Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Yetirmələri ilə fəxr edən müəllim

 

Böyütmək üçün seçinHər birimizin taleyində xüsusi rol oynayan insanlar olur. Biz həm də ictimai varlıq olduğumuzdan bəşəriyyətin min illər boyu topladığı və hər kəsin yaşaması üçün zəruri olan ictimai təcrübəni onların vasitəsi ilə əxz edirik. Belə insanların arasında müəllimlərimiz xüsusilə seçilir. Çünki bizim bir insan, şəxsiyyət kimi formalaşmağımız valideynlərimizlə bərabər, bəlkə də daha çox onların sayəsində mümkün olur. Məhz buna görə də hər kəs, hətta nəsillərə örnək olası dahi insanlar da hər zaman öz müəllimlərini böyük hörmət və izzətlə yad edirlər. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin müəllim haqqında dediyi "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram... Mən müəllimlərimi həmişə böyük hörmətlə xatırlayıram" sözlərini misal gətirmək, bizcə, müəllimin həyatımızdakı  böyük rolunu göstərmək üçün kifayət edər. Lakin çox sevdiyimiz və həmişə məhəbbətlərini qəlbimizdə gəzdirdiyimiz müəllimlərimiz içərisində bizə daha yaxın olanları da var. Bu, ibtidai sinif müəllimləri, ilk müəllimlərimizdir.

Bu yazıda da məhz onlardan biri - Bakı şəhəri 49 nömrəli "İntellekt" məktəb-liseyində işləyən Rəna Həsənova haqqında danışmaq istəyirəm. Biz fəaliyyətini bəyəndiyimiz, təqdir etdiyimiz müəllim haqqında adətən, "yaxşı müəllimdir" sözlərini işlədirik. Bu "yaxşı" sözünün altında isə onun biliyi, öyrətmək məharəti, bizə, ümumən uşaqlara olan münasibəti, sevgisi durur. Rəna müəllim də şəhərimizin yaxşı müəllimlərindəndir.

Rəna Həsənova 1973-cü ildə    Daşkəsəndə   S.Vurğun adına 4 nömrəli şəhər  tam orta  məktəbi bitirdikdən   sonra H. Zərdabi adına  Gəncə Dövlət  Pedaqoji  İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) ibtidai təhsilin pedaqogikası və metodikası   fakültəsinin qiyabi şöbəsinə   qəbul olub.  Elə həmin ildə də Daşkəsən rayonundakı Pionerlər evində ilk əmək fəaliyyətinə    başlayıb. 1975-1977-ci illərdə rayon komsomol komitəsində, 1978-1980-ci illərdə  vaxtilə təhsil aldığı  S.Vurğun adına 4 nömrəli şəhər tam orta məktəbində  çalışıb.  1981- ci ildən   bu günə  kimi  isə   Bakıdakı  49 nömrəli "İntellekt" məktəb-liseyində  ibtidai  sinif müəllimi işləyir.  Hazırda pedaqoji fəaliyyəti  elmi- metodik yaradıcılıqla  ustalıqla əlaqələndirən,  öz   işinə  məsuliyyətlə  yanaşan yaradıcı müəllimlərdəndir.  Həm də məktəbdə ibtidai siniflər üzrə metodbirləşmənin sədri və  Səbail rayonu üzrə isə  ştatdankənar metodistdir. 

Rəna Həsənova  tədris etdiyi fənləri dərs dediyi şagirdlərə  dərindən öyrətmək üçün tədris prosesində ən müasir təlim metodlarından, tədris resurslarından bacarıqla  istifadə edir. Dərs zamanı interaktiv təlim metodlarını  tətbiq etməklə tədris prosesini  maraqlı qurur.

O,  şagirdlərini  həyata düzgün hazırlanması işinin öhdəsindən  bacarıqla gəlir. Onların  təlim-tərbiyəsi ilə  əlaqədar olan problemli məsələlərin həllndə  valideynlərin köməyindən  düzgün istifadə edə bilir.

Həmçinin şagirdlərin hər birinə  fərdi yanaşmağa xüsusi diqqət  yetirir və  çalışır ki, onların hamısı dərsdə fəal iştirak etsin.

Söhbət  zamanı  Rəna Həsənova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün və əməkhaqlarının artırılması barədə  verdiyi  Sərəncamı yüksək  qiymətləndirdiyini,  dövlətimizin bu qayğısının onu daha da ruhlandırdığını söylədi.   

Bildirdi ki, dərs prosesində  şagirdlərin biliyinin   qiymətləndirilməsinə  xüsusi tələbkarlıqla  yanaşıram. Çalışıram ki, bu baxımdan şagirdin hüququ və mənəviyyatı əsas tutulsun,  pozulmasın.

Müəllimliyi həyatının mənası  hesab edən Rəna Həsənova şagirdlərlə işləməkdən qətiyyən yorulmur və ən əsası çətin tərbiyə olan uşaqlarla   daha tez  dil tapmağı  bacarır. Deyir  ki,  hər bir  müəllim  şagirdin öyrənməsi üçün bütün imkanlarından istifadə etməli və   bütün varlığı  ilə  həyatını dərs dediyi  şagirdlərin təlim-tərbiyəsinə  həsr etməlidir. Nəticədə şagirdlər də öz müəllimlərinin diqqət və qayğısını daim  hiss etməlidirlər. 

Elə buna   görə də Rəna Həsənovanı   vaxtı ilə  dərs dediyi şagirdləri  heç vaxt unutmur  və onlar   tutduğu vəzifədən asılı olmayaraq, öz müəllimlərini   böyük məhəbbətlə, minnətdarlıq hissi ilə  xatırlayırlar.

Rəna Həsənova  da  öz yetirmələri ilə  həmişə fəxr  edir.    Şərəfli müəllimlik işini uğurla davam etdirən R.Həsənova  bilir ki, gənc nəsli həyata hazırlamaq həm məsuliyyətli, həm də  müəllim  adına şərəf gətirən bir işdir.

Biz də Rəna Həsənovaya    pedaqoji fəaliyyətində  daha yeni  uğurlar arzulayırıq .  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov