Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Azərbaycan aliminin müəllif layihəsi Moskva Beynəlxalq müsabiqə-festivalının proqramında

 

Dahi rus bəstəkarı P.İ.Çaykovskinin 175 illik yubileyi ilə əlaqədar 2015-ci ilin may ayında P.İ.Çaykovski adına Milli Mədəniyyət Təsisi Fondu Moskva Dövlət Konservatoriyası ilə birgə müasir bəstəkarların musiqi irsinin "Çaykovski - irs" ("Çaykovkiy - nasledie") Beynəlxalq müsabiqə-festivalını təşkil edəcək Moskva müsabiqə-festivalı çərçivəsində əməkdər incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun müəllif layihəsi ilə Beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək.

Elmi-ifaçılıq konfrans janrı professor Tərlan Seyidovun müəllif layihəsi olduğuna görə o, moskvalı həmkarları tərəfindən Beynəlxalq elmi-ifaçılıq konfransının rəyasət heyətinin sədri qismində, professor Fərhad Bədəlbəyli isə münsiflər heyətinin üzvü kimi xüsusi dəvət olunublar.

P.İ.Çaykovski adına Milli Mədəniyyət Təsisi Fondunun prezidenti D.A.Qalixin professor T.Seyidova öz rəsmi müraciətində yazır: "Sizi Beynəlxalq elmi-ifaçılıq konfransının rəyasət heyətinin sədri qismində iştirak etməyə dəvət edirik. Siz bu layihənin müəllifisiniz və Sizin şəxsi iştirakınız bizim üçün vacibdir".

İlk dəfə belə elmi-ifaçılıq konfransı 2010-cu ildə Bakıda BMA-nın rektoru, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi altında keçirilib və Qara Qarayevin yaradıcılığına həsr olunub. Layihə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilib. Bakı Beynəlxalq ifaçılıq müsabiqə-konfransı YUNESKO işləri üzrə Azərbaycan Milli komissiyanın birinci katibi Günay Əfəndiyevanın təklifi ilə 2010-cu ili "Mədəniyyətlərin yaxınlaşması ili" elan edən təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının tədbirlər planına daxil olunub.

Professor Tərlan Seyidovun müəllif layihəsinə əsasən işlənilmiş və dünya təcrübəsində analoqu olmayan bu müsabiqə və konfransların əsas məqsədi musiqi sənətinin ifaçılıq və elmi-tədqiqat problemlərinin inteqrasiyası, ifaçılıq nəzəriyyəsinin təcrübə ilə yaxınlaşması və vəhdətidir.

Birinci Bakı Beynəlxalq elmi-ifaçılıq konfransının əsasnaməsi bəstəkar, musiqişünas və ifaçı-musiqiçilərin Moskva Beynəlxalq elmi-ifaçılıq konfransının əsası olacaq. 

 Afət İSLAM,
BMA-nın  Mətbuat mərkəzi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov