Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Xarici xəbərlər

 

Rusiya hökuməti milli təhsil strategiyasını təsdiqlədi 

Sənəd uşaqların həyati maraqlarını əhatə edir  

Rusiya hökuməti uşaqlar üçün milli fəaliyyət  strategiyasının həyata keçirilməsi planını təsdiq edib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, tədbirlər planı uşaqların həyatı üçün  rahat və təhlükəsiz mühitin yaradılmasına yönəlib. RF hökumətinin saytında 2015-2017-ci  illər üçün milli strategiyanın mühüm müddəalarının həyata keçirilməsi üzrə sərəncam yerləşdirilib.  Strategiya planına   həyata keçirilməsi  nəzərdə tutulan  81 tədbir daxildir.  Nazirlər Kabinetinin açıqlamasında qeyd olunur ki,  tədbirlər  planı  Rusiyada uşaq hüquqlarının müdafiəsi sahəsində vəziyyətin təhlili və nəticələr nəzərə alınmaqla tərtib olunub.

Planda ailə siyasəti sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi, uşaqlı ailələr arasında yoxsulluğun azaldılması, uşaqlar üçün təhlükəsiz və komfortlu ailə mühitinin  formalaşdırılması, keyfiyyətli  təhsilin əlyetərliyinin təmin olunması, istedadlı uşaqların və gənclərin axtarılması və onların dəstəklənməsi, əlavə təhsilin inkişaf  etdirilməsi, uşaqlar üçün  informasiya təhlükəsizliyinin təmin olunması, uşaqların istirahəti və sağlamlığının təşkilinin yeni modelinin formalaşdırılması, uşaqların ictimai həyatda iştirakının genişləndirilməsi və onların maraqlarını  əks etdirən qərarların qəbul olunması, yeniyetmələrə qarşı zorakılıq hallarının qarşısının alınması nəzərdə tutulur.


Qızlar riyaziyyat sahəsində oğlanlardan üstündür 

Araşdırmalar bunu sübut edir 

ABŞ-ın Missuri Universitetinin alimləri tərəfindən aparılmış tədqiqatların gedişində məlum olub ki,   dünya ölkələrinin  70 faizində  qızlar  riyaziyyat  və  təbiət elmləri sahəsində oğlanlara nisbətən daha çox uğur qazanıblar. Tədqiqatlarda standart imtahanların PISA qiymətləndirməsinin nəticələri və məlumatları nəzərə alınıb. "Müəyyən olunub ki, hətta qadınların hüquqlarının məhdudlaşdırıldığı bir sıra ölkələrdə belə qızlar oxu,  riyaziyyat, təbiət elmləri sahəsində oğlanları üstələyirlər",-deyə alimlər bildirirlər.  Bununla  belə, texnoloji kompaniyaların işçiləri arasında qadınların sayının az olması da  sual doğurur. Alimlər hesab edirlər ki, bunun səbəbini tədris texnologiyalarının özündə axtarmaq lazımdır, çünki  qızların əksəriyyəti bəzi arqumentlərə görə texniki ixtisaslardan imtina edirlər.  Tədrisin konsepsiyasını  dəyişmək kifayətdir ki, texniki təhsil hamı  üçün maraqlı olsun.  Misal üçün, Kaliforniya Universiteti kompüter elmləri üzrə yeni kursların təqdimatını  keçirib, burada əsas ağırlıq layihə işlərinə  verilib. Nəticədə bu kurslara yazılan qızların sayı oğlanların sayından çox olub.


 Ukrayna ali təhsil sistemində köklü dəyişikliklər olacaq 

Universitetlər Amerika standartlarına keçir 

Ukraynanın Təhsil və Elm Nazirliyi ölkənin ali təhsil sistemində köklü dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutan layihə hazırlayıb.   "Uçitelskaya qazeta"nın məlumatına əsasən,  "2020-ci ilədək ali təhsil sahəsində islahatlar Strategiyası" layihəsinə  müvafiq olaraq  Ukrayna ali məktəblərində tələbələr üçün büdcə yerləri  və  ixtisasların  sayı kəskin şəkildə azalacaq.  Ukrayna ali məktəbi isə bütövlükdə Amerika ali təhsil standartlarına tam uyğun olacaq.   Strategiyanın layihəsində göstərilir ki, bu sənədin hazırlanması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ hökumətinin dəstəyi ilə ərsəyə gəlib.

  Layihənin icrasına  2017-ci ildən başlanılacaq. Nazirlik ali məktəblərdə tədris olunan ixtisasların sayını 150-dən 60-80-ə qədər azaltmaq niyyətindədir. Yaxın ixtisasların  birləşdirilməsi  nəzərdə tutulur ki,  bunun da nəticəsində  pedaqoji heyətin ixtisarı qaçılmaz olacaq.  "Ölkə iqtisadiyyatı üçün zəruri olan ixtisaslar qalacaq. Bəzi yaxın ixtisaslar birləşdiriləcək.  Lakin hələ ki, konkret siyahı yoxdur, bu məsələ  ali məktəb rəhbərləri ilə müzakirə ediləcək", - deyə Ukrayna Təhsil və Elm Nazirliyinin ali təhsil departamentinin direktor müavini Nikolay Fomenko bildirib.  Bundan başqa, ali məktəblərin dövlət maliyyələşdirilməsi sisteminin   tamamilə dəyişdirilməsi nəzərdə tutulur. İndi dövlət  yalnız milli təhlükəsizlik, müdafiə, polis, pedaqogika kimi ölkə üçün ən  zəruru olan mütəxəssislərin hazırlanmasını maliyyələşdirəcək.   Bu zaman tələbə, universitet və bank arasında üçtərəfli müqavilə imzalanacaq.

 Büdcə vəsaitlərinə qənaət olunması məqsədilə adi təqaüdlərin  ləğv olunması nəzərdə tutulub. Strategiyaya əsasən, təqaüd yalnız ali məktəbin daxili reytinqi üzrə ən  yaxşı tələbələrə ödəniləcək. Təqaüd yaşayış minimumuna bərabər məbləğdə dövlət tərəfindən tələbənin təhsil alması və yaşamaq haqqını təmin edəcək. Daha bir yenilik xarici müəllimlərlə bağlıdır.  Universitetlərin hər bir kafedrasında ən azı bir əcnəbi müəllim işləməlidir.  2020-ci ildə isə Ukrayna ali məktəblərində hər beş müəllimdən biri  əcnəbi olmalıdır.


Massaçusets Texnologiya İnstitutundan daha bir yenilik 

MTİ  tədris kurslarını açıq istifadəyə çıxarır 

Bütün dünyada tədris texnologiyaları sahəsində məşhur olan Amerikanın Massaçusets  Texnologiya  İnstitutu (MTİ)  öz  mühazirə  materiallarını  açıq istifadəyə çıxarır.   MTİ-nin tədris  materialları pulsuzdur.  Universitet  öz  ideyalarını  tələbələrin açıq istifadəsinə  çıxarmaqla keyfiyyətli və praktik təhsil verməyi  nəzərdə  tutub. Universitetin saytında təhsil kursları üçün  pulsuz pəncərə (http://ocw.mit.edu/index.htm)  açılıb. Resursda  mühazirə və seminarların materialları mətn,  videoçarxlar və audioyazılar şəklində yerləşdirilib. Biliklərdən istifadə etmək üçün ingilis dilini yaxşı bilmək vacibdir. 

 


Dünyanın ən yaşıl universitetlərinin reytinqi açıqlanıb 

Məqsəd ekoloji problemləri diqqətdə saxlamaqdır 

İndoneziya Universitetinin hazırladığı reytinqdə (UI Green Metric Ranking of World Universities 2014)  məqsəd akademik ictimaiyyətin diqqətini  ekoloji  problemlərin həllinə yönəltməkdir.  Tərtibçilər dünyanın  62 ölkəsində  360  ali məktəbi gözdən keçiriblər.  Reytinq tərtib olunarkən universitet kampuslarının  təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri,  kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasətinə, su resurslarından rasional qaydada  istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər  və  ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. təhlil olunub.  Beləliklə də dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin ilk onluğunda aşağıdakı ali məktəblər yer alıb: 1.University of  Nottingham ( Böyük Britaniya), 2.University College Cork ( İrlandiya), 3.Nottingham Trent University (Böyük Britaniya), 4.University of  California, Davis (ABŞ), 5.University of  Oxford (Böyük Britaniya), 6.University of  Bradford (Böyük Britaniya), 7.University of  Connecticut (ABŞ),  8.Universitat  fur  Bodenkultur Wien (Avstriya),  9.University of  California, Berkeley (ABŞ), 10.Northeastern University (ABŞ).


İspaniyalı qadın uşaqlara 10 milyon avro hədiyyə edib 

Bütün vəsait təhsilə xərclənəcək  

 İspaniyalı yaşlı qadın Virciniya Peres Buendiya  10 milyon avroluq  varidatını  uşaqlara hədiyyə edib.  Bu günlərdə paytaxt Madrid şəhərində vəfat etmiş qadın  ailəsi olmadığına görə  uzun illər un istehsalından əldə etdiyi 10 milyon avronu  doğulduğu  kəndin  uşaqlarının təhsilinə xərclənməsini vəsiyyət edib.  Yaşlı qadın 86 yaşında öz mənzilində vəfat edib. Onun meyiti  ölümündən bir ay sonra  aşkar olunub.  Şəhər hakimiyyət orqanları  hesab edir ki, qadın ürək tutmasından dünyasını dəyişib.

 Şəhər meri mərhumun səxavətli hədiyyəsindən çox  təəccüblənib.  Qoca qadın bütün mirasını  kasıb ailələrdən olan və təhsildə uğurları ilə seçilən  gənclər üçün  qoyub.  Qadın istəyib ki,  onların  öz  təhsillərini davam etdirmələri  üçün şansları olsun.

"The Local " qəzetinin yazdığına görə, V.Buendiya çox sadə və tənha həyat sürüb. "Lakin o göstərib ki, böyük ürəyi var.  O, öz  şəhərinin gələcəyi haqqında düşünüb" - deyə şəhər meri bildirib.

 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov