Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Səmərəli əməkdaşlıq əlavə təhsilin başlıca amili kimi

 

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda  təhsilin keyfiyyətinin  yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr  hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin  karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü  Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülüb. Strategiyanın reallaşdırılması təhsilin məzmununun  mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə  mexanizmlərinin, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına  zəmin yaradacaqdır.

Sürətlə modernləşən Azərbaycanda təhsilin strateji hədəfləri sırasında insan kapitalının inkişafına şərait yaradan səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara  əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sisteminin formalaşdırılması ön planda durur. Təhsil sahəsində çalışanların bilik, bacarıq və kompetensiyalarının daim inkişaf etdirilməsini nəzərdə tutan, müasir, innovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanmasına xidmət edən infrastruktur yaradılması üçün mövcud reallığın təhlili, cari və perspektiv hədəflərin müəyyənləşdirilməsi, maraqlı tərəflər arasında səmərəli əməkdaşlığı təmin edən daimi və işlək əlaqələrin qurulması bu gün  hər bir təhsil  müəssisəsinin başlıca vəzifələrindəndir.

Ölkəmizdə pedaqoji kadrların əlavə təhsilini həyata keçirən təhsil müəssisələri arasında Azərbaycan Müəllimlər İnstitutu (AMİ) özünəməxsus yer tutur. İnstitutda pedaqoji kadrların əlavə  təhsilinin təşkilində aşağıdakılara xüsusi diqqət yetirilir:

-əlavə təhsilin məzmununun daim yeniləşdirilməsi əsasında çevik tədris-tematik planların  tətbiq olunması;

-maraqlı tərəflərlə (sifarişçi təhsil müəssisələri, tədris-baza müəssisələri, elmi-tədqiqat, təhsil müəssisələri , ayrı-ayrı vətəndaşlar və s.) qarşılıqlı müqavilələrin bağlanılması;

-mövcud infrastrukturun maddi-texniki bazasının zənginləşdirilməsi və  müasir texnologiyalarla işləməyi bacaran peşəkar təlimçi-mühazirəçi korpusunun yaradılması;

-təlimçi-mühazirəçilərin seçilməsində  Təhsil Nazirliyi əməkdaşlarının, Təhsil Problemləri İnstitutunun, AMEA-nın, ali məktəblərin, Bakı şəhərinin qabaqcıl məktəb rəhbərlərinin  və fənn müəllimlərinin iştirakının təmin olunması;

- "dinləyici dinləyici qarşısında"  məşğələlərinin təşkil olunması;

- tədris-baza müəssisələri  ilə əlaqələrin səmərəliliyinin artırılması;

- təhsilin aktual məsələlərinin müzakirəsinə həsr olunmuş konfrans, müzakirə, "dəyirmi masa" və treninqlərin təşkil olunması və s.

2014-2015-ci tədris ilində  Azərbaycan Müəllimlər İnstitutu 150-dən artıq müəssisə ilə (rayon icra hakimiyyəti, R(Ş)TŞ, kollec, peşə liseyi və məktəbi, respublika tabeli lisey və gimnaziyalar, ali məktəblər) qarşılıqlı müqavilə bağlamışdır. Tədris ilinin birinci yarısında  23 kateqoriya üzrə 886 nəfər  rəhbər  və digər pedaqoji kadr  üçaylıq, ikiaylıq, 24 günlük, 12 günlük, 10 günlük və 6 günlük təlimlərə cəlb olunmuşdur. Məşğələlərin səmərəliliyini və müasirliyini təmin etmək üçün  İKT ilə təchiz olunmuş 8  auditoriya, 1 treninq  mərkəzi,  elektron lövhə ilə təchiz olunmuş 3 auditoriya təlimçilərin və dinləyicilərin istifadəsinə verilmişdir. İKT ilə təchiz olunmuş auditoriyaların əksəriyyəti internetə qoşulmuşdur.

Əlavə təhsilin təcrübi əhəmiyyətini təmin etmək üçün  Təhsil Nazirliyinin təcrübə və elmi-tədqiqat bazaları kimi  instituta təhkim etdiyi təhsil müəssisələrində təcrübə və stajkeçmənin təşkilinə xüsusi diqqət yetirilir. Cari tədris ilində  Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti  arasında imzalanmış memoranduma uyğun olaraq ixtisasartırma təhsili dinləyiciləri Qafqaz Universitetində təcrübə mübadiləsində olub, maraqlı təqdimat və mühazirələrdə iştirak ediblər. Bakı şəhərinin qabaqcıl ümumtəhsil məktəblərində, ilk peşə-ixtisas təhsili müəssisələrində  təşkil edilən təcrübə məşğələlərinin də səmərəliliyi artır.

Dinləyicilər qarşısında institutun professor-müəllim heyəti ilə yanaşı, Milli Məclisin üzvləri professor Musa Qasımlı, professor Rasim Musabəyov, Təhsil Nazirliyinin nümayəndələri Faiq Şahbazlı, Afət Süleymanova, akademik Vaqif Abbasov, professor Əhməd Qəşəmoğlu (AMEA),  akademik Vasim Məmmədəliyev, professor Hikmət Əlizadə, dosent Solmaz Sadıqova (Bakı Dövlət Universiteti), professor Fuad Məmmədov (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), polkovnik Fuad Əliyev (Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi), professor Ramiz Əliyev, dosent İlham Əhmədov (Azərbaycan Dövlət Pedaqoji Universiteti),  Vidadi Bağırov, dosent Sərvər Qurbanov (Qafqaz Universiteti), dosent Akif Əliyev, Ceyhun Məmmədyarov, Elxan Cəfərov (Təhsil Problemləri İnstitutu),  professor Çingiz Bədəlov (Bakı Slavyan Universiteti), dosent Vidadi Bəşirov (Azərbaycan Dillər Universiteti), Şahin Rəcəbov (Valideyn-Müəllim Assosiasiyası), Tamilla İsmixanova (Respublika  Elmi Pedaqoji Kitabxanası), Şahnaz Tahirova (Milli Kitabxana) mühazirə oxumuşlar.

İxtisasartırma təhsilinə gələn dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların Heydər Əliyev Mərkəzində, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Xalq Təhsili Muzeyində məqsədli ekskursiyaları təşkil olunmuşdur. İnstitutun mehmanxana tipli yataqxanası, kitabxana və oxu zalı, bufet və yeməkxanası da  dinləyiciləri razı salır.

Tədris ilinin birinci yarısının  nəticələri institutda geniş müzakirə edilmiş, qazanılmış təcrübə və yol verilmiş nöqsanlar təhlil olunmuş, perspektivlər müəyyənləşdirilmişdir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı  Fəaliyyət Planının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin  2015-ci il 19 yanvar tarixli Sərəncamı respublikanın təhsil ictimaiyyəti kimi institutumuzda da işgüzar əhvali-ruhiyyəni canlandırmışdır. İnanırıq ki, Azərbaycan Respublikasının gələcək taleyində təhsilin çəkisinin önəmli rolunun artdığı indiki dövrdə  Azərbaycan Müəllimlər İnstitutu öz potensial imkanlarından daha da səmərəli istifadə edəcək, səriştəli və  peşəkar təhsilverənlərin formalaşmasında əhəmiyyətli rol oynayacaqdır. 

Rahim ƏZİZOV,
Azərbaycan Müəllimlər İnstitutunun  əlavə təhsil üzrə prorektoru,
pedaqogika üzrə fəlsəfə doktoru,

Nazir MƏMMƏDOV, 
əlavə təhsil fakültəsinin baş metodisti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov