olmaq, tanınmaq,
bunları sevmirəm. Oxumağım barədə kütləvi informasiya
vasitələrində məlumatlar yayıldı.
- Çox qısa idi. Sadəcə 5000 kitab oxuduğunuz
vurğulanırdı.
- Çünki özüm barədə danışmağı sevmirəm. Yəni ilk sizinlə
belə açıq danışıram. Şou üçün oxumamışam ki. Tərifi
sevmirəm, tənqidi sevirəm. Mən türk qızıyam. Oxumaq
əzəli və əbədi vəzifə borcumdur. Mahmud Kaşğarlı "Divani
lüğətit-türk" əsərinin əvvəlində Məhəmməd Peyğəmbərdən (s.a.s)
bir sitat gətirir ki, türkün dilini öyrənin, çünki onun
uzun sürən səltənəti olacaq. O ərəblərə, digər millətlər
deyirdi ki, öyrənin. Mən türkəm, bu cür gözəl
Azərbaycan dilim var. Axıcı, rəvan, musiqili, ahəngdar.
- Və bu qədər gözəl əsərlərim var.
Başı ilə təsdiqləyir.
-Xarüqüladə yaradılmış sənət əsərləri. Əsərlərin dili
necə gözəldir. Xarici ədəbiyyatlarda dilin dəb-dəbəsinə
fikir verirlər. Deyirəm ki, Anarı əbədiyaşar edən
bilirsiniz nədir? O qədər lakonik yazır. Az sözdə çox
məna ifadə edir. Artıq dağın-daşın gözəlliyini tərənnüm
etmir. Belə tərənnümlərə bir zaman ehtiyac var idi. Ötən
əsrin ortalarında 60-cılar nəsli yarandı. Yenilikçi
olmaqla yanaşı gördülər ki, ölkədəki qlobal şəraiti,
insanların psixoloji yorğunluğu uzun əsərlərə marağı
azaldır. Artıq onlara həcmi az, mənası geniş əsərlər
lazımdır. Dilimizin gözəlliyi, imkanları belə əsərlər
yazmağa imkan verirdi.
- Bu qədər çox oxumaq səhhətinizə problem yaratmır?
- Təkcə ötən ilin son üç ayında 150-dən çox kitab
oxudum. Təxminən dekabr ayının sonlarında səhhətimdə
problem yaşadım. İki dəfə üst-üstə damaq əməliyyatı
keçirdim. Üç ay əvvəldən güclü keyləşdiricilər vurdular.
Təxminən bir ay yaddaş pozğunluğu yaşadım. Soyadım,
ixtisasım yadımdan çıxdı. Evdən çıxıb evin yerini
xatırlamadığım zamanlar oldu. Çox sağ olsun həkimlər,
səhhətimdəki problemi aradan qaldırmağa çalışdılar. İndi
də müayinə olunuram. Həddindən ziyadə oxumaq partlayış
yaratmışdı. Beyni bu qədər də yükləmək olmaz. Amma sizə
bir söz deyəcəyəm. Kitablar insanı günahlarından
arındırır. İnsanı səhv etməyə qoymur. Hansı gün ki,
özümü kitablara həsr edirəm, o gün qəlb qırmıram. Bir
qıyğacı baxışla baxmıram, çox rahat oluram. Bunun üçün
nəyə borcluyam? Kitablara.
- Sərhəd zonasında yaşayan biri kimi, güllə səslərində
kitab oxuduğunuz zamanlar olub?
- Rayon mərkəzində yaşayıram. Ona görə o səslərdən bir
az uzağam. Güllə səslərini eşitmək istəyim də olub,
kəndə getmişəm. Amma mən gedəndə sakitlik olur həmişə.
Amma uşaqlığımı da xatırlayıram. Yeraltı səngərlərə
girmişik, başımı qaldıranda güllələrin işığın görmüşəm.
- Siz nədən yazırsınız?
- Şairəm demək günah olar. Bu sözü ifadə etmək üçün
cəsarətli deyiləm. Bəlkə 30 il sonra. Bu gün yeri
gələndə qələmim kağıza toxunur. Lirik şeirlə başladım,
sonra lirik-romantik şeirlər öz yerini ictimai şeirlərə,
onlar da qəzələ verdi. Elə məqam gəldi ki, fikirlər
məqalələrdə, esselərdə cəmləndi. Amma düşünürəm ki, elmi
dərəcəmi artırmaq istəyən biri kimi mənim borcum şeiri
yazmaqdan çox, onu tənqid etmək, təhlillər aparmaqdır.
- Siz deyirsiniz ki, telefonumu sataram, ac qalaram,
kitab alaram. Belə bir fikir var ki, kitab oxuyanların
sayı azalır. Necə düşünürsünüz, kitab oxumaq, onu sevmək
üçün nə etmək lazımdır?
- Xatirə üzüyümü satıb, onun puluna 5 kitab almışdım.
Kitab oxumaq, onu sevmək üçün ilk növbədə genetik
amillər rol oynayır. Uşağın qanı, geni, daha sonra
ailəsi və mühit. Bunlar birləşir və bir dairə
yaradırlar. Sən o dairənin içində kitabla
tərbiyələnmisənsə, elə onunla da qalacaqsan. Psixoloji
durumu ağır olan insanlara kitab oxumaq məsləhət
görürlər ki, onlar bir az sakitləşsin. Ən gözəl müalicə
üsulu, mənəvi qidadır kitab.
- Yalnız kitab oxuyursunuz, yoxsa digər maraqlı
məşğuliyyətləriniz də var?
- At sürməyi çox sevirəm. Xüsusilə də at sürəndə "Sarı
gəlin"i, ya da "Dədə Qorqud"da Beyrəyin söylədiyi "İncə
bellim"i oxuyuram. Tennis oynamağı, üzməyi sevirəm. Mən
uşaqlıqdan ata Burla xatun, Selcan xatun, Sara xatun
kimi minmək istəmişəm. At belində mahnı bəstələmişəm.
Bir də mətbəxi, şirniyyatlar bişirməyi və anama
yedirtməyi sevirəm.
- "5" ala bilmisiniz?
- Bəyənir. Amma anamdan "5" almaq çətindir. Məsələn, mən
nə qədər oxusam, anam deyir ki, oxumalıdır da. Onun
mətbəxinə girib, uğur qazanmaq çox çətindir. Ona "mətbəx
şahzadəsi" deyirəm. Mənim yanımda olmasa da, "5" verdiyi
vaxtlar olub.
- Gələcək planlarınız nədir?
- Əgər ömür vəfa etsə, ictimai reallıq arzularımla tərs
mütənasib olmasa və mən bu əzmdə qala bilsəm, müəllim
ömrü yaşamaq istəyirəm. Ensiklopedik bir bilik sahibi
olmaq istəyirəm. Poliqlot (çox dil bilən) olmaq, dünyanı
gəzmək, bütün dünyada Azərbaycandan bir iz qoymaq,
Azərbaycanın elm məbədi olmasını görmək istəyirəm. Gözəl
tələbələr yetişdirmək, onlar mənimlə qarşılaşanda,
müəllimlərimə duyduğum sevgini mənə duysunlar istəyirəm.
Gözəl bir ailə başçısı olmaq, ziyalı, müəllim tərbiyəsi
ilə övlad yetişdirmək istəyirəm. Bu gün bu torpaq
üstündə dururuqsa, minillər boyu qurub-yaradanlara
borcluyuq. Bəs biz nə qoyacağıq, qarşıdakı minilliklərə?
- Sonları sevmirəm. Amma söhbətimizi yekunlaşdırmaq üçün
nə demək istəyirsiniz?
- Son olaraq ifadə etmək istədiyim (xəyala dalır),
bilirsiniz göydə Allah, yerdə anadır qibləgahımız.
Kədərli olanda ana qoynuna sığınıb, zəif pıçıltı ilə
Allaha yalvarırıq. Bunların hər ikisini bütünlüyü ilə
dərk etmək, duymaq üçün bir vasitəçi var. O elmdir, ziya
işığıdır. Elmin işığı isə kitablarla mümkündür.
Kitabları oxuyanda düyünlər açılır. Düyünlər hər
açılanda Allahla anamız arasında daha böyük bir vəhdət
yarada biləcəyik. Sonluqda ana, Allah və insan ali
varlığını bütünləşdirə bilərik. İnsan sonsuzluğun ta
ötəsinə gedə bilər. Biz ona elmi aləmdə kamilliyin
zirvəsi deyirik. Mən hər kəsə o zirvəyə nail olmağı arzu
edirəm.
O zirvəni görmək hər birimizə nəsib
olsun,-deyib, müsahibimə təşəkkür edirəm. Mənə kitabını
hədiyyə edir. Diktofon sönür, amma bizim müzakirələrimiz
bitmir. Çünki kitab elə bir dəryadır ki, sən yalnız onun
bir damlasını əldə edə bilərsən. Dəryanı əldə etməyə isə
zaman, səbr və ən əsası kitaba olan sevgi lazımdır.
Foto: Rəşad RAMAZANOĞLU
|