Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Bütöv ziyalı şəxsiyyəti

 

Böyütmək üçün seçinAzərbaycanın ən gözəl bölgələrindən biri olan Quba təkcə bağlar diyarı yox, həm də istedadlar diyarıdır. Quba zaman-zaman Azərbaycan elminə, mədəniyyətinə, tarixinə öz əvəzsiz töhfələrini vermiş və bu müqəddəs ənənə günümüzdə də qorunub saxlanılır. Belə istedadlardan biri də 70 sənəlik ömrünün 53 ilini - yarım əsrdən də çoxunu Azərbaycan musiqisinin tədrisinə və təbliğinə həsr etmiş bəstəkar və dirijor Anatollu Qulam oğlu Abbasov olmuşdur. 

Mən onun adını hələ 60-cı illərin sonunda Qubanın İspik kəndində orta məktəbdə oxuyarkən eşitmişdim. Şəxsi tanışlığımız isə çox gec - vəfatından bir il qabaq oldu. Bir el şənliyində Anatollu müəllimlə süfrə arxasında saatlarla söhbət etdik. O gördüyü işlərdən, musiqimizin gözəlliyindən, gəncliyin estetik tərbiyəsində musiqinin əvəzsiz rolundan gənclik ehtirası ilə, peşəkar mütəxəssis qayğısı ilə danışırdı. Onu dinlədikcə gözümün önünə böyük rus xorunun yaradıcısı, bəstəkar və dirijor Pyatnitski gəlirdi. Mən bu fədakar musiqiçi haqqında bir filmə baxmışdım. Pyatnitski bütün Rusiyanı qarış-qarış gəzib istedadlı gəncləri toplayır, çoxunu zor gücü ilə aparır və bu gün dünyada məşhur olan rus xorunu yaradır. Anatollu müəllim də eynən belə bir bəstəkar, pedaqoq və dirijor idi. O, işlədiyi Quba 2 nömrəli orta məktəbdə, uşaq musiqi məktəbində xalq çalğı alətləri ansamblı, xor kollektivi təşkil etmişdi. Bu kollektivlərə məktəblilər təkcə Quba şəhər məktəblərindən deyil, rayonun çoxsaylı kəndlərindən cəlb edilmişdi. Onların çoxunu şəhərə, ansamblların məşqlərinə gətirmək böyük zəhmət bahasına başa gəlirdi. Anatollu müəllimin yüksək peşəkarlığı, sənətinə və vətəninə güclü məhəbbəti bütün çətinlikləri arxada qoyub. Onun 2 nömrəli məktəbdə təşkil etdiyi "Bənövşə" xalq çalğı alətləri ansamblı, qarmonçalan qızlardan ibarət "Çiçək" ansamblı, "Sevinc" vokal kvarteti çox məşhur idi. Anatollu müəllim və onun yetirmələri nəinki Qubada və Azərbaycanın digər bölgələrində tanınır, dəfələrlə ittifaq miqyasında - Moskvada uğurlu çıxışlar edib diplom və fəxri fərmanlar alırdılar. Onun bəstələdiyi bir-birindən gözəl və ürəyəyatım mahnılar bu gün də sevilərək ifa edilir, ürəklərdə yaşayır. Bu mahnılarda füsunkar yurdumuzun təbiəti, vətənpərvərlik və dövlətçilik tariximiz, qədim el sənətləri və onları yaşadan  el sənətkarları, müqəddəs və ülvi duyğular, balalarımızın sehirli dünyası sevə-sevə tərənnüm olunur. Başqa sözlə desək, bu mahnılar insanın bütün yaş və fəaliyyətini müşayiət edir, onu mənən tərbiyə edir, onu yaşadır.

Anatollu müəllim Azərbaycan musiqisinin tədrisi və təbliğinə böyük bir sevgi ilə, təmənnasız xidmət edirdi. Yuxarıda qeyd etdiklərimizlə yanaşı o, neçə illər 1-3-cü siniflərdə musiqi fənnini ictimai əsaslarla, yəni qarşılığı ödənilmədən tədris etmişdir.

SSRİ-nin "Maarif əlaçısı", "Respublikanın qabaqcıl maarif xadimi", "Metodist müəllim", bir neçə ümumittifaq festivalın laureatı, müəllim və musiqiçi kimi böyük nüfuz sahibi Anatollu Abbasovun möcüzələri sırasında 1981-ci ildə Quba şəhəri 2 nömrəli orta məktəbdə yaratdığı "Do-re-mi-fa" musiqisevərlər klubu da var idi. Burada hər ay Azərbaycan mədəniyyətinin korifeyləri, Sosialist Əməyi qəhrəmanları, xalq şairləri, ziyalılar ilə keçirilən görüşlər məktəblilərin dünyagörüşündə unudulmaz, həmişəyaşar xoş təəssüratlar yaradırdı.

On ilə yaxın müddətdə fəaliyyət göstərmiş bu klubda məktəblilər, eləcə də musiqisevər rayon ictimaiyyətinin nümayəndələri bir sənət ocağı kimi, musiqinin bütün sahələrinə aid biliklərə yiyələnmiş, onları maraqlandıran suallara cavab tapmış, sənət korifeylərinin həyat və yaradıcı təcrübələrini bölüşmüşlər. Təsadüfi deyildir ki, keçmiş SSRİ miqyasında yeganə olan bu musiqi kabineti və "Do-re-mi-fa" musiqisevərlər klubunun yüzdən artıq üzvü və fəxri üzvü olmuşdur. Maestro Niyazi, Arif Məlikov, Lütfiyar İmanov, Rauf Hacıyev, SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikov və s. kimi görkəmli musiqi xadimləri Anatollu Abbasovun fəaliyyətinə yüksək qiymət vermişlər.

Xüsusilə qeyd etməliyəm ki, bəstəkar və dirijor, əsl xalq müəllimi və el adamı Anatollu Abbasovun çox zəngin bioqrafiyası var. Bu da təbiidir.  Çünki o, əməl və fəaliyyət adamı olub, bir dəqiqə belə rahat oturmayıb.

Anatollu Abbasovun zəngin yaradıcılıq irsi vardır. Bəstələdiyi 100-dən artıq mahnını tanınmış müğənnilərimiz ifa edib. O, Qubanın ictimai həyatının qurucularından biri idi, rayon müəllimlər şurasının yaradıcısı və sədri, Ağsaqqallar Şurasının sədri işləmişdi.

Anatollu müəllim Qubada öz savadı, şəxsiyyətinə hörməti, bir pedaqoq kimi uşaqlara olan səmimi məhəbbəti ilə el hörməti qazana bilmişdi. Anatollu müəllim əsl qubalı idi. Onu hamı ciddi, sanballı şəxsiyyət kimi tanıyır və hörmətini saxlayırdı. Onun sözü söz idi, verdiyi sözün əməli, dediyi sözün kəsəri var idi.

O, 70 yaşın civarında 22 fevral 2010-cu ildə yetmişin tamamına 4 ay qalmış dünyasını dəyişdi. İndi də onun ölümünə inanmağım gəlmir, çox qıvraq, həyat eşqi ilə dolub-daşan bütöv bir şəxsiyyət, nəcib ziyalı idi Anatollu Abbasov!

O, qəlbinin musiqisini Azərbaycana bəxş edib həyatdan Allahın dərgahına getdi...

Əziz müəllimimiz, ruhun daima şad olsun! 

Nizaməddin ŞƏMSİZADƏ,
filologiya elmləri doktoru, professor

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov