Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

"Xaricdə təhsil almaq uşaqlıq arzum idi"

 

Böyük  Britaniyanın Oksford Universitetinin tələbəsi Cahangir Məmmədovla  söhbət 

Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
 

Cahangir Arif oğlu Məmmədov 1991-ci ildə Ağsu şəhərində anadan olub. Orta məktəb təhsilini Bakı Özəl Türk Liseyində bitirib.  Respublika üzrə bir çox fənn yarışmalarının qalibi olub.  Ali məktəblərə keçirilən qəbul imtahanlarında II qrup üzrə 660 bal toplayıb. 2011-2014-cü illər ərzində Böyük Britaniyanın Mançester Universitetində kompüter elmləri üzrə bakalavr təhsili alıb.  Ali təhsilin ilk pilləsini yüksək nailiyyətlərlə başa vurub.  Hazırda isə  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində kompüter elmləri  ixtisası üzrə magistr təhsili alır. 

- Xaricdə təhsil almağa necə qərar verdiniz? 

- Xaricdə təhsil almaq uşaqlıq arzum idi. Ailəm və müəllimlərim hər zaman məndən yüksək nəticələr, gözəl tərbiyə və yoldaşlarıma örnək olmağımı tələb edirdilər. Qərarımı demək olar ki, uşaqlıq illərimdən onlar formalaşdırıblar.   Bu yolda addımlamağımda əməyi keçən hər kəsə, ən əsası da    valideynlərimə və müəllimlərimə dərin minnətdarlığımı bildirirəm.

Mən ikinci dəfə idi ki, Dövlət Proqramına sənəd verirdim. Budəfəki seçim prosesi əvvəlkindən bir çox amillərə görə fərqlənirdi. Çünki  bütün  bu prosesdə iştirak edən mütəxəssislərin peşəkarlığı  göz  qabağında idi.  Dövlətin gənclər siyasəti haqqında sadəcə olaraq onu demək istərdim ki, Azərbaycanın inkişafında düzgün strategiyanı tətbiq etdiyinə və biz gənclərə böyük diqqət və qayğı göstərdiyinə görə  cənab  Prezidentimizə dərin  minnətdarlığımı bildirirəm. 

- Mütaliə edirsinizmi? Kitablara münasibətiniz?

-  Təəssüf ki, mütaliə etməyə çox vaxtım olmur. Adətən dünyada baş verən iqtisadi-siyasi proseslərlə bağlı məqalələri oxumağı xoşlayıram.   Kitablara münasibətim çox yaxşıdır.  Bu müsahibəni oxuyacaq  dostlarıma onu məsləhət görərdim ki, daha çox düşündürücü kitablar, dərin fəlsəfəsi olan əsərlər oxusunlar.

-  Niyə  məhz Oksfordu seçdiniz?

- Oksford, Kembric, Harvard  və bu qəbildən olan digər  universitetlərin fərqi   ondan ibarətdir ki, burada sadəcə elm öyrədilmir. Bu mühit insana fərqlilik, özünü vacib hiss etmək, insanlarla münasibət, adət-ənənə, liderlik və mədəniyyət öyrədir.  Buraya  gəldikdən sonra bir daha belə qənaətə gəldim  ki, Oksford digərlərindən fərqlidir və fərqli insanların toplaşdığı bir mühitdir. 

-  Tələbələrin elmi tədqiqatçılıq fəaliyyətinə cəlb olunması barədə nə deyə bilərsiniz?

- Oksford Universitetinin təxminən 22 min tələbəsi var, onlardan 10 mini magistratura və doktorantura pilləsində təhsil alır. Bu da universitetin daha çox elmi-tədqiqat institutlarından təşkil olunduğunun göstəricisidir.

Oksfordda oxuyan hər bir tələbə tədqiqatla məşğul olur. Universitet tələbələrinə elm öyrətməkdən daha çox elmi necə öyrənməyi öyrədir. Bu da tələbələrdə oxuduqları hər şeyi araşdırmağa maraq yaradır.

Universitet və biznes əməkdaşlığı barədə onu deyə bilərəm ki, bu çoxtərəfli tərəfdaşlığa soykənir. Əgər kəşf olunan yeni elmi məhsul real həyatda, yəni biznesdə tətbiq oluna bilərsə, amma tətbiq olunmursa, o zaman, ya bu yenilik dövrün tələbindən daha irəlidədir ya da kifayət qədər lazımsızdır. Ona görə də universitetlərin hər zaman biznes tərəfdaşlığına ehtiyacı var. Məsələn, bir çox məşhur və uğurlu şirkətlər Oksforda investisiya yatırır ki, öz biznesləri üçün yeniliklər araşdırılsın. Onlar həmin bu yenilikləri bizneslərinə tətbiq edib qoyduqlarından daha çoxunu götürə bilirlər.

- Universitetin bunda xeyiri nədir?

-  Birincisi, bu,  universitetin əsas maliyyə qaynaqlarından biridir. İkincisi,  universitetdə bir çox doktorant üçün əlavə yerlər açılır. Üçüncüsü,  kəşf universitetin kəşfi sayılır, şirkətin yox. Dördüncüsü,  universitetin reytinqi daha da artır. Universiteti nüfuzlu edən onun elmi tədqiqatlarıdır.  Ona görə də biz çalışmalıyıq ki, Azərbaycan universitetləri daha çox tədqiqatla məşğul olsunlar.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız?  

- Şübhəsiz ki, xaricdə oxuyan gənclərimiz  bir az fərqli düşüncəyə malik olmalıdırlar.  Çoxlu pul qazanmaq, yaxşı maşın, ev sahibi olmaq üçün oxumaq prinsipi onlardan uzaq olmalıdır. Onlar  Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə, proqramın məram və amalına uyğun təhsil alaraq yaxşı mütəxəssis kimi ölkəmizin davamlı inkişafına töhfə verməyi ən müqəddəs vəzifə hesab etməlidirlər.  Fikrimcə,  xaricdə  təhsil proqramı  cənab Prezident tərəfindən Azərbaycan xalqı üçün edilmiş ən böyük yaxşılıqdır. Dövlət başçısının  və xalqın etimadını doğrultmaq lazımdır.

- Azərbaycan universitetlərinin  dünyanın reytinqli ali məktəbləri arasında yer alması hamımız üçün sevindirici olardı. 

- Yaxşı sualdır.  Bunun üçün biz dünyanın top 10 və ya top 20 ölkəsi arasında  yer almalıyıq.    Məlum  olduğu kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyasının ən başlıca prioritet hədəflərindən biri Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması, elm və innovasiyalara əsaslanan, yüksək keyfiyyətli təhsil sisteminə malik  yeni cəmiyyət quruculuğudur.  Ölkəmizin və təhsil sistemimizin inkişafı   və  beynəlxalq rəqabətqabiliyyətinin artması sayəsində milli universitetlərimiz də dünya reytinqlərində yüksək yer ala bilər.

- Bir neçə kəlmə seçdiyiniz ixtisas  barədə.

-  Seçdiyim ixtisas elə bir ixtisasdır ki, hər cəhətdən Azərbaycana xeyir verə bilər.  Çünki nəinki  öz sənayesi var,  hətta  digər sənayelərin  də əsas  aparatı mühəndisliyin  bu  qolu ilə  bağlıdır.  Bu elmsiz  nə bir müəssisə, nə bir sistem və ya nə bir gündəlik həyat fəaliyyətini təsəvvür etmək olmaz.  O  hər  yerdədir  və sənayenin inkişafı böyük miqyasda  ondan  asılıdır.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov