Pedaqogika üzrə elmlər doktoru,
professor Elbəyi Maqsudov XX əsr Azərbaycan pedaqoji
fikrinin inkişafında böyük xidmətləri olan görkəmli alim,
professor Əziz Əfəndizadənin layiqli davamçılarındandır.
Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə
Naxçıvan Muxtar Respublikası Babək rayonunun sərhəd
bölgəsində yerləşən Gərməçataq kəndində anadan olub.
İbtidai təhsilini doğma kəndlərində almış E.Maqsudov
qazandığı nailiyyətlərin təməlini qoyan unudulmaz
sinif müəllimi Əvəz Hüseynovun, Azərbaycan dili müəllimi
Adilə Əliyevanın adlarını həmişə böyük hörmət və
məhəbbətlə xatırlayır. O, ibtidai sinifdə oxuyarkən
Azərbaycan dili müəllimi olmaq arzusu ilə yaşayıb.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
Naxçıvan filialının qiyabi şöbəsinə daxil olub, həmin
ildən də 17 yaşlı gənc məktəbdə müəllimə ciddi ehtiyac
olduğu üçün doğma kəndlərində ana dili müəllimi
işləyib.
"Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalında
maraqlı metodik məqalələrlə müntəzəm çıxışlar edib.
1980-1990-cı illərdə Azərbaycan, eləcə də VIII
Ümumittifaq pedaqoji mühazirələrində maraqlı çıxışları
ilə fərqlənib. Bütün pedaqoji fəaliyyəti boyu qabaqcıl
iş təcrübəsi ilə fərqlənən, dil tədrisi jurnallarında,
bülleten və qəzetlərdə çıxışlar edən Elbəyi müəllim bir
çox dilçi tədqiqatçılar kimi Azərbaycan Respublikasının
əməkdar müəllimi, görkəmli metodist alim, pedaqoji
elmlər doktoru, professor Əziz Əfəndizadənin diqqət və
qayğısından da yayınmayıb. Mərhum professor
Ə.Əfəndizadənin təklifi ilə ucqar kənd müəllimi 1986-cı
ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər
İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun) aspiranturasına daxil olub.
1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası
əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və
səmərəli yolları" (V-IX siniflər) mövzusunda
dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi
alimlik dərəcəsi alıb.
Metodist alim kimi bir neçə il Gərməçataq kənd orta
məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar","Türk
oğlanlar liseyi"ndə və 3 nömrəli rus məktəbində
Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Hələ orta
məktəbdə işləyərkən namizədlik dissertasiyası müdafiə
edən Elbəyi müəllim haqqında, onun elmi-pedaqoji
fəaliyyəti barədə həmişə xoş sözlər, ürəkaçan fikirlər
səslənib. Gərməçataq kəndindən Naxçıvan şəhərinə müəllim
işləməyə gəlməsi heç də asan başa gəlməyib. Rus
məktəbinə üç müəllim götürülməli idi. Bu yerlərə elan
edilmiş müsabiqəyə 30-dan çox müəllim sənəd təqdim edib.
Müəllimlərin seçilməsi üçün müsabiqə komissiyası bir ay
ərzində onların "açıq dərs"lərini dinləyib. Komissiya
ilə yanaşı, müsabiqəyə sənəd təqdim etmiş müəllimlərin
özləri də bu "açıq dərs"ləri dinləyiblər. Müsabiqə
olduqca obyektiv və ciddi keçirilib, həmin müsabiqədə
Elbəyi müəllimin komissiya və müsabiqə iştirakçıları
tərəfindən dinlənilən bütün dərsləri əla
qiymətləndirilib.
1988-ci ildə VIII Ümumittifaq pedaqoji mühazirələrində
fəal iştirakına görə Babək rayonu Gərməçataq kənd orta
məktəbinin müəllimi E.Maqsudov Azərbaycan Pedaqoji
Cəmiyyətinin, SSRİ Təhsil Nazirliyi və Pedaqoji Elmlər
Akademiyasının fəxri fərmanları ilə təltif olunub.
2008-ci ildə "Azərbaycan və türk dilinin müqayisəli
tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf
etdirilməsinə təsiri" (ali məktəblərin filologiya
fakültələrində) mövzusunda doktorluq dissertasiyası
müdafiə edib.
E.Maqsudovun elmi tədqiqatları Azərbaycan dilinin
mükəmməl öyrədilməsini, onun qohum və qohum olmayan
dillərlə qarşılıqlı-müqayisəli tədrisini, şagird və
tələbələrin linqvistik təfəkkürünün inkişafını,
dilimizin qrammatik qayda-qanunlarının şüurlu dərk
etdirilməsini və uzunmüddətli yadda qalmasını;
fənlərarası və dillərarası əlaqənin təlimdəki
əhəmiyyətini, onlardan istifadənin imkan və yollarının
metodik sistemini, öyrəncilərin məntiqi təfəkkürünün
formalaşdırılmasının müxtəlif aspektlərdən
işıqlandırılması məsələlərini əhatə edir.
E.Maqsudovun tədqiqatları Azərbaycan dilinin türk
dilləri ailəsindəki yerini, onun dərindən və
incəliklərinə qədər öyrənilməsinin əhəmiyyətini, ana
dilimizin digər dillərlə müqayisə, qarşılaşdırma
zəminində hərtərəfli mənimsədilməsinin səmərəliliyini
təmin edir.
Elbəyi Maqsudovun "Poetik-praktik Azərbaycan dili" adlı
dərs vəsaiti dövlət dilinin tətbiqi sahəsində poetik
dillə yazılmış ilk fundamental əsərdir. Əsər
məktəblilər, abituriyentlər, müəllimlər və xaricdə
yaşayan həmvətənlərimiz üçün əvəzsiz mənbədir. Vəsait
Təhsil Nazirliyi tərəfindən nəşr olunaraq məktəb
kitabxanalarına göndərilib. Azərbaycan dili
qrammatikasının tarixində ilk müəllifdir ki, poetik-
praktik qrammatika yaradıb. Bu əsərdə dilin bütün
bölmələri elmi, bədii və təcrübi şəkildə
poetikləşdirilib.
"Poetik-praktik Azərbaycan dili" kitabı böyük
intellektual düşüncə ilə ciddi elmi təfəkkürün
vəhdətindən yaranmış mükəmməl bir əsərdir. O, Azərbaycan
dilini həm sevdirəcək, həm də asan mənimsədə biləcək
bir elm nümunəsidir. Müəllifin bu əsəri 2014-cü ildə
Azərbaycan Respublikasının Elm üzrə Dövlət Mükafatı
Komissiyasına təqdim olunanlar siyahısında idi.
"Poetik-praktik Azərbaycan dili" kitabının 9 aprel
2012-ci il tarixdə geniş şəkildə təqdimatı keçirilib.
Keçirilən ilk təqdimatda akademik İsa Həbibbəyli əsər
haqqında öz fikirlərini belə ifadə edib: "Mən deyərdim
ki, "Poetik-praktik Azərbaycan dili" kitabı Elbəyi
Maqsudovun yaratdığı dil abidəsidir. Ana dili
abidəsidir, ana dili çırağıdır. İşıq saçır ana dilinə -
bütövlükdə ana dilimizin mühitinə, incəliklərinə,
dərinliyinə, zənginliyinə işıq saçır. Bu, çox böyük
zəhmətin nəticəsidir. Azərbaycanda, eləcə də dünyada ana
dili elminin qrammatikasını poetik dillə yaratmağa
girişən adamlar, ümumiyyətlə, azdır və ya yoxdur.
Dünyada barmaqla sayılacaq qədər azdır elmi poeziyaya
gətirənlər. Bu, çox ciddi bir işdir. Mən bunu
universitetimizin, dilçiliyimizin, metodikamızın, bizim
elmi mühitimizin böyük nailiyyəti hesab edirəm. Bu,
Azərbaycan dili elmində böyük nailiyyətdir".
E.Maqsudovun "Sözlər də insan kimidir" şeirlər kitabı,
"Cümlələrin söhbəti" adlı qrammatik poeması, "Durğu
işarələri" adlı birpərdəli mənzum pyesi və
poetikləşdirilmiş digər qrammatik nümunələri bədii
düşüncə ilə elmi-metodik təfəkkürün vəhdətindən
yaranmış, ana dilimizi sevdirə biləcək mükəmməl elmi,
bədii və praktik nümunələrdir. Belə poetik nümunələr
təhsilalanların dərin marağına səbəb olur, onları
yorğunluqdan qoruyur, bədii və məntiqi təfəkkürlərini
inkişaf etdirir, dərsdə gərəkli elmi diskussiya üçün
situasiya yaradır, motivasiya üçün əsas baza olur .
24 iyun 2002-ci ildən Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü olan Elbəyi (Sadiq)
Maqsudov "Ürək bir dünyadır", "Poetik türkəçarələr",
"Təmsillər" və s. kimi dəyərli poetik kitabların
müəllifidir.
Professor Əziz Əfəndizadə məktəbinin yetirməsi olan
E.Maqsudov 30 ildən çoxdur ki, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan
"Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalında
müəllimlərə kömək edə biləcək, şagirdlərdə maraq
doğuran, dil təlimi üçün aktual olan çox maraqlı
elmi-metodik məqalələrlə çıxış edir, qabaqcıl iş
təcrübəsini həmkarları ilə müntəzəm bölüşməyi bacarır.
O, Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, pedaqoji cəmiyyətlərin
müxtəlif fəxri fərmanları ilə təltif olunub. 1984-cü
ildən metodist müəllim kimi pedaqoji fəaliyyət göstərir.
Müntəzəm olaraq öz üzərində çalışan Elbəyi müəllim
Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı maraqlı
tədqiqatların müəllifidir. "Ana dili dərslərində
dillərarası əlaqədən istifadənin ümumi məsələləri", "XXI
əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan
testlər", "Azərbaycanca-türkcə, türkcə-azərbaycanca
qarşılıqlı dilçilik terminləri lüğəti" , "Dillərarası
əlaqə təliminin metodikası", "Dillərin müqayisəli
tədrisi: imkanlar və vasitələr", "Sözlər də insan
kimidir", "Azərbaycan dilinin Türkiyə türkcəsi ilə
əlaqəli tədrisi üçün çalışmalar", "Azərbaycan dilinin
tədqiqi və tədrisi məsələləri", "Poetik-praktik
Azərbaycan dili" kitablarının, "Cümlələrin söhbəti" adlı
qrammatik poemanın, "Durğu işarələri" adlı birpərdəli
mənzum pyesin və s. elmi-metodiki, bədii əsərlərin
müəllifidir.
2007-ci ildə "Azərbaycan Pespublikası qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif edilib.
Görkəmli alim müntəzəm olaraq beynəlxalq və respublika
miqyaslı elmi tədbirlərdə çıxışlar edir. Türkiyə,
Rusiya, İran, Özbəkistan və Pakistanda keçirilən
qurultay, konfrans və simpoziumlarda ana dilinin tədrisi
ilə bağlı elmi-metodik çıxışları yüksək səviyyədə
qarşılanıb.
Həmişə öz üzərində çalışan Elbəyi müəllim Azərbaycan
dilinin tədrisi metodikası ilə bağlı maraqlı
tədqiqatların müəllifidir. Onun 150-dən çox elmi
məqaləsi, 15 kitabı və 4 proqramı (magistr və bakalavr
hazırlığı üçün) nəşr edilib.
Elbəyi Maqsudovun dərin məzmunlu, həzin, lirik
şeirlərinə tanınmış bəstəkarlar tərəfindən bəstələnmiş
musiqilər müxtəlif dövlət tədbirlərində ifa edilib.
Bəstəkar Kamal Əhmədovun "Vətəndir", "Anacan",
"Rekviyem", "Zəfər marşı", Şəmsəddin Qasımovun "Ata",
Nazim Quliyevin "Naxçıvanlılar", Əqidə Ələkbərovanın
"Həbibə" və s. mahnıları belə uğurlu əsərlərdəndir.
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 17 yanvar
2008-ci il tarixli qərarı ilə "Fənlərin tədrisi
metodikası" kafedrasının müdiri, pedaqogika üzrə elmlər
doktoru Elbəyi Sadıq oğlu Maqsudova 2007-ci ildəki elmi
nailiyyətlərinə görə "İlin alimi" fəxri adı, 2014-cü
ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının qərarı ilə professor
elmi adı verilib.
E.Maqsudov 10-dan çox doktorant və dissertanta elmi
rəhbərlik edir.
Metodist dilçı-alim, pedaqoq-şair Elbəyi Sadıq oğlu
Maqsudovu 60 illik yubileyi münasibətilə təbrik edir,
ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini
|